Vergiler.az

Asəf Əsədov

Müasir audit sisteminin əsasını e-audit təşkil edir

 

Asəf ƏSƏDOV,

vergilər nazirinin müşaviri

 Auditin planlaşdırılması və audit testlərinin rolu

Vergi ödəyicisinin səyyar vergi yoxlamasının planlaşdırılmasında ilk olaraq audit testlərinin hazırlanması mərhələsi mütləq qaydada həyata keçirilməlidir. Audit testləri, sahə spesifikliyini nəzərə almaqla, 3 əsas qrupa bölünür:

A)  Hesabatların uyğunluğu

      testləri (Compliance Tests)

B)  Auditin tamlığı testləri

      (Completeness Tests)

C)  Auditin düzgünlüyü

      testləri (Correctness Tests)

 Hesabatların uyğunluğu testlərinin əsas məqsədi - audit məqsədilə seçilmiş vergi ödəyicisinin:

· baş kitabında (General Ledger) və qalıq-dövriyyə cədvəlində (Trial Balance) ayrı-ayrı hesablar üzrə qeydə alınmış əməliyyatların yoxlanılan müddətdə cəmləşdirilmiş məbləğlərinin maliyyə hesabatlarında (ümumi balans, mənfəət və zərər hesabatı) bu hesabları cəmləşdirən göstəricilərin məbləğləri ilə uyğun gəlib-gəlməməsinin yoxlanılması;

· baş kitabın və maliyyə hesabatlarının göstəricilərinin vergi bəyannaməsinin müvafiq göstəriciləri ilə uyğun gəlib-gəlməməsinin yoxlanılması;

· yuxarı nəzarət orqanı üçün (Mərkəzi Bank, Maliyyə Nazirliyi və s.) hazırladığı hesabatların göstəricilərinin mövcud qanunvericilik normalarına uyğun gəlib-gəlməməsinin yoxlanılmasıdır.

Auditin tamlığı testlərinin əsas məqsədi - audit məqsədilə seçilmiş vergi ödəyicisinin:

w həyata keçirdiyi əməliyyatların baş kitabda, maliyyə və vergi hesabatlarında tam şəkildə əks etdirilməsinin yoxlanılmasıdır. Məsələn:

- müəssisənin əməkhaqqı cədvəlində müəssisədə çalışan bütün işçilərin tam şəkildə əks etdirilməsinin yoxlanılması;

- ticarət obyektində bütün satış əməliyyatlarının kassa aparatlarında qeydə alınmasının yoxlanılması;

- alınmış mallar üçün təsdiqedici sənədlərin (hesab-fakturaların, qaimələrin) olub-olmamasının yoxlanılması;

- alınmış malların anbara mədaxil və satılmış malların anbardan məxaric olmasının qeydə alınmasının yoxlanılması.

· qeyd edilmiş əməliyyatların olub-olmamasının yoxlanılmasıdır. Məsələn:

- malların alınması üçün baş kitabda qeydə alınmış əməliyyatların və kassadan məxaric edilmiş vəsaitlərin real malların anbara daxil olması ilə tutuşdurulması və real satıcıların olub-olmamasının yoxlanılması;

- ticarət obyektində gəlirin azaldılmasına səbəb olan bir sıra satılmış malların qaytarılması hallarının olub-olmamasının yoxlanılması;

- vergidən azad edilən əməliyyatların olub-olmamasının yoxlanılması.

Auditin düzgünlüyü testlərinin əsas məqsədi: audit məqsədilə seçilmiş vergi ödəyicisinin həyata keçirdiyi əməliyyatların baş kitabda, maliyyə və vergi hesabatlarında düzgün əks etdirilməsinin yoxlanılmasıdır. Məsələn:

- müəssisənin baş kitabına daxil edilmiş qeydlər üzərində hesabat dövrünün sonunda qeydə alınma tarixindən sonra düzəlişlərin edilməsinin yoxlanılması;

- müəssisədə çalışan işçilərin əmək­haqlarının düzgün hesablanmasının və qeydə alınmasının yoxlanılması;

- alınmış avadanlıqlar üzrə normalara əsasən amortizasiyanın düzgün hesablanmasının yoxlanılması;

- bankda verilmiş kreditlər üzrə faiz gəlirlərinin və cəlb olunmuş depozitlər üzrə faiz xərclərinin düzgün hesablanmasının yoxlanılması;

- gəlirin azalmasına səbəb olan satılmış malların bazar qiymətindən 30%-dən çox aşağı qiymətlə satılmasının yoxlanılması.

