Vergiler.az

İdman-mərc oyunlarına nəzarət gücləndirilib


Nazirlər Kabineti «İdman-mərc oyunlarının təşkili və keçirilməsi qaydaları»na dəyişiklik edilməsi ilə bağlı qərar qəbul edib və bununla da  qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxsin hüquq və vəzifələri, məsuliyyət tədbirləri artırılıb.

Yeni qaydalara əsasən, operatorun hüquq və vəzifələrindən biri kimi «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanunda nəzərdə tutulmuş tələblərə əməl etmək müəyyənləşdirilib. Məqsəd həmin sahəyə nəzarətin artırılması və qeyri-leqal fəaliyyətin qarşısının alınmasıdır. «Bədən tərbiyəsi və idman haqqında» Qanuna əsasən, idman-mərc oyunlarına maliyyə nəzarəti funksiyası Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərinə aiddir. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi isə ölkə ərazisində idman-mərc oyunlarının operatoru ilə müqavilə bağlanılmadan fəaliyyət göstərən oyunların həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınmasına nəzarət edir.

İdman-mərc oyunlarını təşkil edən şəxslərin akkreditasiyası isə Gənclər və İdman  Nazirliyinin səlahiyyətlərinə aiddir. Nazirlik akkreditasiya olunmadan oyunların keçirilməsinə və qanunsuz təşkilinə qarşı mübarizə aparmaq səlahiyyətlərinə malikdir. Bundan əlavə, idman-mərc oyunlarını təşkil edən şəxslərin vergi öhdəliklərinə nəzarəti də Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

 2016-cı il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, idman-mərc oyunlarından əldə edilən uduşlar ödəmə mənbəyində vergiyə cəlb edilib. Mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6% dərəcəsi ilə, oyunların satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqqından 4% dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır və dövlət büdcəsinə ödənilir.

Mərc bileti üzrə idman-mərc oyunlarından əldə edilən uduşlardan mərc biletinin alınması üçün operatora ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxıldıqdan sonra qalan məbləğdən 10% dərəcə ilə vergi tutulur. Vergi öhdəliklərini yerinə yetirməyən şəxslər üçün maliyyə sanksiyaları nəzərdə tutulub.

Mövcud qanunvericiliyə əsasən, uduş əldə edən şəxsin vergisini oyunu keçirən operator özü rəsmiləşdirir. Uduşu qazanmış şəxsdən 10 faiz dərəcə ilə vergi tutan operator vergi bəyannaməsini vergi orqanına təqdim edərkən həmin uduş məbləğləri ilə bağlı məlumatları da bəyan edir. Ona görə də gəlir əldə edən fiziki şəxsin vergi orqanında uçota alınması və bəyannamə təqdim etmək öhdəliyi yaranmır. Həmin şəxs vergi ödənişləri ilə bağlı sənədləşmə işlərində yaranan problemlərə görə məsuliyyət daşımır.

 


ELBRUS