Vergiler.az

Azərbaycanda qeyri-neft ixracı artıb


 Bu ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 94 milyon dollar məbləğində ixrac həyata keçirilib. Həmin dövrdə «Azexport.az» portalına 367 milyon dollar məbləğində ixrac sifarişi daxil olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2018-ci ilin sentyabr ayı üzrə «İxrac icmalı»nda bildirilir. İcmalda göstərilir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin səkkiz ayında Azərbaycan Respublikasının ixracı 12,9 milyard ABŞ dolları təşkil edib, qeyri-neft sektoru üzrə ixrac isə 1 milyard 94 milyon ABŞ dolları olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 131 milyon ABŞ dolları və ya 14 faiz artıb. Hesabat dövrü ərzində Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon, İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon və Çinə 32 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 144,4 milyon ABŞ dolları ixrac dəyəri ilə birinci, qızıl (81 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (63 milyon ABŞ dolları) üçüncü olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 8 ayında elektrik enerjisinin ixracı 65 faiz, pambıq ipliyinin ixracı 35 faiz, plastmas və ondan hazırlanan məmulatların ixracı 22 faiz, meyvə-tərəvəzin ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1 faiz artıb.

İcmalda bildirilir ki, cari ilin avqust ayında  qeyri-neft sektoru üzrə ixrac 125 milyon ABŞ dolları təşkil edib. İxracda qızıl (12,6 milyon ABŞ dolları) birinci, pambıq lifi (12,4 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,4 milyon ABŞ dolları) isə üçüncü olub.

Bu ilin səkkiz ayında Azərbaycana dünyanın 193 ölkəsindən 1976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 888 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 184 milyon AZN və ya 26 faiz artıb. 2018-ci ilin avqust ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 141 milyon manat təşkil edib və ötən ilin avqust ayı ilə müqayisədə 39 faiz artıb.

«İxrac İcmalı»nda «Azexport.az» portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin avqust ayı ərzində portala 51,5 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin 8 ayı ərzində «Azexport.az»a daxil olan ixrac sifarişlərinin dəyəri 367 milyon ABŞ dolları təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artım deməkdir.

«Bir Pəncərə» İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumatlara yer ayıran icmalda qeyd edilib ki, bu ilin sentyabr ayında Mərkəz tərəfindən fiziki və hüquqi şəxslərə «bir pəncərə» prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatların verilməsi davam edib. Bildirilir ki, hazırda ölkənin qeyri-neft ixracının 10 faizinin sənədləşdirilməsi məhz «Bir Pəncərə» İxraca Dəstək Mərkəzində həyata keçirilir.