Vergiler.az

Azərbaycanın nar tingləri Kolumbiyada...

 

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvlərindən biri tərəfindən respublikamızdan aparılan tinglərlə Kolumbiyada 10 hektar nar bağı salınıb. Assosiasiya bir çox ölkələrdə tingçilik təsərrüfatını inkişaf etdirməklə Azərbaycan tinglərinin satışını planlaşdırır.

Assosiasiyanın sədri Fərhad Qaraşov jurnalistlərə müsahibəsində deyib ki, hazırda qurumun 28 üzvü var və onlardan 8-i iri nar istehsalçısı kimi, bu məhsulların komponentlərinin istehsalı ilə məşğuldur. Digərləri isə kiçik və orta fermerlərdir. Yaxın gələcəkdə onların sayı 40-dək artacaq. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi də öz dəstəyini əsirgəmir: «İstehsalçılarımız isə əsasən nar şirəsi, nar konsentratı, nar tumundan yağ və alkoqollu içkilərin istehsalı üzrə ixtisaslaşıblar».

Assosiasiya sədri onu da bildirib ki, narçılıq sahəsində torpaqdan başlayaraq, satışa qədər bəzi problemlər var. Hazırda bu problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla iş aparılır. Təşkilatın veb-saytının yaradıldığını deyən F.Qaraşov nar istehsalı ilə məşğul olan istənilən fermerin problemləri ilə bağlı assosiasiyaya və ya sayt vasitəsilə müraciət edə biləcəyini və həmin şəxslərə hər cür kömək göstəriləcəyini söyləyib.