Vergiler.az

Xanbaba Quliyev

Auditorlar Palatasının üzvü
Sadələşdirilmiş vergi bəyannaməsi

Hüquqi şəxslər üzrə 1№-li Əlavənin tərtib olunmasında mühasibat uzotu məlumatlarının düzgün yerləşdirilməsi

Hörmətli oxucular, qəzetin əvvəlki saylarında sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxsin illik yekunlaşmış memorial order cədvəli, balans-dövriyyə cədvəli və sadələşdirilmiş vergi bəyannaməsinə Əlavəni əks etdirən cədvəl göstərilmişdir. Həmin cədvəllərin aşağısında verilən izahları oxumağınız daha məqsədəmüvafiq hesab edilir. İndi isə Əlavənin hər bir sətrinin hansı mühasibat uçotu hesabının məlumatlarına istinad edilməklə tərtib olunmasına daha geniş formada diqqət yetirək.

Sətir 1.1.2 «Maşınlar, avadanlıqlar və hesablama texnikası» üzrə «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «silinmişdir» xanasında göstərilən 1424 manat məbləğ hesabat ili üçün həmin kateqoryia üzrə əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğidir və ya 02№-li balans hesabının kredit dövriyyəsidir (DB20 - KR02 ikili yazılışı). Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 5696 manat isə həmin kateqoriya üzrə əsas vəsaitlərin hesabat ilinin sonuna qalıq dəyəridir və ya 01№-li hesabın ilin sonuna qalıq dəyəri çıxılsın 02№-li hesabın ilin sonuna qalıq dəyərinə bərabərdir.

Sətir 1.3.1 «Hazır məhsul» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 13195 manat məbləğ istehsalatdan daxil olmuş hazır məhsulun maya dəyəridir və ya 40№-li balans hesabının debet dövriyyəsidir (DB40 - KR20 ikili yazılışı). Bu sətrin «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «təqdim edilmişdir» xanasında göstərilən 11876 manat satılmış hazır məhsulun maya dəyəridir və ya 40№-li balans hesabının kredit dövriyyəsidir (DB46 - KR40 ikili yazılışı). Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 1319 manat isə 40№-li hesabın ilin sonuna qalığıdır.

Sətir 1.3.3 «Bitməmiş istehsal» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 13195 manat məbləğ ümumi istehsal xərclərinin yekunudur və ya 20№-li balans hesabının debet dövriyyəsidir (DB20 - KR02, 10, 60, 68, 69, 70 ikili yazılışları). Bu sətrin «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «silinmişdir» xanasında göstərilən 13195 manat məbləğ istehsalatdan çıxarılan hazır məhsulun maya dəyəridir və ya 20№-li balans hesabının kredit dövriyyəsidir (DB40 - KR20 ikili yazılışı).

Sətir 1.3.4 «Sair ehtiyatlar» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 8850 manat məbləğ alınmış material və az qiymətli əşyaların mədaxil (alış ustəgəl çatdırılma) dəyəridir və ya 10№-li və 12№ balans hesablarının debet dövriyyəsidir (DB10 - KR60 və DB12 - KR60 ikili yazılışları). Bu sətrin «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «silinmişdir» xanasında göstərilən 7780 manat məbləğ istehsalata verilmiş materialların maya dəyəridir və ya 10№-li balans hesabının kredit dövriyyəsidir (DB20 - KR10 ikili yazılışı). Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 4950 (4520 + 430) manat isə 10№-li və 12№-li hesabların ilin sonuna qalıqlarıdır.

Sətir 1.4.2 «Sair debitor borcları» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 13500 manat məbləğ alıcılara satılmış hazır məhsulun satış dəyəridir və ya 62№-li hesabın debet dövriyyəsidir (DB62 - KR46 ikili yazılışı). Həmin sətrin «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «silinmişdir» xanasında göstərilən 13200 manat isə satılmış mallara görə alıcılardan daxil olmuş pul vəsaitləridir və ya 62№-li balans hesabının kredit dövriyyəsidir (DB51 - KR62 = 6700 manat və  DB50 - KR62 = 6500 manat ikili yazılışları). Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 780 manat isə alıcıların onlara satılmış mallara görə debitor borc qalığıdır və ya 62№-li hesabın ilin sonuna qalığıdır.

Sətir 1.5.1 «Pul vəsaitləri» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 15000 manat məbləğ pul hesablarına daxil olan pul vəsaitləridir və ya 50№-li və 51№-li hesabların debet dövriyyəsidir (DB51 - KR62, DB50 - KR62, DB50 - KR64 ikili yazılışları). Lakin balans-dövriyyə cədvəlinə diqqət yetirsək görərik ki, pul vəsaitləri üzrə debet dövriyyəsinin yekun məbləği 20210 (9610 + 10600) manatdır. Əlavədə daxil olan vəsait isə 15000 manat, yəni 5210 (20210-15000) manat az göstərilmişdir. Çünki azaldılan 5210 manat məbləğ (DB51 - KR50 = 3900 manat üstəgəl DB50 - KR51 = 1200 manat üstəgəl DB50 - KR71 = 110 manat ikili yazılışları) bir pul hesabından digər pul hesabına keçirilən (yeri dəyişdirilən) məbləğlər olduğuna görə nəzərə alınmamışdır. Bu sətrin «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «silinmişdir» xanasında göstərilən 14040 manat isə pul hesablarından məxaric olan pul vəsaitləridir və ya 50№-li və 51№-li hesabların kredit dövriyyəsidir (DB60, 68, 69, 75, 92 - KR51, DB60, 70 - KR50 ikili yazılışları). Burada da diqqət yetirsək görərik ki, balans-dövriyyə cədvəlində pul vəsaitləri (50№-li və 51№-li hesablar) üzrə kredit dövriyyəsinin yekun məbləği 19250 (9700 + 9550) manatdır və Əlavədə silinmiş vəsait kimi göstərilən 14040 manat məbləğ də 19250 manat məbləğdən debet dövriyyəsində olduğu kimi, proporsional olaraq,  5210 manat azdır. Səbəbi isə yuxarıda göstərilib. Əlavənin bu sətrinin  «silinmişdir» xanasında göstərilməli olan 14040 manat məbləği riyazi hesablama nəticəsində də tapmaq olar: ilin əvvəlinə pul hesabları üzrə qalıq 1500 manat üstəgəl dövr ərzində daxil olmuş pul vəsaitləri 15000 manat çıxılsın hesabat dövrünün sonuna pul vəsaitlərinin qalıqları 2460 manat = 14040 manat. Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 2460 manat isə ilin sonuna 50№-li və 51№-li pul hesablarında olan qalıqlardır.

Xanbaba Quliyev
9.5 MB