Vergiler.az

«Tax free» ödənişləri onlayn aparılacaq


Azərbaycan bankları və ödəniş şirkətləri «TaxFree4U» və «EU4digital» platformasına inteqrasiya olunacaqlar

 

Avropa İttifaqının rəqəmsal xidmətlər və informasiyaların genişləndirilməsi layihəsinin meneceri, «EU4digital» platformasının eksperti Valeri Virkovski qeyd edib ki, «Tax-free» sisteminin onlayn mobil versiyasının tətbiqinin genişləndirilməsi üçün müxtəlif ölkələrdə iş aparılmaqdadır. Həmin layihələrin ən mühüm komponentlərindən biri Avropa ölkələrində alış-veriş zamanı ödənilmiş ƏDV-nin qaytarılmasının ən sadə yolu «EU4digital» platformasıdır.

 

Bildirilib ki, hazırda «Tax free» sistemində daha çox standart mexanizm tətbiq olunur. Başqa sözlə, xarici ölkə vətəndaşlarının aldıqları mala görə geri qaytarılan ƏDV hava limanlarındakı və digər yerlərdəki «Tax free» məntəqələrindən alınır. Bundan əlavə, standart xidmətlərlə yalnız partnyor mağazalar şəbəkələrində edilən alış-verişlərə görə ödənilmiş ƏDV məbləğlərini geri almaq mümkündür. «TaxFree4U» adlanan onlayn ödəniş sistemi isə bütün mağazalardan alınmış mallara görə «Tax-free»nin qaytarılmasını təmin edir:  vətəndaş öz ölkəsinə geri qayıtdıqdan sonra ƏDV məbləği nağdsız qaydada mobil bankçılıq yolu ilə ona qaytarılır. Həmin şəxs ƏDV-ni öz ölkəsində bank hesabına köçürülmə, yaxud mobil operator vasitəsilə onlayn ödənilmə yolu ilə əldə edir.

«TaxFree4U» və «EU4digital» platformalarının əsas üstünlüyü rahatlığın təmin edilməsi və vaxt itkisinə yol verilməməsidir. Müştərilər alış-veriş zamanı mağaza tərəfindən təqdim olunmuş «Tax free» bəyannamə formasını gözləmədən qəbzlərini götürüb öz ölkəsinə dönür, smartfon cihazlarına «Tax free» mobil əlavəsini «AppStore» və «GooglePlay»dan yükləyir və qəbzin şəklini çəkib müvafiq ünvana göndərir. «TaxFree4U» xidməti inteqrasiya olunduğu bank və ödəniş qurumları vasitəsilə həmin məbləği müştərinin hesabına köçürür və ƏDV 48 saat ərzində müştərinin kartına daxil olur.

Bu mexanizm rəqəmsal ödənişlər layihəsinin ən innovativ mobil versiyası hesab olunur. Almaniya, İngiltərə, İspaniya, İtaliya, Finlandiyada bu mobil ödəniş sistemi geniş yayılıb.

Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, ölkədəki bankların ƏDV-nin qaytarılmasını təmin edən xidmətlərə inteqrasiyası üçün müvafiq işlər aparılır. Bəzi banklar həmin sistemə inteqrasiya olunub, ancaq bank və mobil operatorların xarici ödəniş platformaları ilə bu istiqamətdə əməkdaşlığı davam etdirilir və Azərbaycanın bank, mobil  və onlayn ödəniş operatorları «TaxFree4U» xidmətinə və «EU4digital» platformasına tam inteqrasiya olunacaq.

 


ELBRUS