Vergiler.az

Asəf Əsədov

Müasir audit sisteminin əsasını e-audit təşkil edir

 

Asəf ƏSƏDOV,

vergilər nazirinin müşaviri

 

 E-audit anlayışı

Avropa İttifaqının «E-audit Road Map» («E-auditin yol xəritəsi») adlı hesabatında (2009-ci il üzrə) e-audit anlayışına aşağıdakı kimi tərif verilir: E-audit - xüsusi kompüter proqramı təminatları vasitəsilə vergi ödəyicisinin mühasibat informasiya sistemində saxlanılan verilənlər bazasına çıxış əldə etməklə elektron əməliyyatların (və onların mənbələrinin) tamlığının və düzgünlüyünün audit testləri və üsulları vasitəsilə yoxlanması və təhlil edilməsidir.

E-audit səyyar vergi yoxlamalarının ən vacib və əsas hissəsidir. Kameral audit ilə e-auditin fərqi ondadır ki, kameral audit, əsasən, bəyannamələrin (yəni vergi və maliyyə hesabatlarının) təhlili əsasında qurulduğu halda,  e-audit vergi ödəyicisinin birbaşa mühasibat sistemində saxlanılan e-əməliyyatların və 3-cü şəxslərin e-məlumatlarının təhlili üzərində aparılır. E-audit zamanı vergi ofisində xüsusi kompüter proqramı təminatı vasitəsilə e-əməliyyatlarda aşkar edilmiş kənarlaşmalar müəssisədə sənədli yoxlama ilə tamamlanır. Ancaq e-auditin başlanması üçün səbəb olmalıdır və bu səbəb - vergi ödəyicisinin kameral audit zamanı aşkar edilmiş yüksək vergi riskləridir.

Hazırda Azərbaycanda, əsasən, bütün iri və orta vergi ödəyicilərində mühasibat sistemləri və əməliyyatlar kompüter vasitəsilə, mühasibat uçotu isə elektron formatda aparılır. Bu, imkan verir ki, e-audit üzrə mütəxəssislər (e-auditorlar) böyük həcmdə və e-formatda saxlanılan mühasibat uçotu üzrə məlumatları vergi ödəyicilərindən elektron daşıyıcılarda alaraq, xüsusi proqram təminatlarından istifadə etməklə (ACL, İDEA), bu məlumatları qısa müddətdə vergidən yayınma riskləri baxımından təhlil etsin. Bu isə səyyar vergi yoxlamalarının səmərəsini (sərf edilən vaxt, insan resursları və əldə edilmiş nəticələr baxımından) xeyli artırır.

E-auditin hüquqi bazası

E-audit sistemini tətbiq etmiş ölkələrdə (ABŞ, Avstraliya, Avropa İttifaqının aparıcı ölkələri, Hindistan) hər bir vergi ödəyicisi mühasibat uçotu ilə bağlı əməliyyatların aparılmasına və məlumatların e-formatda saxlanmasına görə qanunvericiliklə məsuliyyət daşıyır.

E-formatda mütləq qaydada saxlanılan (5-7 il) məlumatlar, əsasən, aşağıdakılardan ibarətdir:

E-mühasibat sisteminin quruluşu, əsas modulları, ana faylları, o cümlədən müştərilər barədə məlumatlar; aparılan əməliyyatlar, onların mənbələri; alqı-satqı üzrə hesab-fakturalar; hesabların kodları; mühasibat məlumatlarının bir-biri ilə əlaqələndirilməsi; maya dəyərinin, xərclər və gəlir bazalarının vergitutma üçün hesablanması mexanizmi.

E-auditor vergi ödəyicisinə tələbnamə göndərir, vergi ödəyicisinə aid olan e-mühasibat bazasının nüsxəsini e-daşıyıcılarda alır, xüsusi proqram təminatı vasitəsilə lazımi e-faylları öz kompüterində müxtəlif üsullardan və daxili məlumat bazasından istifadə edərək məlumatların uyğunsuzluğunu, vergidən yayınma risklərini təhlil edir.

Proqram təminatının xüsusiyyətlərinə görə, vergi ödəyicisindən alınmış e-mühasibat üzrə faylların orijinal strukturu dəyişdirilə bilməz. Audit bitdikdən sonra bütün e-fayllar silinir (vergi ödəyicisinin məlumatlarının konfidensiallığı təmin olunur).

Azərbaycanda e-auditin hüquqi bazası Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 1 yanvar 2013-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, Məcəllənin 13.2.46-cı, 13.2.47-ci, 13.2.48-ci, 13.2.49-cu, 16.1.6-cı, 23.1.2-ci, 36.3-cü, 42.1-ci, 57.3-cü, 71.4-cü, 76.1-ci, 76.2-ci və 76.3-cü maddələri ilə tənzimlənir.

