Vergiler.az

Sığortalı həyat

İcbari tibbi sığorta əməkhaqqının leqallaşdırılmasını stimullaşdıracaq, qeyri-leqal iqtisadiyyatın azalmasına şərait yaradacaq

 

Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunması üçün maliyyələşmə mənbələri artıq dəqiqləşdirilib. İcbari Tibbi Sığorta Fonduna üç mənbədən - dövlət büdcəsindən, işəgötürənlərdən və işləyən vətəndaşlardan vəsait daxil olacaq. Əhalinin bir hissəsi isə icbari tibbi sığorta haqqı ödəməkdən azad olacaqlar ki, bunun da ağırlığı dövlət büdcəsinin üzərinə düşəcək. Daha doğrusu, hazırda dövlət büdcəsində nəzərdə tutulmuş səhiyyə xərclərinin müəyyən hissəsi icbari tibbi sığortanın maliyyələşdirilməsi üçün fondun istifadəsinə veriləcək.

Artıq işəgötürənin və işçinin hesabından tutulmalı olan icbari tibbi sığortanın hələ tam təsdiqlənməmiş tariflərinə əsasən, işəgötürənlər hər bir işçiyə görə fonda əməkhaqqının 2-2,5 faizi qədər ödəniş edəcəklər. Hazırda Azərbaycanda orta aylıq əməkhaqqının 441 manat olduğunu nəzərə alsaq, işəgötürənlər hər işçiyə görə təxminən 10-12 manat ödəyəcəklər. İşçinin maaşından isə 1-2 faiz tibbi sığorta haqqı tutulacaq ki, bu da orta hesabla 5-10 manat deməkdir. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödənişlərindən tam azad ediləcək. Əmək qabiliyyətli bütün vətəndaşlar isə bu vəsaiti ödəməli olacaqlar.

Gələn ildən icbari tibbi sığorta sistemi tətbiq edilə bilər

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, icbari tibbi sığorta sisteminin gələn ildən ölkə üzrə tətbiqinə başlanması üçün lazım olan tədbirlər görülür. Hazırda bu sistemin tam şəkildə tətbiqinə mane olan əsas səbəblərdən biri maliyyə mexanizmləri ilə bağlıdır: «Burada söhbət işləyən vətəndaşların sosial sığortaya cəlb olunmasından gedir.

Hazırda sosial sığortaya cəlb edilənlərin sayı 1 milyon 500 mindən çoxdur, faktiki məşğul əhalinin sayı isə 5 milyondan az deyil. Bu isə  o deməkdir ki, 3,5 milyondan çox işçi qüvvəsi qeyri-leqal əməkhaqqı alır. Biz elə bir mexanizm hazırlamalıyıq ki, qeyri-leqal yolla əməkhaqqı alan işçilərin hər birinin rəsmi qeydiyyatı aparılsın. Əks halda, bu qədər işçi qüvvəsi icbari sığorta sistemindən kənarda qalacaq».

Millət vəkili qeyd edib ki, bu sistem tətbiq edildikdən sonra səhiyyə sektorunda böyük dəyişikliklər baş verəcək. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi icbari tibbi sığorta vasitəsilə həyata keçirilir: «Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün mükəmməl qanunvericilik bazası mövcuddur. İndi ölkənin bütün bölgələrində keyfiyyətli xidmət göstərə biləcək səhiyyə müəssisələri fəaliyyət göstərir və bu sahədə kifayət qədər kadr potensialı var. İndi əsas məsələ icbari tibbi sığortanın maliyyə mənbələrinin müəyyən edilməsi və məqbul mexanizmlərin tapılmasıdır ki, bunların da həlli istiqamətində mühüm işlər görülüb və biz gələn ildən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinə başlaya bilərik».

Tibbi sığortanın tətbiqi büdcəyə də müsbət təsir edəcək

İcbari tibbi sığorta sisteminin tətbiqinin büdcəyə birbaşa təsir etmək imkanları var. Tibbi sığortanın maliyyələşdirilməsi üçün lazım olan vəsaitlərin mühüm bir hissəsi işəgötürənlərdən və işçilərin maaşından tutulan sığorta ödənişləri hesabına formalaşacaq. Ekspertlərin fikrincə, əgər tibbi sığortanın maliyyə mənbələri pensiya sistemində olduğu kimi, işəgötürən təşkilatlar və işçilərin maaşından tutulan faizlər hesabına formalaşırsa, bu, təbii olaraq, leqal əməkhaqqından toplanacaq. Bu isə o deməkdir ki, hazırda işləyən və aylıq əməkhaqqı alan, lakin maaşı rəsmiləşdirilməyən işçilər icbari tibbi sığorta sistemindən bəhrələnə bilməyəcək.

