Vergiler.az

Kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq

 

Vergi qanunvericiliyinin təkmilləşdirilməsində ən mühüm istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi, vergi güzəştlərinin optimallaşdırılması və güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsidir. Qanun layihəsində qeyri-neft sektorunda çalışan sahibkarlar üçün həm stimullaşdırıcı, həm də səmərələşdirici və ünvanlı vergi güzəştlərinin tətbiqi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bu kateqoriyadan olan vergi ödəyicilərinə münasibətdə diferensial yanaşmanın genişləndirilməsi nəzərdə tutulub. Dəyişikliklərin əsas məzmunu kiçik və orta biznes üçün vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və vergi yükünün aşağı salınmasıdır.

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə gələn il kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi, kiçik sahibkarlıq subyektinin təsisçisinin divident gəlirlərinin vergidən azad olunması təklif edilib.  Bundan başqa, bu kateqoriyaya aid hüquqi şəxslərin və fərdi sahibkarların əmlak vergisindən azad olunması da nəzərdə tutulub. Bu addım kiçik biznes sektoru üçün ən mühüm yeniliklərdən biridir. Dövlət bu güzəştləri edərkən sahibkarlardan öz maliyyə hesabatlarını və uçot sistemlərini düzgün qurmağı tövsiyə edir.

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev 2019-cu ilin büdcə layihəsinin müzakirəsi ilə bağlı iclasda bildirib ki, gələn il ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar davam etdiriləcək, kiçik və orta sahibkarlıq fəaliyyəti üçün baza formalaşdırılacaq. Bu baxımdan, biznesə yeni dəstək mexanizminin yaradılması, xarici bazarlara çıxış imkanlarının artırılması və ixracın stimullaşdırılması, insan kapitalının inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.  Kiçik və orta sahibkarlıq subyektlərinə bir sıra xidmətlərin göstərilməsi, onların istehsal etdikləri məhsulun satışına dəstək tədbirləri davam etdiriləcək, maliyyə təminatı yaxşılaşdırılacaq. 2018-ci ildən fəaliyyətə başlayan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi təsərrüfat subyektlərinin problemlərini öyrənəcək, onlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, maliyyə və vergi məsələləri ilə bağlı aidiyyəti dövlət orqanlarının köməyi ilə stimullaşdırıcı addımların atılmasına dəstək göstərəcək, maliyyə resurslarına əlçatanlığı təmin edəcək.

«İqtisadi resursların öyrənilməsi» İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, gələn ildən vergi sahəsində aparılan islahatların ən mühüm istiqamətlərindən biri iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılması, biznes fəaliyyətinin stimullaşdırılmasıdır. Kiçik və orta sahibkarlıq fəaliyyətinin stimullaşdırılması «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri»ndə Vergilər Nazirliyi qarşısında qoyulmuş mühüm vəzifələrdəndir. Sənəddə səmərəli vergi sisteminin təşviqinin davam etdirilməsi, biznes mühitinin və tənzimləyici bazanın, eləcə də  təsərrüfat subyektlərinin fəaliyyətində yoxlama və lisenziyalaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, hüquqi şəxs­lərin dövlət qeydiyyatının asanlaşdırılması, xarici investisiyalı müəssisələrin elektron qeydiyyatı ilə bağlı qanunvericilikdə dəyişikliklərin aparılması, yeni qeydiyyatdan keçən vergi ödəyicilərinin fəaliyyət istiqamətləri üzrə məlumatlandırma mexanizmlərinin işlənib hazırlanması nəzərdə tutulub.

E. CƏFƏRLIİ