Vergiler.az

Asəf Əsədov

Müasir audit sisteminin əsasını e-audit təşkil edir


Asəf ƏSƏDOV,

vergilər nazirinin müşaviri


 (Əvvəli ötən sayımızda)

 Vergi ödəyicisinin Daxili Nəzarət Sisteminin (DNS) könüllü əməletmədə rolu və audit üçün vacibliyi

 

İnkişaf etmiş ölkələrdə vergi orqanlarının tətbiq etdikləri vergi auditi sistemlərində vergi ödəyicisinin Daxili Nəzarət Sisteminin (DNS) təhlili xüsusi rol oynayır ki, Azərbaycanda da audit sistemində bu yanaşma öz əksini tapmalıdır (Sxemə baxın). DNS-in auditor tərəfindən yoxlanması zamanı, əsasən, 3 sahəyə diqqət yetirilməlidir:

· maliyyə fırıldaqçılığına qarşı nəzarət siyasətinin və tədbirlər planının olub-olmaması;

· menecment tərəfindən işçi heyət arasında vəzifələrin (alış sifarişi, əməliyyatların mühasibat informasiya sisteminə daxil edilməsi, əməliyyatların təsdiq olunması, ödənişə icazənin verilməsi, ödənişlərin aparılması, anbara nəzarət funksiyalarının yerinə yetirilməsi) düzgün bölüşdürülməsi;

· informasiya mühasibat sistemində aparılmış əməliyyatların (satış, alış, əməkhaqqı ödənişləri, bank və kassa əməliyyatları, anbarda mal qalığı) tam qeyd olunmasına nəzarət, İT personalı və digər şəxslər tərəfindən kompüterdə verilənlər bazasına daxilolma, orada mühasibat qeydləri ilə bağlı icazəsiz düzəlişlərin edilməsinə nəzarət mexanizminin olub-olmaması.

DNS-nin yoxlanması faktiki olaraq auditorun informasiya sistemində saxlanılan və sonradan alınan e-məlumatların və hesabatların nə qədər etibarlı olub-olmadığını aydınlaşdırmağa imkan verir. Əgər vergi ödəyicisi tərəfindən aparılan mühasibat informasiya sistemi beynəlxalq mühasibat standartlarına (IFRS) cavab verirsə və yazılışların silinməsini və ya dəyişdirilməsini sistemin özündə izləmək olursa, onda bu sistemdə saxlanılan və sonradan e-auditor tərəfindən təhlil edilən e-məlumatlara da etibar etmək olar.

E-auditin keçirilməsi üçün hansı vergi ödəyiciləri daha uyğundur?

Vergi Məcəlləsinin 16.1.6-cı və 23.1.2-ci maddələrinə əsasən, e-audit - mühasibatı e-formatda aparan vergi ödəyicilərində aparılır. E-auditin aşağıdakı hallarda tətbiq edilməsi zəruridir:

· neft sektorunda işləyən beynəlxalq şirkətlər (podratçı və sub-podratçılar);

· müxtəlif ölkələrdə çoxsaylı filialları və əməliyyatları olan holdinq tipli yerli müəssisə və şirkətlər;

· e-kassa aparatları və POS-terminallar vasitəsilə çoxlu sayda e-əməliyyatlar aparan iri və orta ticarət, eləcə də xidmət obyektləri;

· bank, sığorta və lizinq şirkətləri;

· telekommunikasiya şirkətləri;

· e-ticarət üzrə ixtisaslaşmış şirkətlər;

· prosessinq mərkəzləri;

· kommunal xidmətlər göstərən enerji və su təminatı şirkətləri.

E-auditin vergi orqanları və vergi ödəyiciləri üçün üstünlükləri

¨ Həm vergi orqanları, həm də vergi ödəyiciləri üçün səyyar vergi yoxlamaları ilə bağlı vaxt sərfiyyatı dəfələrlə azalır.

¨ Vergi orqanları distant e-audit vasitəsilə eyni zamanda çoxlu sayda vergi ödəyicilərini yoxlaya və ancaq riskli vergi ödəyicilərində səyyar vergi yoxlamalarını davam etdirə bilərlər.

¨ İntizamlı vergi ödəyicilərinin sosial, kommersiya prestiji artır, həmçinin e-audit texnologiyalarını tətbiq etmiş vergi orqanları vergidən yayınan bütün vergi ödəyicilərinin aşkar olunması üzrə böyük imkanlar əldə edirlər, nəticədə vergi intizamı artır;

· Büdcə daxilolmalarının artımı könüllü əməletmə dərəcəsinin sürətli artması və vergi inzibatçılığının cari xərclərinin azalması nəticəsində təmin olunur.

