Vergiler.az

Yerli vergi və ödənişlər - bələdiyyələrin uğurlu fəaliyyəti üçün maliyyə təminatıdır

 

II yazı

 

Yerli büdcənin gəlirlərinin formalaşmasında mühüm rol oynayan vergilərdən biri də fiziki şəxslərin əmlak vergisidir. Bu yazımızda bələdiyyələrə ödənilən əmlak vergisi və digər vergilər barədə söhbət açacağıq.

Fiziki şəxslərin əmlak vergisi necə ödənilməli?

Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (binalar), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektinə aid edilir.

Fiziki şəxslərin mülkiyyətində olan binalara görə əmlak vergisi Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən binanın inventarlaşdırılmış dəyərinin 5000 manatdan artıq olan hissəsindən 0,1 faizlə hesablanır. Bu zaman tikilinin inventar dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 110 №-li qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası»na uyğun olaraq müəyyən edilir.

Həmin Qaydalara əsasən, binanın inventar dəyəri qiymətləndirmə anında tikilinin mövcud olan fiziki köhnəlmə dəyəri, inflyasiyanın dərəcəsi, yerləşdiyi ərazi və digər qiymət amilləri nəzərə alınmaqla müəyyən edilir. Binanın qiymətləndirilməsinin yekun cədvəli Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən sifarişçi olan müvafiq bələdiyyənin vergi xidməti orqanına təqdim edilir.

«Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanuna əsasən, vergitutma məqsədləri üçün binaların qiymətləndirilməsi 3-5 ildə bir dəfədən çox olmamaq şərti ilə bələdiyyələr tərəfindən qəbul olunmuş qərar əsasında həyata keçirilir.

Vergi Məcəlləsinin 200-cü maddəsinə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisinin illik məbləği onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Hesablanmış vergi barədə tədiyyə bildirişi avqustun 1-dən gec olmayaraq fiziki şəxsə verilir. Hesablanmış əmlak vergisinin məbləği bərabər hissələrlə həmin ilin avqust və noyabr aylarının 15-dək bələdiyyə büdcəsinə ödənilir.

Su və hava nəqliyyatı vasitələrinə görə vergi hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Mühərriki olan su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi onların mühərrikinin 1 kub­santimetri üçün 0,02 manat, mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinə görə isə onların bazar qiymətinin 1%-i həcmində bələdiyyələr tərəfindən hesablanır.

Verginin hesablanması barədə tədiyyə bildirişi avqustun 1-dən gec olmayaraq fiziki şəxslərə verilir. Hesablanmış vergi bərabər hissələrlə həmin ilin avqust və noyabr aylarının 15-dək bələdiyyə büdcəsinə ödənilir.

Qanunvericilik əmlak vergisinin ödənilməsinə güzəştləri də nəzərdə tutur.

Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin (bunlara Milli Qəhrəmanlar, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, «Şöhrət» ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər, I və II qrup müharibə əlilləri və s. aiddir), habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Həmçinin, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən, o cümlədən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi. Vergi Məcəlləsinə əsasən, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi bələdiyyə büdcəsinə ödənilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi ay ərzində çıxarılmış qazıntıların hər kubmetrinə 0,5 manat tətbiq etməklə hesablanır. Kərpic-kirəmit gillərinin, tikinti qumlarının, çınqıl xammalının çıxarılmasını həyata keçirən hüquqi və fiziki şəxslər hesabat ayı üçün mədən vergisinin bəyannaməsini müvafiq ərazinin bələdiyyəsinə təqdim etməklə, hesablanmış vergini bu qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq yerli büdcəyə ödəyirlər.

Bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Bələdiyyələr yaratdıqları hüquqi şəxslərin fəaliyyət məqsədlərini, şərtlərini və qaydasını müəyyənləşdirir, onların məhsulunun (xidmətlərinin) qiymətlərini və tariflərini tənzimləyir, nizamnamələrini təsdiq edir.

Vergi Məcəlləsi ilə müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Bununla əlaqədar qeyd olunan müəssisələr mənfəət vergisinin bəyannaməsini bələdiyyəyə təqdim edirlər.

