Vergiler.az

Milli Məclisin növbəti plenar iclası keçirilib

 

Noyabrın 27-də keçirilən iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Qeyd olunub ki, bu gün və noyabrın 30-da keçiriləcək iclasların gündəliyinə 58 məsələ daxildir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanununu ikinci səsvermə üçün şərh edib. Bildirib ki, dəyişikliyə görə «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 16.1-ci maddəsində «2025» rəqəmləri «2230» rəqəmləri ilə əvəz ediləcək. Sənəd səsə qoyularaq ikinci səsvermədə təsdiq edilib.

Sonra «Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında» qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Deputatlar qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Milli Məclisin deputatlarının büdcə zərfinə daxil olan sənədlərlə bağlı təklif və tövsiyələr hökumət tərəfindən ilkin olaraq təhlil edilib, bəzi tədbirlər üzrə xərclərin artırılması üçün tələb olunan maliyyə təminatının mənbəsi, görüləcək işlərin fiziki həcmi, icra müddəti və digər xüsusiyyətləri nəzərdən keçirilib. Digər tərəfdən qaldırılan məsələlərin həlli üçün maliyyə təminatının yaradılması vəzifəsinə 2019-cu ildə və sonrakı üç ildə makro iqtisadi sabitliyin qorunub saxlanılması və büdcə dayanıqlılığının təmin edilməsi prizmasından da baxılıb. Bu zaman yeni qəbul edilmiş büdcə qaydasının əsas prinsipləri qorunub. Bütün bunları nəzərə alaraq bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb.

Nazir bildirib ki, bütövlükdə irəli sürülən təkliflərin maliyyə tutumu 610 milyon manat təşkil edir. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyələşməsinə yönəldiləcək. Belə ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cu ildə Dövlət Neft fondunun büdcəsindən bu məqsədə 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Regionlarda məşğulluq səviyyəsinin artırılması məqsədi ilə məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsindən əlavə olaraq 80 milyon manat vəsaitin ayrılması təklif olunur. 2019-2020 tədris ilindən başlayaraq ölkə üzrə ali təhsil alanlara nisbətdə dövlət sifarişi ilə ali təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manat vəsait təhsil xərclərinə yönəldiləcək. Gənclər Fondunun növbəti il üçün nəzərdə tutulmuş xərcləri əlavə olaraq 2,7 milyon manat artırılacaq. Bu da cari illə müqayisədə 4,4 dəfə çoxdur. Milli Elmlər Akademiyasının xərcləri 800 min manat artırılacaq. Yeni doğulmuş eşitmə və ürək qüsuru olan uşaqların müalicəsi üçün səhiyyə xərclərinə əlavə olaraq 4 milyon manat vəsait nəzərdə tutulur.

Maliyyə naziri deyib ki, 2019-cu ilin dövlət büdcəsi layihəsinin Milli Məclisə təqdim edildiyi, həmçinin müzakirələr ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və fərmanları ilə yeni yaradılmış və strukturunda dəyişiklik edilmiş bir sıra təşkilatların maliyyə təminatının həll edilməsi üçün 5,5 milyon manat vəsait ayrılacaq. Milli Məclisin 2019-cu il üçün nəzərdə tutulmuş saxlama xərclərinin 10,1 milyon manat məbləğində artırılması təklif edilir. Yeni torpaq sahələrinin əkin yerlərinə daxil edilməsi, suvarılan sahələrin artırılması və digər meliorativ tədbirlərin həyata keçirilməsi üçün kənd təsərrüfatı xərclərinə əlavə olaraq 40 milyon manat vəsaitin ayrılması təklif edilib. Bununla yanaşı, 256 milyon manat məbləğində vəsaitin islahatların həyata keçirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda, bələdiyyələrə ayrılan subvensiyanın artırılması məqsədi ilə onlara verilən dotasiyalar 500 min manat məbləğində azaldılacaq. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq təsdiq olunub.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli «Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında» qanun layihəsini ikinci oxunuşda təqdim edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilk oxunuşda müzakirə edilmiş Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı olaraq əsas parametrləri diqqətə çatdırıb. Bildirib ki, Fondun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır, bu da carı ilin müvafiq proqnoz göstəricisindən 349,34 milyon manat və ya 9,8 faiz çoxdur. Orta aylıq əmək haqqının artım tempi cari ildə 5,7 faiz təşkil etdiyi üçün əmək pensiyalarının indeksləşdirilməsi üçün 171 milyon manat vəsait nəzərdə tutulub. Növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,3 faiz artaraq 241 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 272 manata çatacaq. 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 91,94 milyon manatdır, bu da cari ilin büdcəsi üzrə proqnoza nisbətən 4,4 faiz və ya 3,8 milyon manat artıqdır.

