Vergiler.az

Vergilər Nazirliyinin 3-cü sosial çarxı təqdim olunub


Vətəndaşlar arasında vergi mədəniyyətinin yüksəldilməsi, cəmiyyətdə könüllü vergiödəmə vərdişinin formalaşdırılması Vergilər Nazirliyinin fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Bu sahədə təbliğat, məlumatlandırma və maarifləndirmə işinin gücləndirilməsi üçün nazirliyin təşəbbüsü ilə daha bir sosial reklam çarxı ictimaiyyətə təqdim olunub.

«Sağlam dövlət naminə» devizi ilə hazırlanmış videomaterialda vətəndaşın dövlət büdcəsinə ödədiyi vergilərin hara və nə üçün xərclənməsi barədə ətraflı məlumat verilir. Həmin vəsaitlərin cəmiyyətin mənafeyi naminə sərf edildiyi tamaşaçılara obrazlı şəkildə çatdırılır. Reklam çarxının  ictimaiyyətə verdiyi başlıca mesajlar bundan ibarətdir ki, dövlət büdcəsi vergilərdən asılıdır, vergiləri ödəməklə cəmiyyətin hər bir üzvü büdcənin formalaşmasında iştirak edir.

Xatırladaq ki, Vergilər Nazirliyinin sifarişi əsasında 2018-ci ilin oktyabrından «Sağlam dövlət naminə» sosial reklam çarxı hazırlanaraq kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yayımlanır. Əvvəlki iki sosial reklam çarxında olduğu kimi üçüncü buraxılışda da əks olunan süjetlər real hadisələrə əsaslanır və həkimlərin cəmiyyətdəki rolunu əks etdirir.

Vergilər Nazirliyi müxtəlif peşə sahiblərinin cəmiyyətdəki rolunu əks etdirən sosial reklam çarxlarının hazırlanmasına dəstək göstərməyi davam etdirəcək.


2018-12-05


ELXAN