Vergiler.az

ABŞ-Meksika-Kanada sazişi polad tariflərinə təsir etməyəcək

 

ABŞ ticarət naziri Vilbur Ross bu ölkələr arasında imzalanacaq yeni ticarət sazişinin polad və alüminium tariflərinə təsir göstərməyəcəyini vurğulamışdır. O, «Fox Business Network»a verdiyi müsahibədə ABŞ və Kanadanın Şimali Amerika Ticarət Sazişinin (NAFTA) yenilənməsi üçün bir ildən artıq davam edən müzakirələrdə eyni mövqeyə gəlməyin zəruriliyini bildirmişdir.

Yeni sazişin ABŞ Prezidenti Donald Trampın ticarət siyasətinin düzgün olduğunu təsdiqlədiyini iddia edən Ross demişdir: «Bu, çox təməl bir islahatdır. Artıq NAFTA adlı bir şey yoxdur. Bunun əvəzində ABŞ-Meksika-Kanada (USMCA) sazişi var. NAFTA sarıdan başınız sağ olsun!» Nazir USMCA-nın hazırda polad və alüminium üçün mövcud tariflərinə təsir göstərib-göstərməyəcəyi barədə suala cavab verərkən vurğulamışdır: «Polad və alüminium məsələsi ilə bağlı milli təhlükəsizliyimiz baxımından maraq doğuran spesifik problemlər var və bunlar hələ də problem olaraq qalmaqdadır. Yeni sazişdəki müddəalardan biri gələcəkdə idxal edilən avtomobillərə 232-ci maddə çərçivəsində vergi qoymağımız ehtimalına qarşıdır. Bu müddəa Kanada və Meksikada istehsal olunan avtomobillərin mövcud səviyyələrdəki idxalatının yeni vergilərdən azad edilməsinə təminat verəcək». O, polad və alüminium üçün qoyulmuş əlavə vergilərin nə zaman ləğv ediləcəyi istiqamətində hər hansı zaman qrafikinin tutulmadığını bildirmişdir.

İqtisadçılar ABŞ-da poladın qiymətinin Tramp hakimiyyətinin mart ayında müəyyənləşdirdiyi əlavə vergilər sayəsində təxminən 37 faiz yüksəldiyinə diqqət yönəldərək, bunun başda avtomobil olmaqla, poladdan xammal kimi istifadə edən sahələri çətin vəziyyətə saldığını vurğulayırlar.