E-məlumatların planlaşdırılması, alınması  və ilkin təhlili

Vergi ödəyicisinin biznesinin başa düşülməsi və tələb olunan e-məlumatların dəqiqləşdirilməsi üçün ilkin tədbirlər aşağıdakılardan ibarətdir:

«Audit üzrə bilik bazası»

Müasir audit modelində auditorların sahə üzrə ixtisaslaşması əsas şərtlərdən biridir. Bu istiqamətdə işlərin yüksək səviyyədə təşkil edilməsi üçün «Audit üzrə bilik bazası» (ABB) yaradılmalıdır. Bunun formalaşdırılması məqsədilə analitiklər və auditorlar tərəfindən hər sahə (neft, maliyyə, istehsal, xidmət, ticarət, İT və telekommunikasiya, nəqliyyat və s.) üçün iqtisadi göstəricilər, statistik və digər məlumatlar davamlı şəkildə toplanmalı və sistemləşdirilməlidir. Bununla yanaşı, ABB-də hər sahə üzrə məlum olan vergidən­yayınma sxemləri, o cümlədən beynəlxalq təcrübə də nəzərə alınmaqla onların qarşısının alınması üçün istifadə edilən üsullar və texnologiyalar əks olunmalıdır. Hər sahə üzrə vergidən­yayınma simptomları ayrıca qeyd edilməlidir. Gələcəkdə ABB-yə sahə üzrə istifadəsi tövsiyə edilən audit testləri də daxil olmalıdır. ABB-nin yaradılmasının əsas məqsədi - audit məqsədi üçün seçilmiş vergi ödəyicisinin biznesinin auditor tərəfindən ilkin olaraq başa düşülməsi, bu bizneslə bağlı hansı vergidən­yayınma sxemlərindən istifadə edilməsi və onların göstəricilərinin nədən ibarət olması barədə suallara cavabın verilməsidir.

Analitik prosedurlar

Audit məqsədilə seçilmiş vergi ödəyicisinin ilkin təhlili ABB-nin məlumatlarından sonra analitik prosedurların tətbiqi ilə davam etdirilir.

Elektron auditin keyfiyyətli və nəticəli keçirilməsi üçün analitik prosedurların tətbiqi və nəzərəçarpan ilk risklərin təhlili zamanı ortaya çıxan suallar sonrakı auditin predmeti olmaqla yanaşı, vergi ödəyicisinin biznesinin xüsusiyyətlərini də anlamağa imkan verir. Bu halda, vergi orqanlarına təqdim edilən bəyannamələrin təhlil olunub nəticələrinin ümumiləşdirilməsi vacibdir. Vergi orqanlarına təqdim edilən bəyannamələr, habelə mənbəyi bəlli olan digər məlumatlar əsasında vergi auditindən əvvəl, əsasən, aşağıda göstərilən iki növ risklərin təhlili metodu mövcuddur:

a) Vertikal təhlil. Bəyannamələrin vertikal təhlili zamanı vergi ödəyicisi tərəfindən hər hansı dövr üçün təqdim edilmiş bəyannamə üzrə göstərilən xərclərin gəlirlərə nisbəti təhlil olunur. Bu zaman vergi ödəyicisinin balansında olan əsas vəsaitlərin dəyəri, aktivlərin məbləği bu nisbətlə tutuşdurulur. Eyni zamanda, audit məqsədilə seçilmiş vergi ödəyicisinin bəyannaməsində və maliyyə hesabatlarında əks olunan göstəricilərin maliyyə və iqtisadi nisbətləri (1.Mənfəət/aktivlər; 2.Mənfəət/kapital; 3.Satış/aktivlər; 4.Borc/aktivlər; 5.Ödənilmiş vergi/istehsal olmuş məhsulun həcmi; 6.Ödənilmiş vergi/məhsulun maya dəyəri və s.) bu sahədə çalışan analoji vergi ödəyicilərinin, xüsusilə vergi intizamı baxımından nümunəvi vergi ödəyicilərinin nisbətləri ilə müqayisə olunmalıdır. Hər hansı uyğunsuzluqlar aşkar edildikdə, onlar qeyd olunmaqla sonradan keçiriləcək audit zamanı aparılmış təhlillərin nəticəsində istifadə edilir.

