Vergiler.az

«Bir pəncərə» biznes mühitinin yaxşılaşdırılmasında mühüm rol oynayır

 

Oktyabr ayının 25-də 2008-ci ildən tətbiq edilən sahibkarlıq subyektlərinin qeydiyyatının «Bir pəncərə» sisteminin yaradılmasının 10 ili tamam olacaq.

 

Azərbaycanda dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, biznesə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir.

Ölkəmizdə bazar iqtisadiyyatına keçidin ilk mərhələsində biznesə başlamaq məqsədilə qeydiyyata düşmək üçün müxtəlif dövlət orqanlarında ümumilikdə 1 aydan 2 ayadək müddət və 13 prosedurdan keçmək, eyni məzmunlu sənədlərin müxtəlif orqanlara ayrı-ayrılıqda təqdim edilməsi tələb olunurdu. Bu isə əksər hallarda bürokratik əngəllər və süründürməçilik yaradırdı.   

Ölkə Prezidentinin sahibkarlıq subyektlərinin qeydiyyatının «bir pəncərə» prinsipi əsasında aparılmasına dair 25 oktyabr 2007-ci il tarixli sərəncamından sonra kommersiya hüquqi şəxslərin qeydiyyat prosedurlarının sayı 13-dən 6-ya, sərf edilən müddət isə 53 gündən 8 günə, o cümlədən sırf qeydiyyat aparılmasına sərf olunan müddət 3 günə, qeydiyyatın aparılması üçün təqdim edilməli olan sənədlərin sayı 5 dəfədən çox azaldıldı.

Bu sistemin tətbiqi beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun artmasına təkan verdi. Dünya Bankının «Doing Business-2009» hesabatının «Biznesə başlama» bölməsinin reytinq cədvəlində Azərbaycan Respublikası 51 pillə irəliləyərək 64-cü yerdən 13-cü yerə yüksəldi və dünyada «ən islahatçı ölkə» kimi tanındı. Biznes mühitinin yüngüllüyü reytinqində də ölkəmiz 64 pillə irəliləyərək 97-ci yerdən 33-cü yerə yüksəldi. Yaxşı haldır ki, sonrakı illərdə də bu tendensiya davam etdi. 2017-ci ildə ictimaiyyətə açıqlanmış «Doing Business-2018» hesabatında Azərbaycanın adı «Biznesə başlama» reytinqinə görə hesabata daxil edilən 190 ölkə arasında 18-ci yerdə göstərildi.

Vergilər Nazirliyi tərəfindən digər qeydiyyat qurumlarına məlumatların ötürülməsi, kommersiya qurumlarının dövlət qeydiyyatı məlumatları üzrə hesabatların «Vergilər» qəzetində dərc edilməsi və nazirliyin rəsmi internet saytında yerləşdirilməsi təmin edilib. Qeydiyyat məlumatları real vaxt rejimində mərkəzləşdirilmiş qaydada aidiyyəti dövlət qurumlarına ötürülür. Bu məqsədlə həmin təşkilatların hər biri ilə müvafiq razılaşmalar imzalanıb.

Vergilər Nazirliyinin təklifləri əsasında qanunlarda edilmiş dəyişikliklər 2011-ci ilin ikinci yarısından fiziki şəxslərin, 2012-ci ilin fevralından isə kommersiya hüquqi şəxslərin (yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin) qeydiyyatının elektron qaydada aparılmasına şərait yaradıb.

2012-2018-ci illərdə qeydiyyata alınmış 51.580 kommersiya hüquqi şəxsdən 26.966-sı, yəni 52,3%-i e-qeydiyyatdan keçib. Təkcə cari ilin əvvəlindən ümumi qeydiyyatda elektron qeydiyyatın xüsusi çəkisi 69,8 %-ədək yüksəlib.

İqtisadçı ekspert Rəşad Əliyev «Bir pəncərə» sistemini biznes mühitinin yaxşılaşdırılmasında ən mühüm rol oynayan addımlardan biri kimi qiymətləndirir: «Sistem - qeydiyyat prosedurlarının sürətləndirilməsi, qeydiyyat xidmətinin artırılması və nəhayət, «insan faktoru» ilə bağlı bir sıra  mənfi halların aradan qaldırılmasına səbəb oldu.  Qeydiyyat prosedurlarının asanlaşdırılması kiçik sahibkarlığın inkişafına da öz töhfəsini verdi. Sistemin tətbiqi həm də müxtəlif ölkələrdə biznes mühitinin araşdırılması ilə məşğul olan beynəlxalq təşkilatların nəzərindən qaçmadı və təqdirəlayiq hal kimi qiymətləndirildi». 

 


F. İKRAMQIZI