Vergiler.az

Sahibkar qadınlar ölkə iqtisadiyyatında önəmli rola malikdirlər

 

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ölkədə qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində, ümumilikdə ölkə iqtisadiyyatında onların fəallığının artırılması baxımından böyük rol oynayır. Müsahibimiz AQSİA İdarə Heyətinin sədri Səkinə Babayevadır

- Səkinə xanım, rəhbərlik etdiyiniz qurum hansı zərurətdən yaranıb? Ümumiyyətlə, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində assosiasiyanın rolu nədən ibarətdir?

- Sahibkar qadınlarla dövlət tədbirlərində bir araya gəldiyimiz zaman işimizlə əlaqədar çoxlu suallar yaranırdı ki, bunları cavablandırmaq üçün belə bir qurumun yaradılması zərurəti ortaya çıxırdı. Assosiasiyamız ölkə Prezidentinin tövsiyəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə yaranıb.

 Dövlət başçısı tərəfindən sahibkarlığın inkişafı istiqamətində verilən sərəncamlar, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə baxılması sahəsində apelyasiya şuralarının yaradılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi və digər tədbirlər özəl sektorun inkişafında xüsusi rol oynayır. Bu sahədə gedən davamlı inkişaf qadın sahibkarlığının inkişafına və assosiasiyamızın yaranmasına təkan verdi.

- AQSİA hansı istiqamətlərdə fəaliyyət göstərir və təsis edildikdən sonra qarşıya qoyulan məqsədlərə çata bilmisinizmi?

- Fəaliyyətimizin əsas istiqamətləri qadın sahibkarlara kömək etmək, işgüzar xanımları nümunə kimi təşviq edərək qadınların özəl sektorda fəaliyyətini gücləndirməkdir.

Əlbəttə, prioritet fəaliyyətlər də var: kənd təsərrüfatının bağçılıq, bostançılıq, ekoloji qablaşdırma kimi sahələrinin, ekoloji qidanın, kənd, eko-dağ turizminin inkişaf etdirilməsi bizim üçün çox önəmlidir.

Layihələrimizi həyata keçirmək üçün İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və digər dövlət qurumları ilə birlikdə təlimlər təşkil edir, beynəlxalq təcrübələrdən yararlanırıq.

Qısa zaman kəsiyində strukturun və düzgün strategiyanın qurulması, müvafiq komissiyaların yaradılması, regionlarda nümayəndəliklərimizin açılması kimi işləri başa çatdırmışıq.

- Qadın sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərirlər?

- Assosiasiya üzvü olan sahibkar qadınlarımızın açdıqları tədris, kosmetologiya, estetik xidmətlər və tibb mərkəzləri qadın sahibkarlığının inkişafına böyük töhfə verir. Regionlarda isə əsas diqqət kənd təsərrüfatının inkişafına yönəldilir. Qadın sahibkarlarımızın bu sahələrdə yetərincə uğurları vardır.

- İşgüzar görüşlər, səmərəli layihələr və təlimlər sahibkar qadınların fəaliyyətini stimullaşdırmaq baxımından əhəmiyyətlidir...

- Assosiasiya yarandığı gündən bir çox yerli layihələr həyata keçirib. Regionlarda biznes inkubatorlarının yaradılması da qadın sahibkarlığının inkişafına dəstək layihələri çərçivəsində atılan addımlardandır.

Bundan əlavə, Xaçmaz və Quba rayonlarında qadınların seçmə qaydasında təlimə cəlb edilməsi onların əmək fəaliyyətinə başlaması, öz seçdiyi biznes sahəsi üzrə müəyyən bilik və təcrübələrə yiyələnməsi baxımından çox əhəmiyyətlidir. Xaçmaz rayonunda «Əl əməyi, göz nuru» adlı dörd sərgi təşkil etmişik. «İdeyadan biznesə doğru» layihələri əsas uğurlarımızdandır. Bu layihələr içərisində biznesə yeni başlayan xanımların sahibkarlıq fəaliyyətindən daha uğurlu nəticələr əldə etmiş qadınlarla görüşlər effektiv nəticələr verir. Regionlarda maarifləndirici layihələrimiz davam edir. Burada əsas məqsəd ən uzaq dağ kəndlərini mərkəzlə əlaqələndirməkdir.

