Vergiler.az

Türkiyəyə TANAP vasitəsilə 400 milyon kubmetr Azərbaycan qazı çatdırılıb

 

Trans-Anadolu (TANAP) boru kəməri vasitəsilə indiyə qədər Türkiyəyə təxminən 400 milyon kubmetr qaz daşınıb. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard, 2020-ci ildə 4 milyard, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə çatdırılacaq. Artıq TANAP-ın ikinci fazası üzrə tikinti işlərinin 97 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında «Trans-Adriatik» (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır vəziyyətə gətiriləcək».

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək.

TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.