b) Mütənasib təhlilin aparılması. Bəyannamələrin mütənasib təhlilinin aparılması zamanı vergi ödəyicisi tərəfindən bir neçə dövr üzrə təqdim edilmiş bəyannamələrdə göstərilən xərclərin gəlirlərə nisbətinin və orta göstəricilərin ayrı-ayrı dövrlər üzrə mütənasibliyi təhlil edilir. Mütənasib təhlil xüsusilə analoji vergi ödəyicilərinin olmadığı halda tətbiq edilməlidir. Belə təhlil vergi ödəyicisinin öz əvvəlki göstəriciləri baxımından kənarlaşmalara yol verdiyini göstərə bilər ki, bu hal ayrıca təhlil predmetidir. Bu zaman dövrlər üzrə aşkar edilən kənarlaşmalar qeyd olunmaqla aparılacaq yoxlama zamanı səbəbləri aydınlaşdırılır.

Müsahibə, mühasibat və İT sistemləri üzrə sorğular

Analitik prosedurları keçirərkən e-auditor müəssisənin rəhbərliyi ilə görüş planlaşdırmalı, bu məqsədlə xüsusi sorğulardan istifadə etməlidir. Müsahibə zamanı auditor tərəfindən vergi ödəyicisinin biznesinin, təşkilati işlərin sxeminin və iş proseslərinin başa düşülməsi davam etdirilir, əsas menecerlərlə tanışlıq yaranır. Məqsəd e-auditor tərəfindən vergi ödəyicisində daxili nəzarət sisteminin təşkilinin güclü və zəif tərəflərinin qiymətləndirilməsidir. Bu mərhələdə e-auditor vergi orqanında onunla birlikdə çalışan və vergi ödəyicisinin İT mütəxəssislərindən istifadə etməlidir.

Görüşlər zamanı və sorğuların təhlili nəticəsində e-auditor vergi ödəyicisinin ilkin aşkar olunmuş risklərinə və audit testlərinə uyğun olaraq tələb edilən e-məlumatların əldə edilməsi imkanlarını və vaxtını tam başa düşməlidir.

E-məlumatların alınması üçün tələbnamə forması

Göstərilən tədbirlər zamanı ilkin məlumatların toplanması nəticəsində e-auditor vergi ödəyicisinə səyyar vergi yoxlamasının keçirilməsi məqsədilə bildirişlə birlikdə e-məlumatların alınması üçün tələbnamə göndərir. Bu tələbnaməni alan vergi ödəyicisi tələbnaməyə əlavə edilmiş cədvələ uyğun şəkildə sahə spesifikasını nəzərə alaraq, 15 iş günü ərzində e-məlumatları təqdim edir və bu məlumatların dəqiqliyini təsdiqləyir. Tələbnaməyə əsasən, 15 iş günü ərzində istənilən e-məlumatlar vergi ödəyicisindən tələb edilən və vergi ödəyicisinin informasiya sistemlərində mövcud olan ilk və əsas e-məlumatlardır. Yoxlama zamanı əlavə məlumatlar, o cümlədən audit hesabatları, idarəetmə hesabatları və qərarları, təsdiqedici sənədlər və s. sənədlər də tələb edilə bilər.

«Yüksək insan inkişafı»na doğru daha bir addım

BMT-nin «İnsan İnkişafı Hesabatı»nda respublikamız siyasi, iqtisadi və ictimai sabitlik güstəricilərinə gürə yaxşı müvqeyə malik ülkə kimi qiymətləndirilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf  Proqramı   2013-cü ilə dair «İnsan İnkişafı Hesabatı»nı açıqlayıb. Hesabatda dünya ölkələrinin iqtisadi inkişaf və sosial göstəriciləri, vətəndaşların həyat səviyyəsi, yaşayış imkanları, sosial müdafiəsi, səhiyyə və tibbi xidmətlər üzrə göstəricilər, elm, təhsil, mədəniyyət, idman sahəsində vəziyyət, ekoloji mühit, ictimai sabitlik və digər sahələr üzrə araşdırmaların nəticəsində ümumi qiymətləndirmə müəyyən olunub. Azərbaycana insan inkişafı indeksinə görə dünya dövlətləri reytinqində 82-ci yer verilib. İnsan inkişafı indeksi təyin olunarkən çoxkomponentli göstəricilərə əsaslanılır. Müstəqil beynəlxalq ekspertlər tərəfindən hazırlanan hesabatda əhalinin yaşayışı və rifahı ilə bağlı bütün göstəricilər bu indeksdə öz əksini tapır. Yəni burada ölkənin siyasi, hüquqi, ictimai, sosial, iqtisadi parametrləri geniş şəkildə təhlil olunur. Makroiqtisadiyyatın bütün sahələri ilə yanaşı, demoqrafik durum, əmək ehtiyatları, sosial təminat, elm, təhsil, mədəniyyət, səhiyyə, ev təsərrüfatlarının vəziyyəti, ətraf mühit, infrastruktur, ticarət, xidmət, insanların məşğulluğu, yaşayış tərzi, istehlak bazarı və digər komponentlər bu indeksin təhlil olunan başlıca istiqamətlərini təşkil edir. Azərbaycan qeyd olunan parametrlərin əksəriyyəti üzrə son illər müsbət dəyişikliklərə nail olub.

