Vergiler.az

Vergi Məcəlləsi: nə və necə dəyişib?


«Bu dəyişikliklər həm sahibkarları, həm də işçiləri əmək münasibətlərini rəsmiləşdirməyə təşviq edəcək»

Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə mühüm dəyişikliklər edilib. Milli Məclis tərəfindən qəbul edilmiş dəyişiklikləri  beş əsas istiqamət üzrə təsnif etmək olar:

· sahibkarlığın dəstəklənməsi;

· vergidən yayınmanın və  «kölgə iqtisadiyyatı»nın miqyasının  azaldılması;

· vergitutma bazasının genişləndirilməsi;

· vergi inzibatçılığının təkmilləşdirilməsi;

· mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

Kimlər 7 il müddətində gəlir vergisindən azad edilir?

Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayeva mətbuat nümayəndələri üçün keçirilmiş brifinqdə Məcəlləyə dəyişikliklərin əsas məzmunu və mahiyyəti, habelə 2019-cu ildə həyata keçiriləcək vergi islahatlarının başlıca istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, vergi qanunvericiliyinə edilmiş ən mühüm yeniliklərdən biri qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əməkhaqqından tutulan vergilər üzrə vergi güzəştlərinin verilməsidir. Dəyişikliyə əsasən, aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib. Əməkhaqqı 8000 manatdan çox olan muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər isə 14 faiz gəlir vergisi ödəyəcəklər: «Bu, dövlətin qeyri-neft sektorunun özəl bölməsinə çox böyük fiskal güzəştə getməsi deməkdir. Həmin vergi güzəştinin əsas hədəfi «kölgə iqtisadiyyatı»nın həcmini azaltmaq, qeyri-rəsmi məşğulluğun qarşısını almaq, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində iqtisadi fəallığı daha da canlandırmaqdır».

Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə pərakəndə ticarət və ictimai iaşə sektorunun dövriyyəsinin rəsmiləşdirilməsinə ictimai nəzarətin gücləndirilməsi və bu işdə istehlakçıların stimullaşdırılması məqsədilə onların belə obyektlərdə ƏDV kimi xərclədikləri vəsaitlərin bir hissəsinin  geri qaytarılması nəzərdə tutulur. Samirə Musayeva bildirib ki,  istehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi nəzarət-kassa aparatının çeki əsasında istehlakçılara geri qaytarılacaq. Bu qaydaların tətbiqi ilə bağlı əlavə olaraq prosedurları özündə əks etdirən qanunvericilik aktı qəbul olunacaq. İstehlakçı fiziki şəxslərin bu qaydada stimullaşdırılması şəffaflığın təmin edilməsinə  müsbət təsir göstərəcək.

Aksizli malların siyahısı genişləndirilib

Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasında vergi uçotunda olmayan şəxslərdən nağd qaydada alına bilən mallara görə aparılan ödənişlərin ödəmə mənbəyindən vergiyə cəlb edilməsi, sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə səmərəli vergi nəzarəti mexanizminin qurulması, aksizli malların siyahısının genişlənməsi və aksiz dərəcələrinin artırılması da var. Samirə Musayeva deyib ki, vergitutma bazasının genişləndirilməsi məqsədilə Məcəlləyə edilmiş bu dəyişiklik energetik içkilər, elektron siqaret üçün maye  idxalına aksiz vergisinin tətbiqini nəzərdə tutur.

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə edilən dəyişikliklərdən danışan departament rəhbəri bunların sırasında yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasını, vergi ödəyicisinin iqtisadi maraq mərkəzinin olduğu yer üzrə uçota alınmasını, elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsinin dəqiqləşdirilməsini, ƏDV-nin əvəzləşdirilməsi mexanizminin təkmilləşdirilməsini və digər yenilikləri qeyd edib. Onun sözlərinə görə, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri də bu dəyişikliklərdə əksini tapıb: sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə ərazisində 2 faizə endirilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi və inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması bu istiqamət üzrə edilən dəyişikliklərə aiddir.

