Vergiler.az

Azərbaycan islahatların sayına görə dünyada birincidir

 

Dünya Bankı tərəfindən hazırlanmış biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən «Doing Business 2019» hesabatında Azərbaycan Respublikasının mövqeyi 190 ölkə arasında 25-ci yerə yüksəlib. Bu, ötən ilin hesabatı ilə müqayisədə

32 pillə irəliləyiş deməkdir. Hesabatda Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Respublikamız MDB ölkələri arasında lider mövqeyə yüksəlib.  Hesabatda Ermənistan 41-ci, Rusiya 31-ci, Qazaxıstan 28-ci, Türkiyə 43-cü,

Ukrayna isə 71-ci yerdə qərarlaşıb.

«Doing Business» hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. «Doing Business» komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Hesabat xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda («Qlobal Rəqabətlilik Hesabatı», «Qlobal İnnovasiyalar İndeksi», «İqtisadi Azadlıq İndeksi», «Qlobal İmkanlar İndeksi» və s.) baza rolunu oynayır.

«Doing Business 2019» hesabatında respublikamız əksər indekslər üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan «Biznesə başlama» üzrə 9-cu, «Tikintiyə icazələrin alınması» üzrə 61-ci, «Elektrik təchizatına qoşulma» üzrə 74-cü, «Mülkiyyətin qeydiyyatı» üzrə  17-ci, «Kreditlərin alınması» üzrə 22-ci, «İnvestorların hüquqlarının müdafiəsi» üzrə 2-ci, «Vergilərin ödənişi» üzrə 28-ci, «Beynəlxalq ticarət» üzrə 84-cü və «Müqavilələrin icrasının təmin edilməsi» indeksi üzrə 40-cı, «Müflisləşmə» indeksi üzrə 45-ci yerdə qərarlaşıb. Bütövlükdə «Doing Business-2019» hesabatında 10 indikatordan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb.

Vergilər Nazirliyinin Beynəlxalq təcrübələrin araşdırılması və layihələrin idarə olunması şöbəsinin rəhbəri Eldar Babazadənin sözlərinə görə, «Doing Business 2019» hesabatında iki indikator - «Biznesə başlama»  (Starting business) və  «Vergilərin ödənişi» (Paying taxes) birbaşa vergi məsələlərinə aiddir. Ölkəmiz hər iki göstərici üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, «Biznesə başlama» üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, «Vergilərin ödənilməsi» indikatoru üzrə 35-ci yerdən 28-ci yerə yüksəlib.

 «Biznesə başlama» sahibkarın (sənaye və kommersiya) biznesə başlaması üçün tələb olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcmini ifadə edir. Bu reytinq göstəricisi üzrə kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gündür. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı daxil) 2 günə bərabərdir.

«Biznesə başlama» göstəricisi xarici investisiya və yeni texnologiyaların axını üçün stimullaşdırıcı təsir göstərən amil kimi dəyərləndirilir. Bu göstərici Azərbaycan üçün əlverişli sərmayə mühitinin olmasının bir təkanverici faktoru sayıla bilər. Xarici sərmayəçilər biznesin qeydiyyatında və fəaliyyətə başlamada vaxt amilinə mühüm önəm verirlər.

«Biznesə başlama» prosedurları üzrə respublikamız əksər region ölkələrini üstələyir. Azərbaycanda bu göstərici üzrə prosedurların sayı 2 olduğu halda, Avropa və Mərkəzi Asiya ölkələrində orta hesabla 5, OECD ölkələrində isə 4,8 təşkil edir. Vaxt (gün) indeksi Azərbaycanda 3, Avropa və Mərkəzi Asiya ölkələrində 12,1, OECD ölkələrində 9,2-dir. Xərc indeksi üzrə (adambaşına düşən gəlirin faizi) Azərbaycanın əmsalı 1,3,  Avropa və Mərkəzi Asiya ölkələrinin əmsalı 5,3, OECD ölkələrinin əmsalı 3,4-dür. Minimum kapital (adambaşına düşən gəlirin faizi) üzrə respublikamız 0 əmsalına, Avropa və Mərkəzi Asiya ölkələri 5,8, OECD ölkələri 8,8 əmsalına malikdir.

Hesabatın «Vergilərin ödənilməsi» indeksi üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur.  Bu metodologiyaya əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi və ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil, yol vergiləri və sair aid edilir.

Dövlət büdcəsinə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq olunan yeniliklər əvvəlki illərin reytinq cədvəllərində öz əksini tapıb və «Vergilərin ödənişi» göstəricisi ölkəmizin xeyli irəliləməsinə səbəb olub.  Hesabatda isə ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması  və digər sahələrdə əldə edilmiş nailiyyətlər nəzərə alınıb. Ötən dövr ərzində Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb və həmin hesabatların hazırlanıb ödənilməsinə sərf olunan vaxt 40 saat qiymətləndirilib. Digər yığımlar - sosial müdafiə ayırmaları, mənfəət və əlavə dəyər vergisi üzrə 159 saat müəyyənləşdirilib. Ödənişlərin sayı 6, ümumi vergi dərəcəsi isə 39,8% qeyd olunub.

