Vergiler.az

Nağdsız ödənişlərin inkişafı ilə bağlı yeni hədəflər

 

Prezident İlham Əliyevin bugünlərdə imzaladığı sərəncama əsasən, «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı» təsdiq edilib. Sənəddə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağd dövriyyənin həcminin minimuma endirilməsi və nağdsız ödəniş mühitinin genişləndirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi strateji məqsəd kimi müəyyən edilib. Həmin məqsədlərə çatmaq üçün rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, onlardan istifadənin kütləviləşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramında bu sahənin inkişafının təməl şərtlərini təmin etmək üçün 4 strateji istiqamət və 16 prioritet müəyyən edilib.

Nağdsız ödənişlərlə bağlı güclü təməllər mövcuddur

İndiyədək Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı müəyyən olunmuş siyasətə əsasən, bir sıra qanunvericilik aktları qəbul edilib. Qabaqcıl texnologiya və proqram təminatları əsasında yaradılmış Milli Ödəniş Sisteminin (MÜS) əsas komponentlərindən olan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi 2000-ci ilin əvvəllərindən istifadəyə verilib. Mərkəzi Bank və aidiyyəti qurumlar bank sektoru ilə birlikdə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin həcminin artırılması istiqamətində davamlı olaraq müxtəlif layihələr və strateji təşəbbüslər həyata keçirib.

2016-cı ildə qəbul olunmuş «Nağdsız hesablaşmalar haqqında» Qanunda rəqəmsal hesablaşmaların mümkün formaları, yalnız nağdsız qaydada həyata keçirilən hesablaşmaların növləri, vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada alınması mümkün olan malların siyahısı, bir ay ərzində aparıla biləcək nağd hesablaşmaların maksimal hədləri müəyyən edilib. Vergi Məcəlləsinə nağd əməliyyatların məhdudlaşdırılması, nağd ödənişlər aparan vergi ödəyicilərinə qarşı maliyyə sanksiyasının tətbiqi, nağdlaşma əməliyyatının vergiyə cəlb olunması üzrə müvafiq maddələr əlavə edilib. Bu tədbirlər nağdsız ödənişlər bazarına öz mühüm təsirini göstərib.

Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlər üzrə maliyyə vəsaitlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən Hökumət Ödəniş Portalına (HÖP) 2017-ci ildə 11 mərkəzi icra hakimiyyəti orqanı, 96 məhkəmə orqanı, pilot olaraq seçilmiş 10 bələdiyyə orqanı, səhm paketi dövlətə məxsus olan 8 hüquqi şəxs, 6 dövlət ali təhsil müəssisəsi, İcbari Sığorta Bürosu vasitəsilə 13 sığorta şirkəti və 3 mobil rabitə operatoru inteqrasiya edilib. Həmin qurumlar üzrə ümumilikdə 430-dan çox xidmət, o cümlədən 400-dən artıq dövlət xidməti (vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və s.) üzrə ödənişlər nağdsız qaydada qəbul edilir. «Elektron hökumət» portalı, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi, İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi kimi dövlət informasiya resursları sistemə inteqrasiya olunub, habelə «ASAN xidmət» mərkəzlərində və səyyar «ASAN xidmət» avtobuslarında xidmət olunan bank şöbələrində ödənişlərin qəbulunun HÖP infrastrukturu vasitəsilə həyata keçirilməsi təmin olunub. 2017-ci ildə portalda ümumi məbləği 2,1 milyard manat olan 36,6 milyon ödəniş tranzaksiyası emal edilib və əvvəlki illə müqayisədə əməliyyatların həcmi 1,7%, sayı isə 20,6% artıb.

