Vergiler.az

Azərbaycan biznesin səmərəliliyi üzrə ən yaxşı ölkələr qrupundadır

 

«Qlobal Rəqabətlilik Hesabatı-2018/2019»da bir sıra göstəricilər üzrə ölkəmizin mövqeyi yaxşılaşıb

 

Dünya İqtisadi Forumu «Qlobal Rəqabətlilik Hesabatı-2018/2019» sənədini ictimaiyyətə təqdim edib. Hesabatda qlobal sosial-iqtisadi çağırışlar nəzərə alınmaqla ən son yanaşma və müasir metodoloji qiymətləndirmə meyarlarına üstünlük verilib. Əvvəlki qiymətləndirmələrdə tətbiq olunan 114 indikatorun 74 faizi dəyişdirilib, bir neçəsi ləğv olunub və 68 yeni indikator daxil edilib. Hesabat, ümumilkdə, 98 indikatora əsasən hazırlanıb.

Dünyanın iqtisadi və texnoloji olaraq ən rəqabətədavamlı iqtisadiyyatı 85,6 bəndlə ABŞ olub. Qlobal rəqabətlilik reytinqində Sinqapur 83,5 bəndlə ikinci, Almaniya 82,8 bəndlə üçüncü, İsveçrə isə 82,6 bənd ilə dördüncüdür. Yaponiya bu il 3 pillə yüksələrək reytinqdə 82,5 bəndlə 5-ci yerə yüksəlib, Hollandiya isə 82,4 bəndlə 6-cı yerə geriləyib. Honq Konq 82,3 bəndlə 7-ci sıradakı mövqeyini qoruyub, İngiltərə isə iki pillə geriləyərək 82 bəndlə 8-ci yeri tutub. İsveç 81,7 bəndlə 9-cu sıradakı yerini qoruyub, Danimarka bir pillə yüksələrək 80,6 bəndlə 10-cu olub. Danimarkanın ardınca Finlandiya, Kanada, Tayvan, Avstraliya, Cənubi Koreya, Norveç, Fransa, Yeni Zelandiya, Lüksemburq və İsrail gəlir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Nicat Hacızadənin sözlərinə görə, yeni metodoloji yanaşma Azərbaycanda aparılan iqtisadi siyasətin, islahatların müsbət nəticələr verdiyini təsdiqləyir. Bunu hesabatdakı makroiqtisadi sabitliyin təmin olunması, biznes sektorunda islahatların təsirli nəticələr verməsi, büdcə-fiskal sahələrdə yeni yanaşmaların tətbiqi və digər meyarlarda görmək mümkündür.

İqtisad elmləri doktoru Zahid Məmmədov isə bildirib ki, builki hesabat yeni metodologiya əsasında 4.0 formatında, rəqəmsal dövlət konsepsiyasına uyğun hazırlanıb. Hesabatda qiymətləndirilən ölkələrin iqtisadiyyat, sosial, elm, təhsil, infrastruktur, investisiya, idarəetmə və digər sektorlarında rəqəmsallaşmanın tətbiqi vəziyyəti əsas meyarlardan biri kimi nəzərə alınıb. Bu baxımdan, inkişaf etməkdə olan bir çox ölkələrin, o cümlədən Azərbaycanın bəzi göstəricilər üzrə yüksək nəticə əldə edə bilməməsi təbiidir. Buna  baxmayaraq, xüsusilə biznes fəaliyyəti üzrə reytinqdə Azərbaycanın mövqeyi yaxşılaşıb. Biznesin səmərəliliyi üzrə 31-ci yerdə qərarlaşan ölkəmiz ötən illə müqayisədə 9 pillə irəliləyib: «Bu nailiyyətdə son bir ildə biznes mühitinin təkmilləşdirilməsi və sahibkarların hüquq və mənafelərinin qorunması ilə bağlı həyata keçirilən tədbirlərin mühüm rolu vardır. Ölkə Prezidentinin «Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» sərəncamından irəli gələn məsələlərin icrası sayəsində biznesə başlama prosedurları sadələşdirilib, sahibkarların qeydiyyatı, ixrac qaydaları asanlaşıb, biznesin səmərəliliyi üçün əlavə addımlar atılıb. Dövlət başçısının imzaladığı «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanın icrası ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması sahəsində yeni imkanlar açıb».

Ölkəmizin yüksək nəticələr əldə etdiyi sahələrdən biri İKT sektorudur. Rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, respublikamız İKT-dən istifadə səviyyəsinə görə irəlidə gedən dövlətlər sırasındadır. Hazırda respublikamızda rəqəmsal dövlət quruculuğuna başlanılıb və müvafiq Dövlət Proqramına uyğun olaraq, bütün sahələrdə rəqəmsallaşmanın tətbiqi əsas hədəf kimi qarşıya qoyulub.

Azərbaycan infrastruktur təminatı sahəsində də yaxşı ölkələr qrupundadır. Regionlarda sosial infrastrukturun yaxşılaşdırılması, su, işıq, qaz və digər kommunal sahələrdə təminatın yaxşılaşdırılması, yeni infrastrukturların yaradılması müsbət nəticənin əldə olunmasına imkan verib.

 


Elbrus CƏFƏRLİ