Bundan başqa, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi məqsədilə Vergi Məcəlləsində bəzi dəyişikliklər edilib. Bunların sırasında özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi və həmçinin əhalinin sosial cəhətdən həssas təbəqələrinə (şəhid övladlarına) güzəştin verilməsi kimi sosial yönümlü dəyişikliklər də var. Mühüm dəyişikliklərdən biri vergi güzəştləri əldə edən şəxslərə malların dövriyyəsinin uçotunun aparılmadığı halda maliyyə sanksiyalarının tətbiqi ilə bağlıdır.

Sahibkarlıq subyektləri uçotu şəffaf aparmalıdır

Samirə Musayeva bildirib ki, gələn ildən Azərbaycandakı mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vasaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək. Onun sözlərinə görə, kiçik sahibkarlıq subyektlərinin gəlir və xərcin uçotunun aparılması mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsi ilə müəyən olunmuş qaydada gəlirini və xərcini sənədləşdirən bu kateqoriya vergi ödəyicilərinin öz təsisçilərinə (payçılarına) ödədikləri dividendlərin ödəmə mənbəyində vergidən azad olunmasını nəzərdə tutan müddəa Vergi Məcəlləsinə daxil edilib: «Bu dəyişikliyə qədər kiçik sahibkarlıq subyektləri də xalis mənfəətini öz təsisçiləri arasında bölüşdürərkən ümumi qaydada 10 faiz dərəcə ilə vergi tuturdu. Məcəlləyə edilən dəyişikliyə əsasən, şəffaf uçot apardıqları halda sahibkarlıq subyektlərinə əlavə vergi güzəştləri veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunacaq».

Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər barədə qeyd edilib ki, kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyesterində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq, əmlak və müvafiq təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı əlavə dəyər vergisindən azad edilirlər: «Kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir».

Bildirilib ki, mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad olunacaq: «Bəzi subyektlər  əvvəlki kimi sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər, amma bu o demək deyil ki, onlar hökmən ƏDV ödəyicisi olmalıdırlar. Həmin şəxslər ya gəlir, ya da mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilərlər. İllik dövriyyə 200 min manata qədər olduqda isə onların məcburi qaydada ƏDV ödəyicisi olması ilə bağlı Vergi Məcəlləsinə heç bir müddəa daxil edilməyib».

Qeyd edilib ki, sadələşdirilmiş vergi ödəyicilərinin gəlir vergisinin ödəyicisi olması ödənişlərin artması demək deyil: «Gəlir vergisinin dərəcəsinin 20 faiz müəyyənləşdirilməsinin sadələşdirilmiş verginin əvvəlki 4 faizlə müqayisə edilməsi düzgün deyildir: çünki sadələşdirilmiş vergi ümumi dövriyyədən tutulur. Fiziki şəxslərin gəlir,  hüquqi şəxslərin isə mənfəət vergisi gəlirlərdən xərclər çıxıldıqdan sonra yerdə qalan vəsaitdir. Biz hazırkı şərti mənəfət dərəcəsini götürsək, aylıq 10 min manat dövriyyəsi olan şəxslər hazırda 4 faizlə 400 manat vergi ödəyirlər. Gələn il isə onlar şərti olaraq, 20 faiz rentabelli işlədikləri halda, mənfəət və gəlir vergisinə nəzərdə tutulan güzəştlər hesaba alınmaqla, ayda cəmi 83 manat vergi ödəyəcəklər».

Sadələşdirilmiş vergilərin əhatə dairəsi məhdudlaşdırılıb

Samirə Musayeva jurnalistlərin «kölgə iqtisadiyyatı»nın qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə suallarını cavablandırıb. Bildirib ki, adətən, sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyiciləri vergilərini təqdim etdikləri mala (işə, xidmətə) görə əldə olunan hasilatdan (xərclər çıxılmadan) hesabladıqları üçün gəlirlərinin və xərclərinin uçotunu aparmamağa, əməliyyatları lazımı qaydada sənədləşdirməməyə meyilli olurlar. Bu isə ölkədə həyata keçirilən vergi islahatlarının məqsədlərinə, şəffaflaşma siyasətinə ziddir. Ona görə də Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalarla sadələşdirilmiş vergitutma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi məhdudlaşdırılıb. Dəyişikliyə əsasən, işçilərinin sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

