Vergiler.az

İdxal-ixrac əməliyyatları üzrə məlumat mübadiləsi

 

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən idxal-ixrac əməliyyatları üzrə birgə nəzarət mexanizminin tətbiqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edən Vergilər Nazirliyinin Tədris Mərkəzinin «İqtisadiyyat və menecment» kafedrasının müdiri İmran Qarayev bildirib ki, dünya iqtisadiyyatının qloballaşması, mal və xidmətlərin, maliyyə resurslarının sərbəst axını, maliyyə və vergi cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi, bəzi ziddiyyətli məqamların aradan qaldırılması vergi və gömrük orqanları arasında koordinasiyanın genişləndirilməsini və idxal-ixrac əməliyyatlarına birgə nəzarəti zəruri edir. Qeyd olunub ki, dövlət başçısının imzaladığı «İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» sərəncama əsasən, bir sıra idxal-ixrac əməliyyatları üzrə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi nəzərdə tutulub. Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamentində bu tapşırıqların yerinə yetirilməsi məqsədilə işçi qrup yaradılıb və iş planı tərtib edilib. Hər iki dövlət qurumu tərəfindən birgə yaradılan Vahid Risk Platformasının əsas komponentlərindən biri xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcıları və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsinin təmin olunmasıdır. Bu məqsədlə beynəlxalq təcrübədə vergi və gömrük orqanları arasında geniş istifadə olunan xarici ticarət statistikası metodologiyası, informasiya mübadiləsini tənzimləyən qanunvericilik aktlarının müəyyənləşdirilməsi, informasiya mübadiləsinin mexanizmləri və həyata keçirilməsi üsullarının təhlili üzrə araşdırmalar davam etdirilir.

Tədris Mərkəzinin «Vergi qanunvericiliyi və təsərrüfat hüququ» kafedrasının müəllimi Orxan Balayevin sözlərinə görə, beynəlxalq təcrübədə vergi və gömrük orqanları arasında nəzarətin əsas mexanizmlərindən biri birgə koordinasiyalı şəkildə informasiya mübadiləsinin təşkilidir. Hər iki tərəf idxal və ixrac, valyuta bəyannamələri, transfer və gömrük qiymətləndirilməsi, daxili, birbaşa və dolayı vergilər, riskli vergi ödəyiciləri haqqında, informasiyanın təhlili barədə bir-birini məlumatlandırır. İnformasiya mübadiləsi sorğu, avtomatik ötürülən məlumatlar, təhlil, sistemli informasiya bazasına qarşılıqlı giriş imkanları, istifadə olunmuş məlumat bazası və analitik informasiya yolu ilə həyata keçirilir. Beynəlxalq təcrübədə vergi və gömrük administrasiyaları arasında informasiya mübadiləsinin ən səmərəli modelləri hesab edilən Serbiya, Rusiya Federasiyası, Cənubi Koreya, Birləşmiş Krallıq, Finlandiya, ABŞ, İspaniya və Avropa İttifaqının Gömrük İttifaqına daxil olan ölkələrin təcrübəsi nəzərdən keçirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan üçün ən uyğun model İspaniya təcrübəsi hesab edilir. Ölkəmizin vergi və gömrük orqanları birgə məlumatlandırma sistemini yaratmaqla potensial risklərin identifikasiyası, təhlil, audit, nəzarət, transfer qiymətləndirilməsi və digər sahələrdə güclü əməkdaşlıq quracaq.

 


ELBRUS