Vergiler.az

10 ən yaxşı e-xidmətin üçü vergilərə aiddir

 

Oktyabrın 8-də Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi («ASAN xidmət») və ADA Universitetinin birgə təşkilatçılığı ilə «ASAN xidmət indeksi» üzrə 2017-2018-ci il üçün qiymətləndirmənin nəticələrinə dair hesabatın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri Rəvan Səmədov bildirib ki, layihə çərçivəsində 30 mərkəzi icra hakimiyyəti orqanının, 13 yerli icra hakimiyyəti orqanının və  4 hüquqi şəxsin təqdim etdiyi ümumilikdə 634 elektron xidmət qiymətləndirilib. Qiymətləndirmə «ASAN xidmət indeksi» parametrləri - göstərilən xidmətlər barədə məlumatlandırma işinin təşkili (xidmət üçün tələb olunan sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə edilən müraciətlərin cavablandırılma operativliyi və s.), xidmətə müraciət imkanlarının (elektron, poçt, birbaşa) vəziyyəti, xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası, şikayət və nəzarət mexanizmlərinin təmin olunması, vətəndaş məmnunluğunun ölçülməsi üzrə aparılıb. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

«ASAN xidmət indeksi» üzrə ən yaxşı nəticəni Dövlət Miqrasiya Xidməti əldə edib. Vergilər Nazirliyinin fəaliyyəti elektron xidmətlərin göstərilməsində ən yaxşı nəticə əldə etmiş dövlət orqanı kimi qiymətləndirilib. Ümumiyyətlə, mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəyə malik ilk 10 e-xidmətin 3-ü Vergilər Nazirliyinə aiddir. Həmin xidmətlər bunlardır:

· Elektron vergi hesab-fakturasının qəbul olunması;

· Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı;

· Çağrı Mərkəzi vasitəsilə sadələşdirilmiş vergi bəyannaməsinin qəbulu.

 

 

ELBRUS