Nazir qeyd edib ki, 2019-cu ildə digər xərclər üçün isə 93,2 milyon manat vəsait nəzərdə tutulub. Fondun büdcəsinin gəlirləri 3 milyard 928,1 milyon manat proqnozlaşdırılır. Bu da 2018-ci ilin proqnoz göstəricisindən 8,9 faiz çoxdur. Gəlirlərin 61,6 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Bunun da məbləği 2 milyard 419 milyon manata bərabər olacaq. Cari ilin proqnozu ilə müqayisədə 6 faiz artıq olacaq. Qanun layihəsi səsvermə yolu ilə ikinci oxunuşda qəbul edilib.

Hadi Rəcəbli «İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında» qanun layihəsini ikinci oxunuşda təqdim edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi, ümumilikdə, 83 milyon 450 min manat məbləğində müəyyən edilib. Bu məbləğin böyük bir hissəsi, 42 milyonu məhz özünüməşğulluq tədbirlərinə həsr olunub. Özünüməşğulluq tədbirləri vətəndaşlarımızın passiv sosial dəstək mexanizmindən aktiv sosial dəstək mexanizminə keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Cari ildə hədəf olaraq 7 minədək Azərbaycan ailəsində kiçik müəssisələrin, kiçik ailə təsərrüfatlarının yaradılması qarşıya məqsəd qoyulub. Növbəti ildə bu həcm daha da artırılacaq. Digər tərəfdən məbləğin 19 milyon 260 min manatı dövlət məşğulluq xidməti orqanlarının saxlanma xərclərinə, o cümlədən iki regional peşə tədris mərkəzinin tikintisinə sərf olunacaq. Sənəd səsə qoyularaq ikinci oxunuşda təsdiq olunub.

İclasda, həmçinin, «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında», «Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihələri də ikinci oxunuşda səsvermə yolu ilə təsdiqlənib.

Sonra Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Bildirilib ki, dəyişikliklər əsasən «kölgə iqtisadiyyatı»nın azaldılmasını və iqtisadiyyatın şəffaflaşdırılmasını, vergi tutma bazasının genişləndirilməsini, vergi inzibatçılığının təkmilləşdirilməsini, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsini, vergi ödəyicisinin hüquqlarının genişləndirilməsini və sahibkarlığın inkişafının dəstəklənməsini nəzərdə tutur.

Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə bağlı çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib: «Qanun layihəsi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və «kölgə iqtisadiyyatı»nın miqyasının azaldılmasından, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsindən, vergitutma bazasının genişləndirilməsindən, inzibatçılığın və nəzarətin gücləndirilməsindən, güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsindən ibarətdir. Dövlətimizin başçısının tapşırığına əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı təqdim olunan dəyişikliklər sırasında başlıca yer tutur. Təcrübə göstərir ki, əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsinə sövq edir. Bu vəziyyət ölkəmizdə «kölgə iqtisadiyyatı»nın genişlənməsinin əsas səbəblərindən biridir.