Qadınlar arasında sahibkarlığı daha da genişləndirmək üçün aidiyyəti dövlət və vətəndaş cəmiyyəti qurumlarının, kütləvi informasiya vasitələri, mütəxəssis icması da daxil olmaqla, bütün ictimaiyyətin davamlı dəstəyinə ehtiyac var. Xüsusi bacarığı olan xanımların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq proqram hazırlanıb və onların əməyinin bəhrəsi olan məhsulların satışını təşkil etmək üçün layihələr həyata keçirilir.

Xarici layihələrdə də həvəslə iştirak edirik. Avstraliya, Malayziya, İndoneziya kimi uzaq ölkələrdə keçirilən konfranslarda, Sahibkar Qadınların 66-cı Dünya Konqresində iştirakımız, Həştərxanda sərgimizin nümayişi beynəlxalq əlaqələrimizi gücləndirir. Gürcüstan, Latviya və Azərbaycan sahibkar qadınlar təşkilatlarının Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində üç ölkənin müvafiq qurumları arasında memorandum imzalanıb.

Rusiya Federasiyasının Həştərxan vilayətinin İşgüzar Qadınlar Assosiasiyası və Gürcüstan Qadın İş Adamları Birliyi ilə əməkdaşlıq müqaviləsi imzalanıb, birgə icra olunacaq regional layihələr müzakirə edilib. Əsas məqsədimiz dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən biznes qurumlarına üzv olmaq, beynəlxalq aləmdə mövqelərimizi gücləndirməkdir.

- Ölkədə fəaliyyət göstərən digər qurumlarla əməkdaşlığın əsasını nədə görürsünüz?

- Müxtəlif qurumlar, QHT və assosiasiyalarla imzalanan memorandumlar uğurlu əməkdaşlığın əsasını qoyur. Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə təşkil edilmiş Qadınların 5-ci Forumunun tərəfdaşı olmaq ən böyük müvəffəqiyyətimizdir. Bütün bunların təməlini isə düzgün strategiya və proqram, işin sistemli qurulması təşkil edir.

- Gələcək planlarınız...

- Qadınlar öz bizneslərini yaradıb, inkişaf etdirib, idarə edə bildikdə iqtisadiyyatda güclü rol oynayırlar. Qadınların öz biznes fəaliyyətini həyata keçirmək imkanına malik olduğu ölkələrdə iqtisadiyyat çiçəklənir. Qadınlar çox böyük əzmkarlıqla öz ideyalarını reallığa çevirə, ətraf mühiti və dünyanı dəyişə bilirlər.

Uğurlara gedən yolda dörd əsas hədəfimiz var: regionlarda istifadəsiz torpaqlarımızı dirçəltmək üçün qadın sahibkarlarımıza dəstək olmaq; məhsullarımızı «Made in Azerbaijan» istehsalı əsasında ixrac etmək; qadınlarımızı kor-koranə deyil, daha bilikli və bacarıqlı yöndən inkişaf etdirmək; kənd təsərrüfatı və digər sahibkarlıq sahələri üzrə biznes fəaliyyətinə başlamaq istəyən qadınlara yardım etmək.

Yaxın zamanlarda qadın sahibkarların məhsullarının satışına dəstək olmaq üçün portal yaratmağı planlaşdırırıq. Sosial öhdəliklərimizi də unutmuruq: cəmiyyətin həssas təbəqələri, şəhid ailələri, aztəminatlı ailələr üçün də layihələr gerçəkləşdiririk...

 

 

Müsahibəni hazırladı: Fəxriyyə İKRAMQIZI