Müasir audit modeli

Müasir zamanda əksər inkişaf etmiş ölkələrin vergi administrasiyalarında audit sahəsində yeni modellər, yanaşmalar və üsullar tətbiq edilir. Bu isə onunla bağlıdır ki, son 10-15 il ərzində dünyada bütün özəl şirkətlərin, beynəlxalq təşkilatların, dövlət orqanlarının fəaliyyətində və ictimai sahələrdə kompüter texnologiyaları sürətlə tətbiq edilir, əməliyyatlar e-formatda aparılır. İşçi proseslərin aparılması və kapitalın yerləşdirilməsi məkanı isə faktiki olaraq sərhədsizdir. Əməliyyatlar elektronlaşdırılmaqla yanaşı, məlumat mübadiləsində (biznes-biznes, dövlət-biznes, dövlət-vətəndaşlar arasında) yeni texnologiyalar tətbiq edilir.

Dünyada maliyyə-iqtisadi böhran davam edir, vergidən yayınma dərəcəsi hətta inkişaf etmiş ölkələrdə stabil olaraq yüksək səviyyədə qalır (yeni vergidən yayınma üsulları aşkar olunur ki, bu da kompüter texnologiyalarına əsaslanır). Belə tendensiyalar vergi orqanları qarşısında çətinliklər yaradır ki, bu da audit sahəsində yeni yanaşmaların və texnologiyaların tətbiqini zəruri edir.

İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq Azərbaycanda da audit sahəsində dünyada özünü doğrultmuş, informasiya texnologiyalarına əsaslanan və bu sahədə bilik və bacarığı olan kadrlara söykənən yeni audit modelinin və metodlarının tətbiqi tələb olunur. Belə vəzifələr Azərbaycan-Avropa Fəaliyyət Planından irəli gələn öhdəliklərin və ölkəmizdə e-hökumətin yaradılması ilə əlaqədar mühüm dövlət tədbirlərinin yerinə yetirilməsi ilə bağlıdır.

Müasir audit modeli aşağıdakı mərhələləri əhatə edir (sxemə bax).

· Risklərin qiymətləndirilməsi və vergi ödəyicilərinin ayrı-ayrı sahələr üzrə (bank sektoru, neft sektoru, ticarət sektoru, istehsal sektoru, telekommunikasiya xidmətləri və s.) risk qruplarının (intizamlı, aşağı riskləri, orta riskləri və yüksək riskləri olan vergi ödəyiciləri) təsnifləşdirilməsi. Bu məqsədlə yeni analitik (intellektual) üsulların (Intelligence analysis) və ən müasir kompüter texnologiyalarının (data mining) tətbiqi.

· Seçilmiş vergi ödəyicisinin auditi məqsədilə ilkin planlaşdırma ilə bağlı ümumi və analitik məlumatların toplanması üçün müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən vergi ödəyicisinin biznesinin başa düşülməsi, verilənlər bazası ilə tanışlıq, kompüter, mühasibat və daxili nəzarət sistemlərinin risklər baxımından təhlili.

· Risklərin ilkin qiymətləndirilməsi nəticəsində vergi ödəyicisində audit testlərinin və audit iş planının müəyyən edilməsi.

· E-auditin keçirilməsi ilə bağlı bildiriş və tələbnamənin tərtib edilməsi və vergi ödəyicisinə göndərilməsi.

· Vergidən yayınma üzrə yüksək potensial riskləri olan vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamalarında e-auditin metodologiyasının mərhələ-mərhələ digər audit üsulları ilə birlikdə tətbiq edilməsi.

· Auditin nəticələrinin rəsmiləşdirilməsi və qiymətləndirilməsi.

E-məlumatların toplanması mənbələri

E-məlumatların əsas mənbələri aşağıdakılardır:

·  Vergilər Nazirliyinin məlumat bazasında olan e-məlumatlar, o cümlədən e-bəyannamələrin, kameral vergi yoxlamalarının və əvvəlki səyyar vergi yoxlamalarının maliyyə göstəriciləri, dövlət orqanları və banklardan daxil olan e-məlumatlar;

·  e-auditin keçirilməsi ilə bağlı tələbnamə əsasında vergi ödəyicilərinin mühasibat və menecment informasiya sistemlərində saxlanılan e-məlumatları (elektron əməliyyatların aparılması ilə bağlı mühasibat yazılışları, qeydləri) özündə əks edən fayllar, sənədlər, hesabatlar;

· üçüncü şəxslərə məxsus olan e-məlumatlar. Üçüncü şəxs anlayışı Vergi Məcəlləsinin 13.2.46-cı maddəsində verilmişdir: «Vergi orqanı tərəfindən kameral və ya səyyar qaydada yoxlanılan, vergi ödəyicisinin fəaliyyətində malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bilavasitə əlaqəli olan rezident və ya qeyri-rezident şəxs».

Banklar yoxlanılan hər bir vergi ödəyicisi üçün üçüncü şəxs olaraq, ən əsas e-məlumat mənbələridir. Vergi Məcəlləsinin 76.1-76.3-cü maddələrinə əsasən, bir çox hallarda yoxlanılan vergi ödəyicisi tərəfindən aparılan bank əməliyyatları barədə məlumatları almaq mümkün olmadıqda, belə məlumatlar məhkəməyə müraciət etmədən sorğu əsasında birbaşa banklardan alına bilər.

 

(Davamı növbəti sayımızda)

Asəf Əsədov
8.5 MB