Vergiler.az

Azərbaycan dünyada ilk dəfə mobil rezidentlik təqdim edib

 

Oktyabrın 24-də Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) birgə təşkilatçılığı ilə «Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı:

Elektron və Mobil Rezidentlik Proqramı»nın təqdimat mərasimi keçirilib. Konfransda Azərbaycanın dövlət qurumlarının, biznes icmasının, ictimai təşkilatların üzvləri, ABŞ, Tailand, İsveçrə, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və digər ölkələrin 200-ə yaxın nümayəndəsi iştirak edib.

 

Konfransı giriş nitqi ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, regionun təşəbbüskar və lider ölkəsi olan Azərbaycan nəqliyyat, logistika, neft-qaz layihələri ilə Qərblə Şərqi, Şimalla Cənubu birləşdirərək mühüm strateji mövqeyini möhkəmləndirməkdədir. Respublikamız rəqəmsal imkanları ilə Avrasiyanın mərkəzinə çevrilib və təsadüfi deyil ki, Avrasiyanın ilk Rəqəmsal Ticarət Qovşağı məhz Azərbaycanda yaradılıb: «Hazırda yeni çağırışların astanasında olan ölkəmiz «dördüncü sənaye inqilabı»nın ruhuna uyğun olaraq, rəqabətli və dayanıqlı inkişafın gələcəyini innovativ texnologiyaların tətbiqində, «yaşıl iqtisadiyyat» və rəqəmsal dövlət quruculuğunda görür və mövcud texnoloji resurslar, iqtisadi imkanlar bu istiqamətdə sərf olunmaqdadır. Müasir qlobal meyilləri cəmiyyətin həyat tərzinə çevirməyi prioritet hesab edən Azərbaycan dünyada ikinci Rəqəmsal Ticarət Qovşağını yaratmaqla, ilk mobil rezidentlik və ikinci elektron rezidentliyi təqdim etməklə region üçün nümunəvi ölkə olduğunu təsdiqləyir».

Tədbirdə çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bildirib ki, Azərbaycan bir çox aspektlər, o cümlədən texnoloji baxımdan Qərblə Şərqi birləşdirən bir məkandır. Bu baxımdan, ISESCO ilə «ASAN imza»nın tanıdılmasına dair imzalanmış memorandum Azərbaycanın beynəlxalq rəqəmsal tranzitdə yerini və mövqeyini möhkəmləndirəcək. Qeyri-rezidentlərə elektron imza sertifikatlarının verilməsi isə xarici biznes üçün investisiya rəqabətini genişləndirməklə xarici sərmayələrin yeni dalğasına təkan verəcək.

Avropa İttifaqı vergi sahəsində

e-xidmətlərin tətbiqi ilə bağlı yeni layihələrə dəstək verəcək

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib ki, Azərbaycan ən qabaqcıl elektron texnologiyaları tətbiq  etməklə Avropa ilə tərəfdaşlığın yeni mərhələsinə daxil olmaqdadır. Hökumət neft və qaz sənayesini rəqəmsal bizneslə əvəz etməklə, şaxələndirilmiş iqtisadiyyat quruculuğunda prinsipiallığını nümayiş etdirir. Avropa İttifaqı vergi, gömrük, sosial müdafiə, əmək bazarı və digər sahələrdə e-xidmətlərin tətbiqi ilə bağlı yeni layihələrə öz dəstəyini davam etdirəcək. 

Sonra mobil rezidentlik ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə, elektron rezidentlik isə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa təqdim edilib. Konfransda çıxış edən rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının yeni platformasını formalaşdırmaqla beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsinə və xarici ticarət əməliyyatlarının genişləndirilməsinə nail olmaqdadır. Ötən müddətdə dövlətimizin diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə xarici iş adamları ilə qeyri-rezidentlərə elektron imza, o cümlədən «ASAN imza» sertifikatının verilməsi imkanı yaradılıb. Hazırda bir çox ölkələrlə elektron imzaların qarşılıqlı tanıdılması istiqamətində işlər davam etdirilir. 

Əcnəbilər elektron və mobil rezi­dent­lik vasitəsilə Azərbaycanın rəqəmsal vətəndaşlığını əldə edəcəklər

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli qeyd edib ki, elektron rezidentlik Azərbaycanın səfirlikləri və diplomatik nümayəndəlikləri vasitəsilə həyata keçiriləcək. Xarici ölkə vətəndaşları elektron və mobil rezidentliyi əldə etmək üçün Azərbaycana gəlmədən öz ölkələrində bu proseduru identikləşdirəcək və Azərbaycanın rəqəmsal vətəndaşlığını əldə edəcəklər. Beləliklə, onlar respublikamızda təqdim olunan bütün elektron xidmətlərdən ölkəyə gəlmədən, heç bir miqrasiya prosesindən keçmədən istifadə etmək imkanı qazanacaqlar. E-rezidentlik onlara Azərbaycanda yeni şirkəti qeydiyyatdan keçirmək, bank əməliyyatları və müxtəlif ödənişlər aparmaq, vergiləri onlayn şəkildə ödəmək imkanı verəcək.