Vergi Məcəlləsinə əsasən, müəssisənin hesabat ili üzrə vergi tutulan mənfəəti onun gəlirləri ilə həmin gəlirlərin əldə edilməsinə çəkilən xərclər arasındakı fərq kimi müəyyən olunur. Vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənfəət vergisinin illik məbləği vergi tutulan mənfəətə 20 faiz dərəcə tətbiq olunmaqla müəyyən edilir. Bələdiyyə mülkiyyətində olan müəssisənin hesabat ili üzrə bu qaydada hesabladığı mənfəət vergisinin məbləği isə mənfəət vergisinin bəyannaməsi təqdim olunmaqla növbəti ilin 31 mart tarixindən gec olmayaraq yerli büdcəyə ödənilir.

Yerli ödənişlər. Bələdiyyə büdcəsinə dövri olaraq hesablanan və ödənilən yerli ödənişə mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişi aid etmək olar. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanuna əsasən, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən tutulan ödəniş burada qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla hesablanır və növbəti ayın 5-dək müvafiq bələdiyyəyə ödənilir.

Həmin Qanuna əsasən, bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir və bələdiyyə tərəfindən müəyyən olunmuş qaydada və müddətdə yerli büdcəyə ödənilir.

Yerli ödənişlərin qanunla müəyyən olunmuş digər növlərinin (bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş, xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş) hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir.

Bələdiyyə mülkiyyətində olan torpaqların özgəninkiləşdirilməsi və ya icarəyə verilməsindən alınan ödənişin məbləği hüquqi və fiziki şəxslərlə bağlanılan müqavilələrdə öz əksini tapır. Bu zaman nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla). Onu da qeyd etmək lazımdır ki, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi zamanı müəyyən edilən ödənişin məbləği Nazirlər Kabinetinin «Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə» 3 dekabr 2000-ci il tarixli 226 nömrəli qərarına əsasən həmin torpağa görə ödənilməli olan torpaq vergisinin 2 misli miqdarından az olmamalıdır.

Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş müəyyən edilərkən Azərbaycan Respublikasının reklamla bağlı qanunvericiliyinin, yəni «Reklam haqqında» Qanunun tələbləri nəzərə alınmalıdır.

Həmin Qanunun 15-ci maddəsinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində və başqa ərazilərdə küçə reklamı yalnız rayon və şəhər icra hakimiyyəti orqanlarının icazəsi ilə həyata keçirilə bilər. Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi üçün reklam yayıcısı tərəfindən dövlət rüsumu ödənilir.

Qanunla müəyyən olunmuşdur ki, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamının yerləşdirilməsinə dair müqavilə reklam yayıcısı ilə müvafiq bələdiyyə arasında bağlanılır. Belə müqavilələr üzrə ödənişlər yerli büdcəyə köçürülür. Yəni küçə reklamının yerləşdirilməsinə görə yerli ödəniş reklamın bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilməsinə görə tutulur.

Bələdiyyələrin vergi nəzarəti mexanizmləri

Yerli vergi və ödənişlərin tam və vaxtında yerli büdcəyə səfərbər olunmasında səmərəli vergi nəzarətinin təşkil olunmasının çox böyük rolu vardır. Bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirləri «Bələdiyyələrin vergi xidməti orqanı haqqında» Əsasnamə ilə tənzimlənir. Əsasnaməyə əsasən, yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanı tərəfindən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və qaydada səyyar və kameral vergi yoxlamaları aparılmaqla həyata keçirilir.

Həmin Əsasnaməyə görə, bələdiyyələrin vergi xidməti orqanı vergilərin və yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir.

Yerli vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda vergi qanunvericiliyinin pozulmasının konkret hallarını və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan qanunvericiliyin konkret maddələri göstərilir və ödəyiciyə müvafiq vergini və ya ödənişi müəyyən olunmuş müddətdə ödəmək təklif olunur. Həmin müddət bitdikdən sonra ödəmələr aparılmadıqda bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır. Ödəyiciyə çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli vergilər və ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir.

Yerli vergi və ödənişlərin ödəyiciləri və bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qanunvericiliyin tələblərinə həm vergi ödəyiciləri, həm də bələdiyyələr tərəfindən tam əməl olunması isə yerli vergi və ödənişlərin bələdiyyə büdcələrinə tam və vaxtında səfərbər olunmasının təmin edilməsi deməkdir.

 

Məqalə Vergi siyasəti və strateji

araşdırmalar Baş İdarəsinin materialları əsasında hazırlanmışdır