Vergiler.az



Asəf Əsədov

«Elektron auditin tətbiqi vergi intizamını gücləndirəcək»

 

   Forumun ikinci sessiyasında «Azərbaycanda elektron vergi auditi sisteminin yaradılması» mövzusunda çıxış edən vergilər nazirinin müşaviri Asəf Əsədov 2 il əvvəl «E-Audit» Tvinninq layihəsinin təqdimat mərasiminin keçirildiyini diqqətə çatdırdı. Bildirildi ki, Vergilər Nazirliyinin Niderland Krallığının Vergi Administrasiyası ilə birgə reallaşdırdığı bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və respublikanın vergi sisteminin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Təqdimat zamanı vurğulandı ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklər respublikada e-auditin tətbiqi üçün hüquqi əsaslar yaradıb: «İlk növbədə, e-audit iri müəssisələrdə tətbiq olunacaq. Qanunla bağlı vergi ödəyiciləri tərəfindən təqdim edilən elektron məlumatların vergi orqanlarının ofisində emal olunması imkanları artacaq. Bunun üçün ən müasir audit metodları və texnologiyaları tətbiq olunacaq və Azərbaycanda audit sistemi inkişaf etdiriləcək. Bu sistemin vacibliyi odur ki, yoxlamalara sərf edilən inzibatı yükü və xərcləri artırmamaq şərtilə vergidən yayınma və fırıldaqçılığın qarşısı alınacaq. Digər tərəfdənsə, vergi ödəyicilərinin intizamlı olması üçün stimul və şərait yaradılacaq».

Bütün ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə belə, vergidən yayınma və fırıldaqçılığa qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirildiyini deyən A.Əsədovun fikrincə, diqqət, ilk növbədə, vergidən yayınmağa təsir edən səbəblərə yönəldilməlidir. Qeyd edildi ki, müasir audit yanaşması ilk olaraq vergi ödəyicisinin daxili nəzarət sistemində zəifliklərin aradan qaldırılmasını və vergi risklərinin əvvəlcədən qiymətləndirilməsini tələb edir: «Bu isə yalnız vergi orqanı ilə vergi ödəyicisi arasında əməkdaşlıq və məlumatların elektron formatda təqdim edilməsi platformasında mümkündür. Ona görə, vergidən yayınmaya qarşı strategiyamız vergi partnyorluğu konsepsiyasının və e-auditin tətbiqi əsasında qurulur və bu sahədə Vergilər Nazirliyi ciddi tədbirlər həyata keçirir».

Təqdimatda qeyd edildi ki, elektron auditin tətbiqi üçün ilk olaraq ən riskli vergi ödəyiciləri seçilir, həmin vergi ödəyiciləri üzrə ilkin təhlil işləri aparılır. Bura biznesin başa düşülməsi, müəssisənin iş prosesləri, informasiya, mühasibat və daxili nəzarət sistemləri ilə tanışlıq daxildir: «Bu ilkin planlaşdırma mərhələsindən sonra e-audit prosesinə start verilir və sonradan e-audit nəticələri müəssisədə dəqiqləşdirilir. Demək olar ki, audit proseslərinin 70%-i vergi ofisində həyata keçirilir. E-audit prosesində vergi ödəyicilərinin mühasibat kompüter sistemində biznes əməliyyatlarını göstərən elektron faylların verilməsi tələb edilir. Eektron fayllar (əsasən Excel formatında əks olunan çoxsütunlu  e-cədvəllər) e-auditorun kompüterinə birbaşa və ya məsafədən nazirliyin xüsusi serverinə yüklənilir. Elektron məlumatların tamlığı və düzgünlüyü xüsusi testlər əsasında avtomatlaşdırılmış qaydada yoxlanılır. Nəticə olaraq e-audit texnologiyasının tətbiqi vergidən yayınma risklərinin 90-95% ehtimalla aşkar olunmasını mümkün edir. Hazırda Vergilər Nazirliyi tərəfindən hər sahə üzrə e-audit testləri hazırlanaraq yanvar ayından səyyar vergi yoxlamalarında tətbiq edilir».

A.Əsədovun sözlərinə görə, hazırda Tvinninq layihəsi üzrə pilot mərhələsi həyata keçirilir. E-audit texnologiyalarının tətbiq edilməsi məqsədilə Vergilər Nazirliyinin 10 nəfər mütəxəssisi üçün bir il ərzində 8 müxtəlif kursdan ibarət treninq proqramı həyata keçirilib, metodoloji rəhbərlik və təlim materialları hazırlanıb: «Hazırda neft, bank və ticarət sahələrində e-audit texnologiyaları müasir audit platformasında tətbiq edilir və ilkin nəticələri çox uğurludur: insan və vaxt sərfiyyatı dəfələrlə azalıb, eyni zamanda vergidən yayınma hallarının aşkarlanması potensialı ciddi şəkildə gücləndirilib. Alınmış nəticələr göstərir ki, Azərbaycanda audit sahəsində müasir e-audit texnologiyalarına əsaslanan sistemin yaradılması uğurla həyata keçirilir».

A.Əsədov, həmçinin, vurğuladı ki, layihənin tam tətbiqinin nəticəsi olaraq vergi ödəyiciləri üçün vergi yoxlamaları ilə bağlı inzibati yük təxminən 2-4 dəfəyədək azalacaqdır. Eyni zamanda, vergi ödəyiciləri e-mühasibatın və daxili nəzarət sisteminin beynəlxalq standartlara uyğun aparılmasında daha məsuliyyətli olacaqlar. Bütün bunlar isə bütövlükdə vergi intizamının və vergi daxilolmalarının artmasına imkan verəcəkdir.

Asəf Əsədov
9.5 MB