Vergiler.az

Vergilər Nazirliyi məlumat mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq standartların tətbiqini genişləndirir

 

Müsahibimiz Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində yaxından iştirak edən İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının (OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomsondur

 

- Cənab Tomson, Azərbaycanla OECD arasında mövcud əməkdaşlıq münasibətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanla təşkilatımız arasında münasibətlərin tarixi artıq 25 ili əhatə etsə də, ikitərəfli əməkdaşlığımız son illərdə daha da möhkəmlənərək yeni mərhələyə qədəm qoymuşdur. Hazırda Azərbaycan Mərkəzi Asiya və Şərqi Avropa üzrə OECD-nin Anti-Korrupsiya Şəbəkəsinin fəal üzvü kimi mühüm rol oynayır.  İstanbul Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq biznes, maliyyə, institusional islahatlar sahələrində daha da dərinləşib. Bunlardan əlavə, Azərbaycan OECD-nin Rəqabətlilik üzrə Regional Mərkəzi və Rəqabətlilik üzrə Qlobal Forumu ilə fəal əməkdaşlıq edir və bu, ölkə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadiyyatda şəffaflığın təmin olunmasına öz töhfəsini verir. Əlaqələrin digər bir istiqaməti ətraf mühit siyasətini əhatə edir. OECD Azərbaycanda mədən yanacağına dair subsidiyaların verilməsinin təkmilləşdirilməsi, su təsərrüfatında səmərəliliyin təşkili, ekoloji tarazlığın bərpası və «yaşıl iqtisadiyyat» göstəricilərinin inkişaf etdirilməsi sahələrində islahatların aparılmasına öz dəstəyini verir. Təhsil sektorunu əhatə edən layihə çərçivəsində isə «Şagirdlərin qiymətləndirilməsi» proqramı həyata keçirilir. Dünyada geniş yayılmış bu araşdırma metodu üç ildən bir olmaqla, yuxarı sinif şagirdlərinin riyaziyyat və digər elmlər üzrə biliklərini, tədrisi mənimsəmə qabiliyyətini ölçməklə təhsil sisteminin ümumi vəziyyətini qiymətləndirməyə imkan verir. Biz İnkişafa Yardım Komitəsinin köməyi ilə iqtisadi və hüquqi islahatlara dəstək veririk. Komitə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi ilə birgə son illərdə qanunvericiliyin təkmilləşdirilməsinə, islahatların genişləndirilməsinə və  digər inkişaf tədbirlərinə yardım göstərir.

Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlığımız mühüm yer tutur. Əsas fəlsəfəsi kiçik və orta biznesin inkişafına dəstək göstərmək olan həmin proqram Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində aparılan islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsinə dəstək göstərir. Layihə çərçivəsində investisiyanın təşviqi və asanlaşdırılması, xarici investorlar ilə əlaqələrin genişləndirilməsi, kiçik və orta sahibkarlıq strategiyalarının, fəaliyyət planlarının monitorinqinin aparılması və qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi, iqtisadi islahatların səmərəliliyinin monitorinqi, biznes sektorunda aparılan tədbirlərin qiymətləndirilməsi və təhlili nəzərdə tutulub.

- Yaxın günlərdə keçiriləcək OECD-nin Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində «Eurasia Week» beynəlxalq tədbirində Azərbaycanın da iştirakı nəzərdə tutulur. Tədbirdə hansı məsələlər müzakirə ediləcək?

- OECD-nin bu il Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində təşkil edəcəyi «dəyirmi masa»nı iqtisadiyyat üzrə nüfuzlu ekspertlər üçün biznes və rəqabətlilik, müasir islahatlar və digər mövzularda çıxış və təcrübə mübadiləsi aparmaq baxımından  geniş platforma hesab etmək olar. Tədbirin əsas mövzularından biri kiçik və orta sahibkarlığın, özəl sektorun inkişafı məsələləridir. Bu sahədəki vəziyyətlə bağlı ekspertlərin rəy və təklifləri dinləniləcək. Tədbirin Azərbaycan üçün əhəmiyyətinə gəlincə, ölkəniz həmin proqramlarda 10 ilə yaxın bir müddətdə iştirak etsə də, «dəyirmi masa»da geniş ekspert heyətinin müzakirələrinə ilk dəfə qatılacaq. Bu, islahatlar aparan respublika üçün olduqca mühümdür. «Eurasia Week»də, adətən, müvafiq dövlət orqanlarının nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanı İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, digər dövlət qurumlarının, özəl sektorun nümayəndələrinin təmsil etməsi nəzərdə tutulub. Azərbaycanla bağlı proqram iki hissədən ibarətdir:

· birincisi, «Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»nin həyata keçirilməsinin vəziyyətinin müzakirə edilməsi;

· ikincisi, Azərbaycanda xarici sərmayəçilər üçün yaradılmış investisiya mühiti, kiçik və orta müəssisələr arasında biznes əlaqələrinin inkişaf etdirilməsi barədə vəziyyətin müzakirəsi.