Dünya Bankının aparıcı qurumlarından olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ölkəmizdəki daimi nümayəndəsi Aliyə Əzimova bildirib ki, «Doing Business» hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur: «Azərbaycan ötən il həyata keçirilən islahatların sayına görə regionda ön sırada olub, ən yaxşı göstəricilərə malik 10 ölkə arasında islahatlar aparmaqla 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib. Qeyri-neft sektorunun inkişafını prioritet kimi müəyyən etmiş ölkə üçün «Doing Business» göstəricilərində uğurların əldə edilməsi növbəti inkişaf istiqamətlərini aydın görməyə imkan verir».

Dünya Bankının tərəfdaşı olan «PricewaterhouseCoopers» şirkətinin vergi eksperti Arif Quliyev hesabatda vergi ilə bağlı məsələlərin çox pozitiv olduğunu bildirib. Onun sözlərinə görə, vergi sistemində elektronlaşmanın genişlənməsi, sahibkarların onlayn qeydiyyatının aparılması, elektron vergi bəyannamələrinin tətbiqi, vergitutma sahəsində xərc tələb edən prosedurların azaldılması vergi ilə bağlı indikatorların yaxşılaşmasında mühüm rol oynayıb: «Hazırda vergi sisteminin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin, eləcə də xarici investisiyaların cəlb edilməsi məqsədilə rəqabətədavamlı vergi rejiminin təmin olunmasını nəzərdə tutan islahatlar davam etdirilir. 2018-ci ildə vergi sistemində əhəmiyyətli islahatların və dəyişikliklərin olmasını nəzərə alsaq, 2020-ci ilə dair «Doing Business» hesabatında birbaşa vergi ilə bağlı indekslərin daha da yaxşılaşacağını proqnozlaşdırmaq mümkündür. Xüsusilə də ödənişlərə sərf olunan vaxt, ümumi vergi yükü üzrə sub-indekslərdə bir neçə pillə irəliləyişin olması gözləniləndir».

Azərbaycanda Amerika Ticarət Palatasının («AmCham Azərbaycan») icraçı direktoru Natəvan Məmmədova hesabatı şərh edərkən bildirib ki, «Doing Business 2019»da Azərbaycanla bağlı müsbət indikatorların yer alması ölkəmizdə azad biznesin fəaliyyətinə yaradılan əlverişli şəraitin, davamlı islahatların məntiqi nəticəsi hesab oluna bilər:  «Bu, bir daha göstərir ki, sahibkarlığa dəstək məqsədilə aparılan islahatlar biznes mühitinin bütün sahələri, xüsusilə də biznesə başlama, tikinti üçün icazələrin alınması, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı və bir sıra başqa sahələrdə müsbət dəyişikliklərə şərait yaradıb».

N.Məmmədova bildirib ki, hesabatın nəticələri Azərbaycana daha çox xarici investisiyaların cəlb edilməsi üçün şərait yaradacaq: «Hesabatda biznesin rəqabətliliyi, investorların hüquqlarının qorunması və digər göstəricilər üzrə yaxşı nəticələr xarici sərmayəçilər üçün mühüm əhəmiyyət kəsb edir. İnvestorlar daha yaxşı və cəlbedici sərmayə reytinqi olan ölkələrə daha çox maraq göstərirlər. İnanırıq ki, iqtisadiyyatın rəqabətliliyinin artırılması və dayanıqlı inkişafın təmin edilməsi üçün iqtisadi islahatlar bundan sonra da davam etdiriləcək.

Yaxın gələcəkdə Rəqabət Məcəlləsi, İnvestisiya Fəaliyyəti haqqında yeni qanunların qəbulu və gözlənilən vergi islahatları ölkəmizdə biznes mühitinin inkişafına növbəti töhfə olacaq və beynəlxalq hesabatlarda Azərbaycanın reytinqinin daha da yüksəlməsinə rəvac verəcək».

İcraçı direktor «AmCham Azərbaycan»ın bu məqsədlə hökumətlə əməkdaşlıq etməyə və palatanın öz təcrübə və biliklərini bölüşməyə hər zaman hazır olduğunu vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərdə irəliləməsi aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir: «İqtisadiyyat sağlam özəl sektor olmadan inkişaf edə bilməz. Özəl sektor inkişaf etdikcə yeni iş yerləri açılır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır. İqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirir. Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. «Doing Business 2019» hesabatında Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub. Bu, «top 10 ölkə», əsasən, biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 ən yaxşı islahat həyata keçirənlərdir. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşdırıb və islahatların sayına görə dünyada birinci olub. Tikintiyə icazələrin «bir pəncərə» prinsipi ilə verilməsi, «ASAN Kommunal» mərkəzlərinin açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb».

 

 

Elbrus CƏFƏRLİ