Bəyannamələrin böyük əksəriyyəti elektron formada göndərilir

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov vergi sistemində tətbiq olunan elektron xidmətlər, xarici investisiyaların və xarici ticarətin genişlənməsində qeyri-rezidentlərə verilən «ASAN imza»nın əhəmiyyəti barədə danışıb. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, vergi sistemində də geniş tətbiq olunmaqla vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsini ehtiva edir. Ölkədə sahibkarlığın inkişafına və vergi mühitinin yaxşılaşdırılmasına xidmət edən bu islahatların əsas hədəfi vergi mədəniyyətini yüksəltmək və könüllü vergi ödəmələrini təmin etməkdir. Məhz bu məqsədə nail olmaq üçün vergi inzibatçılığında - vergi ödəyicilərinə göstərilən xidmətlərdə müasir metodlardan, xüsusilə elektron xidmətlərdən istifadənin genişləndirilməsinə daim diqqət verilir: «Hazırda Vergilər Nazirliyində 69 sayda elektron xidmət həyata keçirilir və həmin xidmətlərdən istifadə edənlərin sayı durmadan artır. Elektron qeydiyyatın tətbiq olunduğu dövrdən indiyədək qeydiyyata alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin 52,7%-i, o cümlədən 2017-ci ildən dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 70%-i elektron qaydada dövlət qeydiyyatından keçib. Bu gün bəyannamələrin 95,1%-i, o cümlədən ƏDV üzrə bəyannamələrin 98%-i elektron formada göndərilir».

Bildirilib ki, təkcə 2018-ci ilin ötən 9 ayı ərzində Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 159 min «ASAN imza» sertifikatı  (bura «şəxsi», «iş», «dövlət və bələdiyyə» sertifikatları da daxildir) verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,3% çoxdur. Ümumilikdə isə ötən 5 il ərzində istifadəçilərə 573 mindən çox «ASAN imza» sertifikatı verilib. Bu, «E-hökumət»in ən yaxşı modeli  kimi özünü doğruldub, elektron xidmətlərin genişlənməsində, biznesin inkişafında, yerli və xarici investorların fəaliyyətinin asanlaşmasında əhəmiyyətli rola malikdir.

Qeyri-rezidentlərə «ASAN imza»nın (elektron və mobil rezidentlik) verilməsi ilə Azərbaycanda e-xidmətlər sektorunda yeni növ e-xidmətin tətbiqinə başlandığını deyən Ə.Məmmədov qeyd edib ki, artıq Vergilər Nazirliyi tərəfindən bununla bağlı texniki baza formalaşdırılıb və qanunvericilik aktlarının tələbinə uyğun olaraq proqram təminatı hazırlanıb. O, əcnəbi investorlara «ASAN imza»nın verilməsinin ölkəmizdə xarici investisiyalı müəssisələrin sayının və iqtisadiyyatın daha da cəlbediciliyinin artmasına səbəb olacağına əminliyini ifadə edib: «Hazırda respublikamızda xarici investisiyalı hüquqi şəxslərin sayı 9934-ə (aktiv hüquqi şəxslərin 15,2%-i) bərabərdir, onlardan 2511-i xarici hüquqi şəxsin filial və nümayəndəlikləri, 2347-si birgə mülkiyyətli hüquqi şəxslər, 5076-sı isə (51,1%) tam xarici investisiyalı hüquqi şəxslərdir. Ötən ilin 9 ayı ilə müqayisə etsək, qeydiyyata alınmış tam xarici investisiyalı hüquqi şəxslərin sayı  58,6% artıb. İndi isə ölkəmizdə qeyri-rezidentlərə elektron imzanın verilməsinə başlanılır, əminik ki, bu, xarici investisiyalı hüquqi şəxslərin sayının və coğrafiyasının artımına səbəb olacaqdır».

«E-imza»nın verilməsi xarici rezidentlərin vergi daxilolmalarının artmasına səbəb olacaq

Konfransda çıxış edən Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, Türkiyənin «EDAM» innovasiya mərkəzinin rəhbəri Ussal Şahbaz, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, «Gazinformservice» MMC-nin baş icraçı direktorunun müşaviri Sergey Kiryushkin, «BEST Solutions» Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe, «Bridgiz» şirkətinin baş icraçı direktoru Ahmed Larouz və digər natiqlər bildiriblər ki, Azərbaycan Estoniyadan sonra əcnəbilərə e-rezidentlik təqdim edən ikinci ölkə olmaqla, rəqəmsal dövlət quruculuğunda güclü siyasi iradəyə malik olduğunu göstərir. E-rezidentliyin əldə olunması xarici şirkətlərin transsərhəd mübadiləsi və elektron imzaların qarşılıqlı tanınması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu platformanın yaradılması Azərbaycanda xarici biznesin inkişafının stimullaşdırılmasına töhfə verəcək, ölkəmizə səfər edən əcnəbi turistlərin, iqtisadiyyata yatırılan sərmayələrin və vergi daxilolmalarının artmasına səbəb olacaq.

 


Elbrus CƏFƏRLİ