Ən yüksək nağd dövriyyə biznes subyektləri arasında aparılır

2017-ci il ərzində MÖS vasitəsilə aparılmış əməliyyatların həcmi son 5 illə müqayisədə 91,4 milyard manat artaraq 210,2 milyard manat təşkil edib. Ötən 5 il ərzində ödəniş kartları infrastrukturunda əhəmiyyətli artımlar baş verib. 2018-ci ilin əvvəlinə banklar tərəfindən dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı 5,8 milyon ədəd, bankomatların sayı 2,4 min ədəd, POS-terminalların sayı isə 65,5 min ədəd idi. Hazırda min nəfərə 591 ödəniş kartı, hər 100 min nəfərə 24,5 bankomat, hər 10 min nəfərə 66,8 POS-terminal düşür.

«MasterCard» ödəniş şirkətinin hesablamalarına görə, ən yüksək nağd dövriyyə biznes subyektlərinin öz aralarında baş verir. 180 milyard manat həcmində olan ümumi bazar dövriyyəsinin 152 milyard manatını biznesin ümumi gəlirləri təşkil edir. Sahə üzrə araşdırmaların nəticələri bu gəlirlərin 109 milyard manatının (72%) nağd gəlirlərdən ibarət olduğunu göstərir. İnformasiya Texnologiyaları və peşəkar xidmət sahələri istisna olunmaqla, digər sektorlarda nağdlaşma səviyyəsi yüksəkdir. Ümumi dövriyyənin 111 milyard manatı biznes, 52 milyard manatı istehlakçı, 18 milyard manatı isə hökumət sferasında qeydə alınıb. Qiymətləndirmələrə görə, 52 milyard manatlıq ümumi dövriyyənin 49 milyard manatı istehlakçı ilə biznes arasında dövriyyənin payına düşür. Sahə üzrə araşdırmaların nəticələri bu dövriyyənin 46 milyard manatının nağd formada həyata keçirildiyini göstərir.

Yeni qeyri-nağd ödəniş kanalları

Son illərdə İKT texnologiyalarının inkişafı, mobil telefonların kütləviləşməsi də rəqəmsal ödənişlərin dinamikasının artmasına əlverişli zəmin yaradır. Yeni innovasiyaların tətbiqi elektron daşıyıcılarla həyata keçirilən əməliyyatların həcminin yüksəlməsini, maliyyə-əməliyyat xərclərinin aşağı salınmasını, hesablaşmalarda likvidlik riskinin azalmasını təmin edir.

Hazırda rəqəmsal ödənişlərin sürətlə inkişafına geniş yol açan sürətli ödənişlər (Fast payments), QR (Quick Response) kodları və mobil tətbiqlər, bulud texnologiyasına əsaslanan POS cihazları, m-POS kimi yeni ödəniş vasitələri yaradılır. Nağdsız ödənişlər sahəsində qabaqcıl mövqelər tutan ölkələrdə müşahidə edilən meyillərdən biri «ani ödənişlər» adlandırılan (Instant payments) ödəniş mexanizmlərinin tətbiqidir. Bu mexanizmlər nağdsız ödənişləri ilin bütün günlərində 24 saat ərzində real vaxt rejimində həyata keçirmək imkanı yaradır.

Gözlənilən nəticələr

Hökumətin proqnozlarına görə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın nağdsızlaşmasını sürətləndirəcək, real ÜDM-in və dövlət büdcəsi gəlirlərinin artmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə ciddi töhfə verəcək. Rəqəmsal sahibkarlığın və rəqəmsal bankçılığın, elek­tron ticarətin inkişaf etdirilməsi, ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının və smart ödəniş vasitələrinin geniş tətbiqi, region və ucqar ərazilərdə maliyyə inklüzivliyinin artırılması nağdsız dövriyyənin əhəmiyyətli dərəcədə artmasına imkan yaradacaq. Proqramda nəzərdə tutulmuş hədəflərin icrası nəticəsində nağdsız ödənişlərin illik həcminin təxminən 17 milyard manat artacağı gözlənilir. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasını təmin edəcək. Proqnozlara görə, iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaqdır.

 


E.CƏFƏRLİ