Vergiler.az

2019-cu ilin dövlət büdcəsi layihəsi müzakirə olunub

 

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. İclasda «2019-cu il dövlət büdcəsi haqqında», «2019-cu il üçün yaşayış minimumu haqqında», «2019-cu il üçün ehtiyac meyarının həddi haqqında» və digər qanun layihələri müzakirəyə çıxarılıb.

Maliyyə naziri Samir Şərifov bildirib ki, 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək.

2019-cu ildə Vergilər Nazirliyinin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat, büdcədə bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib.

Bildirilib ki, 2019-cu il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 30 faizi həcmində olmaqla, mütləq ifadədə 24 milyard 780 milyon manat təşkil edəcək. Dövlət büdcəsi xərclərinin 12 milyard 554 milyon manatı və ya 50,7 faizi cari xərclərə, 9 milyard 891 milyon manatı və ya 39,9 faizi əsaslı xərclərə, 2 milyard 335 milyon manatı və ya 9,4 faizi dövlət büdcəsinə xidmətlə bağlı xərclərə yönəldiləcək. 2019-cu ilin dövlət büdcəsinin xərclərində konkret proqram və tədbirlərin maliyyələşməsi üçün 10 milyard 314 milyon manat və ya 41,6 faiz həcmində dövlət büdcəsindən vəsait yönəldiləcək. Bu da cari illə müqayisədə 2 milyard 77 milyon manat və ya 25,2 faiz çoxdur.

Sonra iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev növbəti il və sonrakı 3 il üzrə ortamüddətli dövr üçün ölkənin sosial-iqtisadi proqnoz göstəriciləri barədə məlumat verib.

İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin həll edəcəyi əsas problemlər və 2019-cu il üçün vergi siyasətinin başlıca istiqamətləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas məqsəd və vəzifə Vergilər Nazirliyinin işini və vergi qanunvericiliyini iqtisadi artımın və sahibkarlığın inkişafının dəstəklənməsinə, özəl investisiyaların səmərəli təşviqinə yönəltməkdir: «Bununla yanaşı, şərtlərin və bərabər vergi yükünün təmin edilməsi qarşıda duran əsas vəzifə kimi qəbul edilir. Xüsusilə bu il özəl və qeyri-neft sektorlarında təklif olunan vergi güzəştlərinin islahatı da bu sahəyə yönəldilib. Əmək bazarının və əməkhaqqı sisteminin şəffaflaşdırılmasını güclü vergi stimullarının yaradılmasında görürük. Üçüncü istiqamət kimi, vergidən yayınmanın miqyasının azaldılması, uçotun bərpası, mal dövriyyəsinin sənədləşdirilməsi, idxal aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə effektiv vergi nəzarətinin təmin olunması müəyyənləşib. Dördüncü istiqamət vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsindən ibarətdir. Növbəti istiqamət isə vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsidir. Sirr deyil ki, iqtisadiyyatımızın bir çox sahələrinə ayrı-ayrı iqtisadi sahələrin inkişafını təmin etmək üçün vergi güzəştləri tətbiq olunur. Bu güzəştlərin əsas məqsədi, bir qayda olaraq, iqtisadi səmərəliliyin yüksəldilməsini təmin etməkdir. Bu istiqamətdə fəaliyyətimizi gücləndirməyi planlaşdırırıq. Son istiqamət olaraq, vergi inzibatçılığının təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergi bazasının genişləndirilməsi ilə, inzibatçılığının təkmilləşdirilməsi ilə vergi yığımının yaxşılaşdırılması və artırılması nəzərdə tutulub. Bu problemlərin həlli üçün 2019-cu ildə vergi siyasətinin 5 başlıca istiqaməti müəyyənləşib. Bunlar «kölgə iqtisadiyyatı»nın azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, ikinci istiqamət olaraq vergitutma bazasının genişləndirilməsi, sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsidir. Vergi Məcəlləsinə edilən və təklif olunan bütün dəyişikliklər məhz bu istiqamətlərdən qaynaqlanır».

Sonra Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli, Xanhüseyn Kazımlı 2019-cu ilin dövlət büdcəsi zərfi barədə fikirlərini bildirib, qeyd və təkliflərini veriblər. Müzakirələrdən sonra «Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında» qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.