E-auditin keçirilməsində vergi partnyorluğunun rolu və üstünlükləri

Vergi Məcəlləsində dəyişikliklərin edilməsi respublikamızda e-auditin hüquqi əsaslarını yaratmışdır. İlk növbədə, e-audit iri vergi ödəyicilərində tətbiq olunacaqdır. Bununla əlaqədar, vergi ödəyiciləri tərəfindən təqdim edilən elektron məlumatların emal olunması imkanları artacaq və ən müasir audit modelinin tətbiqi mümkün olacaqdır (Sxemə baxın).

Müasir audit modeli müxtəlif məlumatların alınması nəticəsində ilkin olaraq daxili nəzarət sisteminin və vergi risklərin qiymətləndirməsini tələb edir ki, bu da yalnız vergi orqanı ilə vergi ödəyicisi arasında əməkdaşlıq platformasında mümkündür. Bununla horizontal monitorinqin tətbiqinə daha da real şərait yaranır. Horizontal monitorinq konsepsiyası, ilk növbədə, vergi ödəyicisinin daxili nəzarət sisteminin gücləndirilməsini tələb etməklə vergi ödəyicisi tərəfindən davamlı və zərurət olduqca təqdim edilən elektron məlumatların e-audit alətləri vasitəsilə, əsasən, vergi orqanında emal olunması yolu ilə vergi nəzarətini vergi ödəyicilərinin üzərinə düşən inzibati yükü azaltmaqla həyata keçirməyə imkan verəcəkdir. Eyni zamanda, ən riskli vergi ödəyicilərində səyyar vergi yoxlamaları daha az müddətdə və yüksək nəticələrlə həyata keçiriləcəkdir.

Vergi risklərini minimallaşdıran intizamlı vergi ödəyicilərinin sosial və kommersiya prestiji artmalıdır. Belə vergi ödəyicilərinin üstünlüyü kimi onlara münasibətdə, əsasən, distant e-auditin tətbiq edilməsi yolu ilə vergi yoxlamalarının keçirilmə müddətinin əhəmiyyətli dərəcədə (3-4 dəfə) azaldılmasını qeyd etmək olar. Bununla yanaşı, eyni vergi ödəyicisində gələcəkdə yüksək vergi riskləri aşkar olunarsa, bu halda vergi ödəyicisinin «könüllü əməletmə statusu» dəyişəcək və belə neqativ hal onun nüfuzuna mənfi təsir göstərməklə kredit və investisiya alınmasını məhdudlaşdıracaqdır.

Horizontal monitorinqin əsas strateji əhəmiyyəti - vergilərin düzgün və tam şəkildə ödənilməsində dövlət orqanlarının yükünü biznes cəmiyyəti ilə bölüşdürmək, münasibətləri qarşılıqlı əməkdaşlıq və məsuliyyət platformasında qurmaqdır.

Horizontal monitorinq konsepsiyasına əsasən:

· vergi ödəyicisi saziş bağlamaq haqqında öz niyyətini bildirir;

· vergi ödəyicisinin vergi öhdəliklərinin icrasının monitorinqi həyata keçirilir;

· vergi orqanı ilə vergi ödəyicisi arasında qaranlıq qalan məsələlər (o cümlədən dövlət büdcəsinə vergilər, faizlər, maliyyə sanksiyaları və digər öhdəliklər üzrə borclar olmamalıdır) həll olunur;

· vergi orqanı və vergi ödəyicisi arasında vergi risklərinə nəzarət və onların minimallaşdırılması, vergilərin tam və vaxtında ödənilməsi barədə saziş imzalanır;

· vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi riskləri baxımından şübhəli şirkətlərlə əməliyyatlar aparmaması barədə əvvəlcədən xəbərdarlıq edilir, bəyannamənin göndərilməsindən əvvəl onun məqbul olması barədə razılıq verilir.

Horizontal monitorinq üzrə sazişin imzalanması ilə bağlı vergi ödəyicisinin əsas üstünlükləri - vergi ilə bağlı risklərin minimallaşdırılması, vergi orqanlarının risk baxımından bu vergi ödəyicisini «intizamlı vergi ödəyicisi» kateqoriyasına aid etməsidir.

 Vergi partnyorluğu sazişi hər bir vergi ödəyicisi ilə avtomatik imzalanmır. Sazişə qədər vergi ödəyicisi özünün mühasibat və vergi uçotunu təkmilləşdirməli, mütləq qaydada sertifikatlaşdırılmış mühasibat proqramı təminatından istifadə etməli, daxili nəzarət və vergi risklərinin təhlili sistemlərini yaradaraq faydalı surətdə işlətməlidir. Bu saziş, faktiki olaraq, niyyət sazişidir.

Asəf Əsədov
8.5 MB