Qeyd edilib ki, şəffaflığın təmin olunması, vergidən yayınmanın qarşısının alınması üçün bütün istiqamətlərdə vergi inzibatçılığı və vergi nəzarəti tədbirləri zamanı qanunamüvafiq qaydada sərt addımlar atılacaq. İcarədən gəlir əldə edən şəxslərin də vergiyə cəlb olunması istiqamətində qanunun tələblərindən irəli gələn tədbirlər görüləcək: «Əgər icarəyə verən şəxs hüquqi şəxsdirsə, əldə etdiyi icarə haqlarından mənfəət vergisi ödəməlidir. İcarəyə verən şəxs vergi ödəyicisi olmayan fiziki şəxs olduğu halda ondan icarəyə götürən sahibkar tərəfindən ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmalıdır. Vergi Məcəlləsinin 14-cü və 124-cü maddəsinə əsasən icarə haqqından gəlirlərə də bazar qiymətlərinin tətbiqi nəzərdə tutulur. Yəni vergi orqanı vergi nəzarəti tədbiri zamanı icarədən gəlir əldə edən şəxslərin gəlirlərinin azaldılmasına dair mənbəyi bəlli məlumata malik olduqda və ya bazar qiymətinin tətbiqinə hər hansı əsas yarandıqda bazar qiymətləri tətbiq olunmaqla icarə haqqından gəlirləri hesablamaq hüququna malikdir. Bu, vergi orqanının qüvvədə olan qanundan irəli gələn hüququdur».

İşçilərin və işəgötürənlərin fiskal yükü azalacaq

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə uyğun olaraq, 8000 manatadək əməkhaqqı alan şəxslərin gəlir vergisindən tam azad olunması, işçilərə münasibətdə sosial sığorta ödənişlərinin 10 faizə qaldırılması ilə bağlı suala da cavab olaraq qeyd edilib ki, dəyişikliklərdən sonra işçilərin vergi yükü artmayacaq. Əksinə, bu yeniliklərin tətbiqi həm işçilər, həm də işəgötürənlər üçün sərfəli olacaq, onların  ümumi fiskal yükü azalacaq: «Hazırda bununla bağlı hesablamalar üzərində iş gedir və aparılan hesablamaların nəticələri yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. Həmin hesablamalarda həm işəgötürənin, həm də işçinin vergi yükünün artmadığı aydın görünəcək. Bu dəyişikliklər həm sahibkarları, həm də işçiləri əmək münasibətlərini rəsmiləşdirməyə, əməkhaqqının məbləğinin rəsmi sənədlərdə tam şəkildə göstərilməsinə təşviq edəcək. Əks halda işəgötürənləri iri məbləğli maliyyə sanksiyaları gözləyir ki, bu da heç bir halda onların maraqlarına uyğun deyil. Ümumiyyətlə, qanunvericiliyə edilən dəyişikliklərdə yalnız işçinin və işəgötürənin vergi yükünün azaldılması yolu ilə əmək bazarının leqallaşdırılması deyil, həm də işçinin gələcək pensiya təminatı da nəzərdə tutulub».

Vergi güzəştlərinin büdcə gəlirlərinin formalaşmasına mümkün mənfi təsirləri ilə bağlı suala cavab olaraq Samirə Musayeva bildirib ki, bu məsələdə ciddi problem gözlənilmir. Onun sözlərinə görə, gəlir vergisi üzrə güzəşt nəticəsində büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq: «Nəzərə alsaq ki, gəlir vergisinin 8000 manatadək olan hissəsinin vergidən azad olunması qeyri-şəffaf və ya real əmək münasibətlərinin rəsmiləşdirilmədiyi şəraitdə verilən güzəştdir, onda dövlət büdcəsini ciddi itkilər gözləmir. Əksinə, əmək münasibətlərinin rəsmiləşdirilməsi, yüksək əməkhaqqı hesabına vergi daxilolmalarında hər hansı ciddi itkilər olmayacaq».

 

2018-12-05

 

Elxan SALAHOV