Vergiler.az

Güzəştli kredit əlverişli biznesə zəmin yaradır

 

Sahibkarların maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlər üzrə illik faiz dərəcələri 6-dan 5-ə endirilib. Bizneslə məşğul olan şəxslərə verilən kreditlərin həcmi də artırılıb. İndiyədək orta həcmli kreditlərin həcmi 50 min manat idisə, bundan sonra bu rəqəm 1 milyon manat təşkil edəcək. Bununla da sahibkarlar biznes layihələrini daha ucuz kredit resursları və daha böyük həcmdə maliyyə ilə həyata keçirməyə imkan əldə edəcəklər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, kreditlərin istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə elektron xidmətlər də təkmilləşdirilib. Güzəştli kredit almaq istəyənlər müvafiq sənədləri müvəkkil kredit təşkilatlarına və Sahibkarlığın İnkişafı Fonduna elektron formada təqdim edir, layihə barədə Fondun rəyi elektron qaydada müvəkkil kredit təşkilatına qaytarılır və bu barədə məlumatlar sahibkarların elektron ünvanına göndərilir. Beləliklə, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, vəsaitin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçirilir. Güzəştli kreditlərin uçotunun, eləcə də təyinatı üzrə istifadəsinə dair monitorinqlərin aparılması ilə əlaqədar bütün sənədləşmələr də tam elektronlaşdırılıb. Elektron idarəetmə sistemi vaxt itkisinin qarşısının alınmasına, izafi xərclərin aradan qaldırılmasına, bu sahədə sənəd dövriyyəsi prosesinin daha sürətli, təhlükəsiz həyata keçirilməsinə imkan verməklə yanaşı, sahibkara investisiya layihəsinin maliyyələşdirilməsi prosesinin bütün mərhələlərini izləməyə imkan yaradır.

Fond fəaliyyət göstərdiyi müddət ərzində sahibkarların təqdim etdiyi layihələrin maliyyələşdirilməsinə güzəştli şərtlər əsasında 2,12 milyard manat vəsait yönəldib. Kreditlərin 72%-i kənd təsərrüfatının, 28%-i isə sənaye və digər sahələrin payına düşüb. Vəsaitlərin 75%-i regionlarda, 25%-i isə Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən sahibkarların payına düşüb. Güzəştli kreditləri əldə etmiş sahibkarların sayı artıq 36 min nəfəri ötüb.

Onu da qeyd edək ki, bir müddət əvvəl publik hüquqi şəxs olan Sahibkarlığın İnkişafı Fondu bundan sonra özünümaliyyələşdirmə mexanizmi ilə fəaliyyət göstərəcək. Yeni strategiyaya əsasən, bundan sonra Fond dövlət büdcəsindən maliyyələşdirilməyəcək. 2019-cu ildən maliyyələşdirmə indiyədək sahibkarlara verilmiş kreditlərin geri qaytarılması hesabına həyata keçiriləcək. Bu məqsədlə kreditlərin verilməsi və ödənilməsi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub.  Biznes subyektlərinə verilmiş kreditlərin vaxtında və tam şəkildə geri ödənişi üçün təşviqedici addımlar atılacaq. Müvəkkil banklarla münasibətlərin tam şəffaflaşdırılması, kreditlərin müəyyən olunmuş faiz dərəcəsi üzrə verilməsinin və şəffaflığın təmin edilməsi məqsədilə  Fondun tərkibində audit institutu yaradılıb. Eyni zamanda, kreditlərin verilməsində yarana biləcək riskləri müəyyən etmək üçün risklərin idarə olunması strukturunun yaradılması da təmin edilib.

Fond tərəfindən iqtisadi layihələrdə xüsusi fəallıq nümayiş etdirən gənc sahibkarlara verilən güzəştli kreditlərin həcminin artırılması, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, regionlarda yeni biznes layihələrinin həyata keçirilməsində onlara üstünlük verilməsi nəzərdə tutulur. İndiyədək gənc sahibkarlar Fondun xətti ilə 400 milyon manatdan artıq güzəştli kredit əldə ediblər. Vəsaitlər hesabına gənclərin həyata keçirdiyi investisiya layihələri sayəsində 15 mindən çox yeni iş yeri açılıb. Bu siyasətin davamı kimi regionlarda gənclərin məşğulluğunun inkişaf etdirilməsi və əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması istiqamətində iqtisadi maarifləndirmə, məsləhət xidmətinin genişləndirilməsi, məşğulluq və sahibkarlıq fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, sərhədyanı bölgələrdə biznesə başlamaq istəyən gənclərə dəstək göstərilməsi diqqət mərkəzindədir. «Sahibkarlığın inkişafına dövlət dəstəyi» layihəsi çərçivəsində gənc sahibkarların və yeni sahibkarlıq fəaliyyətinə başlamaq istəyən vətəndaşların təqdim etdikləri layihələrin maliyyələşdirilməsi, regionlarda yaradılan kiçik və orta sahibkarlıq müəssisələrində, biznes-inkubatorlarda, sənaye texnoparklarında potensial qüvvə kimi onların imkanlarının artırılması əsas prioritetlərdəndir.

 

 

Elbrus CƏFƏRLİ