Vergiler.az

«First in Azerbaijan»a doğru...


Ölkəmizdə rəqabət qabiliyyətli məhsulların ixracında özünü doğrultmuş «Made in Azerbaijan» brendinin yeni modeli olan “First in Azerbaijan» («Azərbaycanda ilk») mexanizminin təşkilinə başlanılıb.

«First in Azerbaijan» əsasən qeyri-neft sektorunun mühüm sahələrindən olan İKT məhsullarının, elmi-innovativ ideyalara əsaslanan intellektual mülkiyyətin, enerji, əmlak və neft sektorlarında hazırlanan müasir rəqabət qabiliyyətli innovativ məhsulların istehsalı və ixracını nəzərdə tutur.

İqtisad elmləri doktoru Vilayət Vəliyev bildirib ki, müasir iqtisadi şərait respublikamızda qabaqcıl texnologiyalara əsaslanan, elmtutumlu  milli istehsalın formalaşdırılmasını zəruri edir. Bunun təşkili üçün ölkəmizdə əlverişli zəmin və potensial insan kapitalı mövcuddur. Azərbaycanın intellektual kadr bazası elmtutumlu rəqabət qabiliyyətli məhsul istehsalına imkan verir. Buna görə də yeni «First in Azerbaijan» modelinin əsasını mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılması, iqtisadiyyatda elmi innovasiyaların və intellektual mülkiyyətin  önə çəkilməsi kimi prinsiplər müəyyənləşib.

İqtisadçı qeyd edib ki, dünya bazarlarında investorlar öz kapitallarını daha çox elmi innovasiyalara, biznes ideyalarına yönəltməyə üstünlük verirlər, çünki həmin sərmayələr uğurlu biznes üçün əsas mənbə rolunu oynayır. Müasir qlobal çağırışları nəzərə alan Azərbaycan hökuməti xarici kapitalın biznes layihələrinə cəlb edilməsinə çalışır. Həmin layihələrə vençur fondlarının, bulud texnologiyalarının, startapların, səhm və maliyyə bazarlarının təmsilçiləri, rəqəmsal texnologiyalar və intellektual mülkiyyət sahəsində inkişaf etmiş biznes qruplarının üzvləri cəlb olunacaq.

Yeni brendin xarici bazarlarda təşviqi üçün müxtəlif stimullaşdırıcı tədbirlərin görülməsi də nəzərdə tutulur. İxrac məhsullarının çeşidi və coğrafiyasının şaxələndirilməsi, «First in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi ilə yanaşı, ixracyönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiq edilməsi məqsədilə müvafiq işlər aparılır. Stimullaşdırma ilə əlaqədar digər işlərə əlverişli maliyyə şərtləri, logistika, infrastrukturun yaxşılaşdırılması, xarici bazarlara çıxış üçün yardım daxildir. Bununla yanaşı, milli ixracın stimullaşdırılması məqsədilə sahibkarlıq subyektlərinin idxal və ixrac əməliyyatında tələb olunan sənəd və prosedurların sayının azaldılması, ixracdakı hesablamaların sadələşdirilməsi, ixracatçılar üçün daha münasib şəraitin yaradılması nəzərdə tutulur.

 


E. CƏFƏRLİ