İqtisadçı ekspert Azər Mehdiyev hesab edir ki, icbari tibbi sığortanın tətbiqi gizli məşğulluğun aradan qaldırılmasını, əməkhaqqının leqallaşdırılmasını ehtiva etdiyi üçün vergi daxilolmalarının artmasına da səbəb olacaq. Yəni hər bir işləyən şəxs nə qədər yüksək əməkhaqqı alacaqsa, onun dövlətə ödəyəcəyi gəlir vergisinin də məbləği o qədər artacaq: «İcbari tibbi sığorta sisteminin tətbiqi və əməkhaqqının leqallaşdırılması ƏDV və mənfəət vergisi dövriyyəsinin də artmasına səbəb olacaq. İşəgötürənlər işçilərə əməkhaqqını qeyri-leqal şəkildə ödəyirsə, təbii ki, onu leqal dövriyyədən verə bilməz. Çünki dövlət nəzarəti orqanları işəgötürənlərin bütün gəlirlərinin və xərclərinin, o cümlədən əməkhaqqı xərclərinin hesabat sənədlərini tələb edəcək. Odur ki, maliyyə sənədlərində işəgötürən dövriyyəni doğru-dürüst şəkildə təqdim etməsə, onun özü üçün ciddi problemlər yaranacaq. İşəgötürən qeyri-leqal xərclərini maliyyələşdirmək üçün qeyri-leqal dövriyyə saxlayırsa, bu, artıq əlavə dəyər dövriyyəsinin kiçildilməsi deməkdir. Bu isə mənfəət vergisinin azalmasına səbəb olur. Bu baxımdan, icbari tibbi sığortanın tətbiqi bütövlükdə biznes dövriyyəsinin artması, gizli iqtisadiyyatın aradan qaldırılması istiqamətində növbəti addım deməkdir».

İcbari tibbi sığortanın effektiv şəkildə tətbiqi nəticəsində qeyri-leqal iqtisadiyyatın leqallaşması həm işçilərin əmək hüquqlarının təmin olunmasına, həm vətəndaşların icbari tibbi sığorta sistemindən bəhrələnməsinə, həm də vergi daxilolmalarının əhəmiyyətli şəkildə artmasına gətirib çıxara bilər: «Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası kimi qurumlar sahibkarlarla iş aparmalıdır ki, onlar işçilərlə əmək müqavilələrini rəsmiləşdirsinlər və real əməkhaqqının məbləğini maliyyə sənədlərində düzgün göstərsinlər. Əks halda, qeyri-rəsmi işçilərin icbari tibbi sığorta sisteminin imkanlarından bəhrələnmək şansları olmayacaq».

Ekspertin fikrincə, icbari tibbi sığortanın tətbiqindən sonra işçi qüvvəsi işəgötürənin ona ödədiyi əməkhaqqının tam rəsmiləşdirilməsi ilə bağlı tələbləri artıracaq. Çünki icbari tibbi sığorta sisteminin imkanlarından hər kəs yararlanmağa çalışacaq. Bu halda qeyri-leqal işçilərin hüquqlarının qorunması və əmək müqavilələrinin bağlanılması istiqamətində müvafiq dövlət orqanları ciddi addımlar atmalıdır.

Statistika nə deyir...

Dünya Bankının hesablamalarına görə, hazırda Azərbaycanda əhalinin illik tibbi xərcləri 2,5 milyard dollar civarındadır. Dövlət büdcəsindən bu məqsədlərə ayrılan vəsaitlərin illik məbləği isə 740 milyon manatdan bir qədər çoxdur. 2016-cı ildə büdcədən səhiyyə xərclərinə ayrılan vəsaitin məbləği 744,9 milyon manat, 2017-ci ildə 775,7 milyon manat olmuşdusa, bu il həmin göstərici 740,7 milyon manat  səviyyəsində proqnozlaşdırılıb. Həmin vəsaitin 458,4 milyon manatının xəstəxana, poliklinika və ambulatoriyalara ayrılması nəzərdə tutulub ki, bu da ümumi səhiyyə büdcəsinin 61,9 faizini təşkil edir.

Azərbaycanda səhiyyə xidmətləri pulsuz olsa belə, əhali tibbi xərclərin böyük hissəsini öz cibindən ödəyir. Məhz buna görə də hökumət icbari tibbi sığorta sisteminin tətbiqində maraqlıdır və istəyir ki, dünya təcrübəsində olduğu kimi, sığorta xərclərinin bir hissəsini işəgötürənin və işçinin əməkhaqqı ödənişləri, digər hissəsini isə dövlət hesabına bu sistemin tətbiqinə nail olsun. İcbari tibbi sığortanın dünya təcrübəsinə uyğun şəkildə tətbiq olunması gizli əməkhaqqının leqallaşdırılmasına, qeyri-leqal iqtisadiyyatın azalmasına şərait yaradacaq.

 


Elxan SALAHOV