Vergiler.az

Azərbaycanda e-ticarətin vergiyə cəlb olunması qabaqcıl təcrübələrə əsaslanır

 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 28,9 milyon manatdan artıq elektron ticarət əməliyyatı aparılıb. Onlayn rejimdə verilmiş sifarişlərin təxminən 97%-i hüquqi, 3%-i fiziki şəxslərə məxsus ticarət şəbəkələrindən дахил олуб.

Bu sahədə özəl sektorun təmsilçiləri olan e-ödəmə sistemi operatorlarının nümayəndələrinin payı əsas yer tutur.

 

Elektron ticarət üzrə ekspert, Beynəlxalq Ticarət Təşkilatının (BTT) e-kommersiya üzrə mütəxəssisi xanım Li Tuzill Bakıda keçirilən Beynəlxalq Ticarət Forumunda çıxışı zamanı qeyd edib ki, onlayn ticarətin inkişafı üçün işlək hüquqi mexanizm və təminatlı kommunikasiya texnologiyalarının olması, qlobal platformalarla əməkdaşlıq edən ödəniş strukturlarının  yaradılması mühüm şərtlərdir. Azərbaycanda bu sahədə yaxşı infrastruktur qurulub, internet resursları və müasir mobil texnologiyaların tətbiqi həmin sahədə əlverişli mühitin təmin olunduğunu göstərir. Li Tuzill hesab edir ki, elektron ticarət platformasına biznes sərmayələrinin cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda biznes təmsilçilərinin e-ticarətə sərmayə yatırmaq marağını artırmaq üçün onları bu sahəyə təşviq etmək lazımdır. Çünki e-ticarət sektoru həm yaxşı gəlir gətirən, həm də biznes riskləri aşağı olan sahədir. Bu gün dünyanın ən güclü ödəniş platformalarının e-ticarətdən əldə etdiyi gəlirlər tikinti və sənaye sektorunu üstələyib. Xarici ölkələrin nüfuzlu ödəniş şirkətləri ilə əməkdaşlığın artırılmasının vacibliyinə toxunan xanım Li Tuzill Azərbaycanda tam işlək mexanizmə malik mükəmməl e-ticarət platformasını qurmağın mümkün olduğunu vurğulayıb. O, təmsil etdiyi təşkilatın ölkəmizdə elektron ticarətin fəaliyyətini təmin edən rəqəmli ekosistemin formalaşdırılmasına dəstək verəcəyini bildirib. 

Avropa İttifaqının elektron xidmətlər və elektron ticarətin inkişafı layihəsinin eksperti Udo Linauer isə hesab edir ki, e-ticarət mühitində istehlakçıların fərdi məlumatlarının qorunması və alğı-satqı əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi vacib məsələlərdəndir. Elektron ticarətin inkişafı internet-mağazalardan istifadə edən insanların hesabının etibardan salınması ilə bağlı münaqişələrin sayını artırıb. Bu səbəbdən, onlayn maliyyə sisteminin bütün iştirakçıları analoji riskləri minimuma endirmək üçün tədbir görməyə məcburdur. Avropa ölkələrində onlayn ödəmələrdə müxtəlif qabaqcıl texnologiyalar tətbiq edilir və bununla sistemin e-ticarət əməliyyatlarında etibarlılığı təmin olunur. Bu sahədə «VISA» və «MasterCard» şirkətləri beynəlxalq ödəniş platformaları, banklarla əməkdaşlıq edir və Azərbaycanda onlayn alış-verişlərin təhlükəsizliyinin təmin edilməsini nəzarətdə saxlayır.

E-ticarət sektorunda dünya liderlərindən olan Tailandın Elektron Biznes Mərkəzinin layihə direktoru Kulziraz Pakavaşrilesin dediyinə görə, təmsil etdiyi ölkədə e-ticarətdə vergi məsələləri  gəlir vergisi ilə tənzimlənir. Dünyanın inkişaf etmiş ölkələrində e-ticarətin vergiyə cəlb olunmasında gəlir vergisi ilə bərabər, ƏDV-nin tətbiqi üstün rol oynayır. Əksər ölkələrdə e-ticarət subyektləri adi ticarətdən fərqləndirilmədən, eyni qaydada ƏDV-yə cəlb olunur. Bütün ödəyicilərə, yerli və xarici sahibkarlıq subyektlərinə eyni səviyyədə vergi yükü tətbiq edilir. Vergi nəzarətinə gəlincə, ekspert hesab edir ki, e-ticarətin miqyasının artması vergidən yayınma hallarının da çoxalmasına səbəb olur: «Bu, qlobal problem kimi, e-ticarətin geniş yayıldığı bütün ölkələrdə mövcuddur. Dünyanın əksər dövlətlərində e-ticarət əməliyyatları aparan müəssisələrin sayı artır, xüsusilə transmilli şirkətlərin çoxalması vergi pozuntularının sayının da çoxalmasına səbəb olur, vergi nəzarətinin həyata keçirilməsi çətinləşir. Hətta ən inkişaf etmiş ölkələrin vergi sistemi vasitəsilə e-ticarət sahəsində vergilərə tam nəzarət etmək mümkün deyil. Həmin ölkələr neçə illərdir ki, bu istiqamətdə araşdırmalar, təhlillər aparır, vergi nəzarətinin gücləndirilməsi üçün inzibati metodlardan istifadənin artırılması yollarını, mübarizə tədbirləri mexanizmlərini nəzərdən keçirir. Avropada bununla bağlı hər ölkənin öz mübarizə metodları var. Ümumi yanaşma bundan ibarətdir ki, elektron ticarətlə qanunsuz məşğul olan sahibkarlıq subyektlərinə qarşı sərt cərimələr sistemi tətbiq edilməlidir. Bəzi ölkələr digər inzibati vasitələrdən istifadə ilə bağlı qanunvericilikdə dəyişikliklər də planlaşdırır».

Qeyd edək ki, Azərbaycanda e-ticarətin vergiyə cəlb olunması Avropa ölkələrinin qabaqcıl təcrübəsinə əsaslanır. E-ticarət qaydasında malların alışı istisna olmaqla, bütün xidmətlər vergiyə cəlb edilir. Qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə ölkəmizin hüdudlarından kənarda birbaşa göstərilən xidmətlər istisna olmaqla, bütün e-ticarət xidmətləri ƏDV tutulan sahələrə aiddir. Qeyri-rezidentlər tərəfindən Azərbaycanın hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereya, yarış və müsabiqələrdə iştirakla bağlı ödənilən vəsaitə 18% dərəcə ilə ƏDV tətbiq edilir. Eyni zamanda, qeyri-rezidentlərə məxsus «elektron pul kisələri»ndə yaradılmış hesaba köçürülən vəsaitdən ödəməni həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 10%  dərəcə ilə ödəmə mənbəyində vergi hesablanır və alıcının hesabından tutulur.


Elbrus CƏFƏRLİ