Vergiler.az

«Təhlükəsiz dövlət naminə: vergiləri ödəyək»

 

Ölkədə vergi mədəniyyətinin yüksəldilməsi, cəmiyyətdə vergiödəmə vərdişinin formalaşdırılması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir. Bu sahədə təbliğat, məlumatlandırma və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə nazirliyin təşəbbüsü ilə hazırlanmış sosial reklam çarxlarında vergi ödəyicilərinin dövlət büdcəsinə ödədiyi vergilərin hara və nə üçün xərclənməsi barədə konkret nümunələr əsasında ətraflı məlumat verilir, həmin vəsaitlərin vətəndaşların sosial təminatına, sağlam və təhlükəsiz yaşayışın təşkilinə sərf edildiyi obrazlı şəkildə ifadə olunur. Bununla dövlət büdcəsinin ödənilən vergilərdən asılı olduğunu, vergiləri ödəməklə cəmiyyətin hər bir üzvünün büdcənin formalaşmasında iştirak etdiyini və ölkəmizin inkişafına töhfə verdiyini vətəndaşların diqqətinə çatdırmaq, hər birimizin üzərinə düşən layiqli vətəndaş olmaq vəzifəsini icra etməyə inandırmaq nəzərdə tutulur.

Sosial reklam çarxlarının ideya müəllifi «Maxmedia» Reklam Agentliyinin direktoru Zaur Mamedov «Vergilər» qəzetinə bildirib ki, cəmiyyətimizdə vergi mədəniyyətinin yüksəldilməsi prosesinə hər bir vətəndaş fəal şəkildə qoşulmalıdır. Bu sahədə dövlət büdcəsinin gəlirlər hissəsini formalaşdıran qurumların və büdcədən maliyyələşən təşkilatların apardığı maarifləndirmə və təbliğat işinin də rolu çox əhəmiyyətlidir. Vergi mədəniyyəti vergi sisteminin inkişaf göstəricisidir və onun formalaşmasının əsas elementlərindən biri cəmiyyətdə vergiləri könüllü ödəmək vərdişinin yaradılmasıdır: «Sosial reklam çarxlarının hazırlanmasında əsas hədəflərdən biri də ölkədə vergi mədəniyyətinin formalaşdırılmasına, vergi ödəyicilərinin və bütövlükdə cəmiyyətin maarifləndirilməsinə nail olmaq, büdcə gəlirlərinin vergi yolu ilə daha da artırılmasının əhəmiyyətini diqqətə çatdırmaqdır. Müxtəlif peşə sahiblərinin cəmiyyətdəki rolunu əks etdirən sosial reklam çarxlarının süjetləri həyatda baş verən real hadisələr əsasında qurulub və həkim, polis zabiti, müəllim, yanğınsöndürənlərin fədakar əməyinə həsr olunub. Bu məqsədlə «təhlükəsiz, sağlam, qayğıkeş və savadlı dövlət naminə» kimi əsas çağırışlardan istifadə edilib».

Z.Mamedovun sözlərinə görə, bu cür təbliğat kampaniyalarının dövlət qurumları arasında əməkdaşlıq çərçivəsində aparılması görülən işlərin effektivliyini və səmərəliliyini daha da yüksəldə bilər: «Bu sosial reklamlarda ictimaiyyətə mesaj çatdırılır ki, əməkhaqqı, pensiya, təqaüd və müavinətlərin verilməsi, əhalinin sosial rifahının yüksəldilməsi, aztəminatlı ailələrə dövlət qayğısının, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması, ölkəmizin müdafiə qüdrətinin və ordumuzun daha da gücləndirilməsi kimi mühüm tədbirlər məhz vətəndaşların ödədiyi vergilərdən, dövlət büdcəsində toplanan vəsaitlərdən asılıdır. Bizim hazırladığımız sosial reklam çarxları bu taleyüklü məsələlərin son dərəcə vacib və əhəmiyyətli olduğunu bir daha cəmiyyətin diqqətinə çatdırır».

Sosial çarxların rejissorları - Vüsal Həsən və Ceyhun İbrahim­oğlu süjetlərin real hadisələrə əsaslandığını və çəkilişlərdə pe­şəkar aktyorlarla yanaşı, konkret peşə sahiblərinin də iştirak etdiyini bildiriblər. Qeyd olunub ki, sosial reklam çarxları «Maxmedia» Reklam Agentliyi və  «Gala Media Group» şirkəti tərəfindən hazırlanıb. Çəkilişlər Bakı şəhəri, Abşeron və Şabran rayonlarının ərazisində aparılıb. V.Həsənin sözlərinə görə, «Təhlükəsiz dövlət naminə: vergiləri ödəyək» devizi altında çəkilmiş ilk reklam çarxı yanğınsöndürənlərin peşə faəliyyətinin əhəmiyyətindən, onların vətəndaşların təhlükəsizliyi naminə göstərdiyi fədakarlıqlardan bəhs edir. Daxili İşlər Nazirliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Binəqədi, Nəsimi və Xəzər rayon dövlət yol polisi şöbələri, Abşeron Rayon Dövlət Yanğından Mühafizə Hissəsi və 1 saylı Kliniki Tibbi Mərkəzin texniki dəstək verdiyi və bu qurumların əməkdaşlarının bilavasitə iştirak etdiyi bir neçə reklam çarxının çəkilişləri başa çatdırılıb və yaxın vaxtlarda onların da yayımlanması nəzərdə tutulur.


2018-10-10