Vergiler.az

«Qarabağ atları» Finlandiyada


Finlandiyanın Espoo şəhərində Avropa Azərbaycanlıları Konqresinə üzv olan Finlandiya-Azərbaycan Assosiasiyasının (FAA) təşkilati dəstəyi ilə «Qarabağ atları» rəsm sərgisi açılıb. Latviyalı rəssam xanım Datse Ştrausanın rəsmlərindən ibarət olan sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib. Finlandiyada yaşayan rəssamın bu ekspozisiyası dünyanın bir çox ölkələrində nümayiş olunub. Onun əsas məqsədi Qarabağın və Qarabağ atlarının Azərbaycana aid olduğunu təbliğ etməkdir. Açılış mərasimində Finlandiya vətəndaşları, Azərbaycan diasporunun üzvləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Datse Ştrausa Azərbaycana vurğunluğundan danışıb, bu sərgi vasitəsilə Avropaya Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olmasını göstərdiyini söyləyib. Avropa Azərbaycanlıları Konqresinin baş katibi, FAA-nın vitse-prezidenti Arzu Oqtay Datse Ştrausaya minnətdarlığını bildirib, qonaqlara Qarabağ həqiqətləri və Qarabağ atları haqqında ətraflı məlumat verib. Tədbirdə Azərbaycan musiqisi səsləndirilib, milli geyimlər nümayiş olunub.