Hər iki məsələdə maraqlı ekspert baxışları olacaq və Azərbaycan tərəfinin müzakirələrdə fəal iştirakına  ümid edirik.

- OECD «Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum»a üzv olmuş Azərbaycanın vergi administrasiyasında tətbiq edilən şəffaflıq və məlumat mübadiləsi standartlarını yüksək qiymətləndirib. Təmsil etdiyiniz təşkilatın Vergilər Nazirliyi ilə həmin sahədə əməkdaşlığının  gələcək istiqamətlərini necə görürsünüz? 

- Azərbaycanın vergi administrasiyası qeyd etdiyiniz Qlobal Forumda fəal iştirak edir. Vergilər Nazirliyi Foruma üzv ölkə kimi məlumat mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq standartların praktiki tətbiqini genişləndirir. Bu siyasət vergi qanunvericiliyinin təkmilləşdirilməsi və qabaqcıl ölkələrin vergi qanunvericiliyi ilə uzlaşdırılması, vergi sistemində ən mütərəqqi yeniliklərin tətbiq olunması, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından çox vacibdir. Qabaqcıl innovasiyalara açıq olan Azərbaycanın vergi sistemi  OECD ilə müasir texnologiyaların tətbiqi sahəsində davamlı işlər həyata keçirir. Vergi administrasiyasının nümayəndələrinin OECD-nin Vergi siyasəti və İnzibatçılığı Mərkəzinin tədbirlərində və treninqlərində müzakirələrdə fəal iştirakı təşkilat tərəfindən yüksək dəyərləndirilir. Təşkilatın tədbirlərində məlumat mübadiləsinin genişləndirilməsi, ümumi hesablama standartlarının tətbiqi, BEPS və transfert qiymətləndirmə sahəsində birgə iştirak, offşorlar vasitəsilə vergidən yayınmanın qarşısının alınması sahəsində mübarizədə effektivliyin yüksəldilməsi, həmin sahədə məlumat mübadiləsindən bir alət kimi istifadəyə geniş yer verilməsi və digər mövzularda iştirak Azərbaycanın vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının, təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırda Vergi siyasəti və İnzibatçılığı Mərkəzi ilə Azərbaycan arasında beynəlxalq səviyyədə vergi cinayəti və vergidən yayınmanın qarşısının alınmasına dair sıx əməkdaşlıq münasibətləri var. Bu isə vergi qaçaqmalçılığı sahəsində təsirli mübarizənin aparılmasına töhfə verir.

- Azərbaycanla əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?

- Hazırda həyata keçirilən layihələr onu təsdiqləyir ki, OECD  Azərbaycanla yuxarıda qeyd olunan prioritetlər üzrə əməkdaşlığı davam etdirəcəkdir. Təşkilat həm hazırda icra olunan layihələrə, həm də digər layihələrə dəstək göstərəcək.  Əməkdaşlığın əsas istiqamətlərindən biri kimi, dövlət idarəetmə sektorunda islahatların dərinləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, sosial və ekoloji siyasətin təkmilləşdirilməsi, makroiqtisadi siyasətin yeni meyarlarının hazırlanması, struktur islahatlarının aparılması prioritetlərdəndir. Yaxınmüddətli əməkdaşlıq strategiyasına uyğun olaraq, Azərbaycanda layihələrimizin üç əsas istiqamətini müəyyən etmişik. Bunlar sərmayə və biznes cəlbediciliyinin təmin edilməsində institusional islahatlara, ticarət və nəqliyyat siyasətinə dəstəkdir. Əminəm ki, genişlənən əməkdaşlığımız Azərbaycan iqtisadiyyatının inkişafı üçün faydalı olacaqdır.

 


Elbrus CƏFƏRLİ