Vergiler.az

Kassa çeki nə üçün alınmalıdır?

 

Şəhərimizin əksər supermarketlərində, iri ticarət obyektlərində  alıcıya kassa çeki əvəzinə daha çox «müştəri qəbzi» təqdim etməyə meyil edirlər. Bu isə dövriyyənin gizlədilməsi və vergidən yayınmanın ən geniş yayılmış formalarından biridir.

Hüquqşünas Xəyal Məmmədxanlının sözlərinə görə, bu cür qanunsuz halların qarşısını almaq yalnız dövlət orqanlarının işi olmamalıdır, öz növbəsində ictimaiyyət bu sahədə fəal iştirak etməlidir: «İstehlakçı hüquqlarının müdafiəsi üçün ən təsirli addım alınan istənilən mala görə nəzarət-kassa aparatının çeklərinin tələb edilməsidir. Çek - malın haradan alınmasını təsdiqləyən rəsmi sənəddir. Satıcılar mal satarkən istehlakçıya qəbz, kassa çeki və ya digər yazılı sənəd verməyə borcludurlar. Əks təqdirdə, Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməyən və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq edilmiş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə böyük məbləğdə cərimələr tətbiq olunur. Artıq bu cərimələrin bir neçə dəfə artırılması ilə bağlı Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər Millli Məclis tərəfindən qəbul olunub».

Hüquqşünas bildirir ki, qəbz - NKA tətbiq edilməyən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarının aparılmasında istifadə edilən, maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini özündə əks etdirən, forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Qəbzdə sifarişçi fiziki şəxsin adı, soyadı, atasının adı və VÖEN-i, hüquqi şəxsin isə adı və VÖEN-i, qəbzi çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i), qəbzin adı, seriya və nömrəsi, təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları kimi zəruri rekvizitlər əks etdirilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin və «İstehlakçı hüquqlarının müdafiəsi haqqında» Qanunun tələblərinə görə, alıcı aldığı malı dəyişdirə bilər. Əgər satıcıda dəyişdirmək üçün zəruri mal yoxdursa, alınan mal mağazaya qaytarılır və alıcının ödədiyi pul tam məbləğdə özünə verilir. İstehlakçı qeyri-ərzaq malını aldığı andan 14 gün ərzində onu geri qaytarmaq hüququna malikdir.


Fəxriyyə İKRAMQIZI