Vergiler.az

Hindistan «Atəşgah»la maraqlanır

 

Hindistanın «The Hindu» qəzetində Azərbaycandakı «Atəşgah məbədi» haqqında məqalə dərc edilib. Məqalədə «Atəşgah məbədi»nin tarixindən, buraya üz tutan səyyahlardan, eləcə də bu gün «Atəşgah məbədi»nin Dövlət Tarix-Memarlıq Qoruğu kimi fəaliyyətindən bəhs olunur. Bildirilir ki, «Atəşgah»ı Hindistanla Avropa arasında mədəniyyətlərarası mübadilə, qloballaşma tarixinin bir parçası hesab etmək olar.

Qəzet Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən qədim İpək Yolunun bir hissəsi olduğunu vurğulayır. Diqqətə çatdırılır ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən «Atəşgah məbədi», demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.

Diqqətə çatdırılıb ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. «Atəşgah məbədi»nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa olunub. Yazıda vurğulanır ki, xoşbəxtlikdən, 500 illik məbəd hələ də qalır və öz multikultural keçmişini qoruyub saxlayır.

«Güman ki, Xəzər dənizinin sahilində yerləşən, əhalisinin əksəriyyəti müsəlman olan postsovet ölkəsi Azərbaycanda «Müdriklik tanrısı Qaneşə həmd olsun» ifadəsini görəcəyiniz ağlınıza gəlməz. Amma «Atəşgah məbədi»nin girişindəki daş arkanın üzərində ilk gözə dəyən ifadə məhz budur», - deyə məqalədə qeyd edilir. Bu məbəddə devanaqari əlifbası ilə 5 cərgə yazı yazılıb. Bu ifadələrdən bəziləri hinduizmdəki alov tanrısına ithaf olunub. Beşguşəli məbəddəki otaqların giriş hissəsində isə sanskrit və ya pəncab dillərində yazılar var. Onları bu regiona təxminən 500 il əvvəl səfər etmiş hindistanlı səyyahlar yazıb.

Məqalədə diqqətə çatdırılır ki, hələ VII əsrdə Azərbaycana səfər etmiş səyyahlar yazılarında «Atəşgah»ın adını çəkiblər. Bildirilir ki, «Atəşgah» 1969-cu ildə bərpa edilib, 1975-ci ildə kompleks muzeyə çevrilib. Bu gün məbəddə yerləşən hər bir otaq burada yaşamış zəvvarların və asketlərin hekayəsindən xəbər verir. Məbəd dünyanın hər yerindən turistləri cəlb edir.