Vergiler.az

Ukraynada qeyri-rəsmi məşğulluğa qarşı mübarizə sərtləşdirilir

 

Muzdlu işçilərin əməyindən istifadə edən işəgötürənlərdə yoxlamalarla bağlı şərtlər Nazirlər Kabinetinin qərarı ilə 2017-ci ildən gücləndirilsə də, qaydalar, demək olar ki, işləməmişdir.

2018-ci ilin ilk yarısının göstəricilərinə əsasən, yoxlamalar zamanı qeyri-rəsmi məşğulluqla bağlı 8.800 qanun pozuntusu aşkar olunmuşdur. Hazırda ölkə üzrə işləyənlərin 30 faizinin əmək münasibətləri rəsmiləşdirilməmişdir. Bu statistikaya işə qəbul edilərkən əmək müqaviləsi bağlanılmamış işçilərlə yanaşı, rəsmən minimal səviyyədə maaş müəyyənləşdirilmiş işçilər də daxildir: onlar əməkhaqqının əsas hissəsini «zərfdə» alırlar.

2018-ci ildə aparılmış yoxlamar zamanı aydın olmuşdur ki, işəgötürənlərin yarısı əmək qanunvericiliyini pozur və bunun nəticəsində yerli büdcələr böyük həcmdə itkilərə məruz qalır.

Bütün bunları nəzərə alan hökumət qanun pozucularının aşkara çıxarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülməyə başlandığını elan etmişdir. Oktyabr ayından biznes subyektlərində başlanılmış ciddi yoxlamalarda Dövlət Əmək Komitəsinin müfəttişləri, yerli idarəetmə orqanlarının təmsilçiləri ilə yanaşı, vergi və polis əməkdaşları da iştirak edirlər.

Qanuna əsasən, işçilərlə rəsmi əmək müqaviləsi bağlamayan, əməkhaqqını «zərfdə» verən işəgötürənləri ciddi cərimələr gözləyir.  

· hər bir rəsmiləşdirilməmiş əməkdaş üçün 111.690 qrivna (6.760 manat);

· əməkhaqqından vergi və sosial yığımlar tutulmamış hər bir işçi üçün 111.690 qrivna (6.760 manat);

· əməyə görə ödəniş zəmanəti pozulmuş hər bir işçi üçün 37.230 qrivna (2254 manat);

· əməkhaqqının tam həcmdə ödənilməməsi və ya əməkhaqqının vaxtında ödənilməməsi üçün 11.169 qrivna (6.760 manat);

· qanunvericiliklə müəyyənləşdirilmiş məzuniyyətin verilməməsi, tabelin düzgün qurulmaması və işlənilmiş vaxtın uçotunun dəqiq aparılmaması üçün 3.723 qrivna (225 manat).

Əmək  münasibətlərinin rəsmiləşdirilməsinin yoxlanılması məqsədilə gələn müfəttişin müəssisəyə buraxılmaması üçünsə işəgötürəni daha ağır cərimə gözləyir: 372.300 qrivna (22.536 manat). 

Yoxlamalar planlaşdırılmış və plandankənar aparıla  bilər. Planlaşdırılmış yoxlamalar barədə iş adamları ilin əvvəlində Dövlət Əmək Müfəttişliyinin rəsmi saytından məlumat ala bilərlər. Növbədənkənar yoxlamanın aparılması üçünsə hər hansı işçinin öz əmək hüquqlarının, eləcə də əmək və vergi qanunvericiliyinin pozulması barədə ərizə ilə müraciət etməsi kifayət edir.