Diqqətinizi bəzi müqayisəli statistikaya cəlb etmək istərdim. Azərbaycanda əmək ödənişlərinin ÜDM-də xüsusi çəkisi bir qayda olaraq 20 faizdən aşağı olduğu halda, qonşu Gürcüstanda və Qazaxıstanda bu göstərici 24-30 faiz arasındadır. Azərbaycanda əhalinin pul gəlirlərinin cəmi 25 faizini əmək ödənişləri təşkil edir. Qazaxıstanda isə bu göstərici 65 faizdən yuxarıdır. Muzdlu işçilərin məşğul əhalidə payı bizdə 31,5 faiz olduğu halda, Gürcüstanda bu göstərici 42 faizi ötür. Nəhayət, Azərbaycanda nağd pul kütləsinin geniş pul kütləsində xüsusi çəkisi 50-55 faiz, Gürcüstanda 30-32 faiz, Rusiyada 19-20 faiz, Qazaxıstanda isə 13-14 faiz səviyyəsindədir. Statistika göstərir ki, 2014-2016-cı illərdə əmək müqaviləsi olmadan işləyənlərin sayı artıb. Belə ki, 2015-ci ildə vergi nəzarəti tədbirləri zamanı belə işçilərin sayının 12,8 faiz, 2016-cı ildə isə 52 faiz artması müəyyən edilib».

M.Cabbarov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı» təsdiq edilib. Tədbirlər Planının icrası məqsədi ilə Vergilər Nazirliyi tərəfindən əmək müqavilələri qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi istiqamətində vergi nəzarəti tədbirləri keçirilir. 2018-ci ilin 10 ayında bu sahədə 4100 pozuntu halı aşkar olunub, 3.901.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib, 15 cinayət işi qaldırılıb. Lakin sahibkarlarda iqtisadi motivasiyanı yaratmadan görülən nəzarət və inzibati tədbirlər istənilən nəticəni vermir.

Əməkhaqqı sistemində aparılan islahatların əsas məqsədləri barədə danışan nazir deyib: «Bu islahatın əsas məqsədi qeyri-rəsmi verilən əməkhaqqını və iş yerlərini «kölgədən» çıxarmaqdır. Qeyri-rəsmi əməkhaqqının nağd şəkildə ödənildiyini nəzərə alaraq, islahatın əsas məqsədinə nail olunması, eyni zamanda, nağd pula tələbatı əhəmiyyətli dərəcədə aşağı salmaqla «kölgə iqtisadiyyatı»nın həcminin azalmasına gətirib çıxaracaq. İslahat mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsinə və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasına yönəldilib. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur».

Nazir bildirib ki, «kölgə iqtisadiyyatı»nın mövcudluğundan ən çox zərər görən sıravi vətəndaşdır. Məlum olduğu kimi, qeyri-rəsmi əməkhaqqı və iş yerləri nəticəsində «kölgə iqtisadiyyatı»nda çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və ya onun faktiki aldığı əməkhaqqı rəsmi əmək müqaviləsində göstərilmədikdə, sosial sığorta haqları toplanılmır və işçilərin fərdi pensiya hesabında əks olunmur. Bu, işçiləri gələcəkdə layiqli pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan təklif olunan islahat yüz minlərlə insanın pozulmuş pensiya və sosial müavinət hüquqlarının bərpa edilməsini nəzərdə tutur. «Qeyd olunanları nəzərə alaraq, biz qeyri-neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektora gəlir vergisi üzrə müddətli güzəştlərin verilməsi formasında əmək bazarının leqallaşması üçün həm də iqtisadi stimulları və motivasiyanı təklif edirik», - deyə nazir vurğulayıb.

Təklif olunan islahat modelinin həm də bəzi sosial-iqtisadi problemlərin həllinə də kömək edəcəyini deyən vergilər naziri qeyd edib ki, rəsmi əməkhaqqı vətəndaşların, şəffaflaşan xərclər isə müəssisələrin bank kreditlərinə çıxış imkanlarını genişləndirəcək, bununla bankların kredit aktivliyinin yüksəlməsinə şərait yaranacaq və bu, iqtisadi artıma müsbət təsir göstərəcək. Bildirilib ki, əmək bazarının şəffaflaşması həm də sosial-iqtisadi göstəricilərin həqiqi səviyyəsinin «görsənməsinə» və yaxşılaşmasına imkan verəcək. Bununla da sosial-iqtisadi siyasət sahəsində qəbul edilən qərarların keyfiyyəti yüksələcək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.