BMT İnkişaf Proq­ramının eks­pert­lərinin qənaətinə görə, son 17 ildə Azərbaycan bir çox göstəricilər üzrə xeyli irəliləyişlər əldə edib. Ölkədə ÜDM-in artımı, insanların gəlir əldə etmək imkanlarının yaxşılaşması, məşğulluğun artırılması, yoxsulluğun səviyyəsinin azaldılması, vətəndaşların sosial rifah halının yüksəlməsi, onların keyfiyyətli təhsil, səhiyyə və sosial infrastruktur xidmətləri ilə əhatə olunması baxımından mühüm irəliləyişlər var. Bu illər ərzində insanların həyat şəraiti yaxşılaşıb, adambaşına düşən milli gəlir 400% artıb. Təhsil alan hər nəfərə düşən xərclər bir neçə dəfə yüksəlib. Hazırda respublikamızda yaşı 25-dən yuxarı olan kişilərin 95,7%-i, qadınların isə 90%-i ən azı orta təhsilə malikdir. Azərbaycanda əhalinin savadlılıq səviyyəsi 99,8% təşkil edir. Vətəndaşların informasiya-kommunikasiya texnologiylarından istifadəsində səmərəlilik 5-7 dəfə artıb. Qeyd olunan dövr ərzində ölkəmizdə insanların ömür uzunluğu da artıb. Gözlənilən ömür uzunluğu göstəricisində 5 il artım təxmin olunur. 2005-2012-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində  hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - son dövrlər öz iqtisadi inkişafı ilə Asiyanın iqtisadi nəhənglərinə çevrilən Çin və Hindistanı da arxada qoyub.

Respublikamızın qeyd olunan göstəricilər üzrə müsbət nəticələr əldə etməsinin başlıca səbəbləri ölkədə kompleks və davamlı islahatların həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan insan hüquq və azadlıqlarının qorunması, sistemli şəkildə demokratik islahatların miqyasının genişlənməsi, söz və fikir azadlığının inkişafı, vətəndaşların mənafeyinin qorunmasına xidmət edən davamlı tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatı şərtlərinin təmin edilməsi, sosial siyasətin dərinləşməsi və digər sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edib. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının hakimiyyətə inamı möhkəmlənməkdədir. Məsələn, sorğuya cəlb olunan respondentlərin 74%-dən çoxu Azərbaycan hökumətinə etibar etməklə yanaşı, özlərini  təhlükəsiz hiss etdiklərinin bildirirlər.

BMT ekspertlərinin qiymətləndirmələrinə görə, Azərbaycan region ölkələri arasında siyasi və iqtisadi sabitlik əmsalı ilə bərabər, ictimai sabitlik göstəricisinə görə də yaxşı mövqeyə malikdir. Ölkəmizdə hər 100 min nəfərə təxminən 2 qətl hadisəsi düşür, amma bu rəqəm MDB və qonşu ölkələrdə bir neçə dəfə yüksəkdir. Məsələn, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Türkiyə və digər ölkələrdə bu göstərici 5-7 əmsalı üzrə dəyişir.

BMT-nin İnkişaf Proqramının ekspertlərinin proqnozlarına görə, ölkəmiz qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi, insan kapitalının inkişafı, sosial infrastrukturun yaxşılaşdırılması və digər sahələrdə islahatları daha da sürətləndirməklə insan inkişafı indeksi üzrə daha yüksək nəticələr əldə etməyə nail ola biləcək və Azərbaycan «orta insan inkişafı» qrupundan  «yüksək insan inkişafı» ölkələri kateqoriyasına daxil olacaq.

Asəf Əsədov
8.5 MB