Vergiler.az

Kənd təsərrüfatında vergi uçotu... Aqrar sahədə uçotun çatışmazlığı şəffaflığı və hesabatlılığı şübhə altına alır

  

Hazırda vergi sistemində aparılan islahatların əhatə etdiyi məsələlər arasında sahibkarlıq və təsərrüfat subyektlərində maliyyə hesabatlılığının düzgün qurulması və uçotun təşkili xüsusi yer tutur. Əks halda, bu, vergi ödəyiciləri tərəfindən ikili mühasibat əməliyyatlarının aparılmasına, dövriyyələrin gizlədilməsinə səbəb olur.

 

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin direktor müavini Şamil Ərəbov bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin aqrar sahəyə marağının artırılması məqsədilə onlara 1999-cu ildən, torpaq vergisi istisna olmaqla, vergi güzəştləri tətbiq edilir. Müşahidələr göstərir ki, vergi güzəştlərinin tətbiqi kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, daha münbit investisiya mühitinin yaradılmasına, rəqabətədavamlı ixrac potensialının gücləndirilməsinə müsbət təsir etməklə yanaşı, bəzi hallarda vergi intizamının aşağı düşməsinə də şərait yaradıb. Əksər hallarda gəlirlərin və xərclərin uçotu lazımi qaydada aparılmır, ilkin sənədlər, o cümlədən malların alışını və satışını təsdiq edən qaimə-fakturalar, təhvil-təslim aktları tərtib edilmir, vergi orqanlarına bəyannamələr verilmir və ya təhrif olunaraq təqdim edilir, əmək münasibətləri rəsmiləşdirilmir. Kənd təsərrüfatı məhsullarının emalını və tədarük qaydasında satışını həyata keçirən şəxslər istehsalçılardan aldıqları malları rəsmiləşdirmirlər ki, bununla da növbəti satış əməliyyatlarının həcmini, vergi tutulmalı olan dövriyyəni müəyyənləşdirmək mümkün olmur. Bundan başqa, kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirən şəxslərdə aparılan vergi nəzarəti tədbirləri zamanı gəlirdən çıxılan xərcləri sübut edən sənədlərin olmaması vergi mübahisələrinin yaranmasına gətirib çıxarır.

 

Uçotun olmaması investisiyalara marağı azaldır

Kənd təsərrüfatı ölkə iqtisadiyyatında mühüm yer tutur: ölkədə ümumi daxili məhsulun 5,3%-i bu bölmədə istehsal olunur. Aqrar sahədə çalışan işçilər ümumi məşğul əhalinin təxminən 40%-ni təşkil edir. Maliyyə-vergi məsələləri üzrə mütəxəssis Radil Fətullayev qeyd edib ki, dövlət aqrar sahədə çalışanlara qayğı göstərərək müəyyən güzəştlər etsə də, həmin sahənin təmsilçiləri öz təsərrüfatlarının uçot və hesabat sisteminin qurulmasına kifayət qədər diqqət yetirmirlər: «Araşdırmalar göstərir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının 10%-də ilkin uçot təşkil edilməyib. Bazar iqtisadiyyatı şəraitində bütün istehsal subyektləri təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərir, bu isə öz növbəsində, gəlirlərin formalaşmasına təsir edən çoxsaylı amillərin - əkin sahələrinin, bəslənilən mal-qaranın strukturunun, məhsul istehsalında iştirak edən xərclərin tərkibinin, dəyişən və sabit xərclər amilinin, əmtəə bazarlarında qiymətlərin dəyişmə meylinin və s. dərindən təhlil olunmasını tələb edir. Bunun üçün isə təsərrüfatın iqtisadi cəhətdən əsaslandırılmış biznes planının olması, gündəlik yerinə yetirilən əməliyyatların və bununla əlaqədar faktiki xərclərin, məhsul satışından daxil olan vəsaitin, ümumiyyətlə, bütün gəlir və xərclərin uçotunun aparılması zəruridir. Bütün bunlara nail olmadan heç bir təsərrüfat subyekti səmərəli fəaliyyət göstərə bilməz».

Mütəxəssis qeyd edib ki, fermerlər yalnız rəsmi şəkildə işə cəlb etdikləri işçilərin əməkhaqqına görə muzdlu işlə əlaqədar gəlir vergisinin uçotunu və ödəmə mənbəyindən gəlirlərin vergisinin uçotunu aparırlar. Bu da fermerin vergi-maliyyə göstəriciləri haqqında müfəssəl məlumat almağa imkan vermir. Bundan başqa, regionlarda hər il kənd təsərrüfatı məhsulları ilə əlaqədar bölgələr üzrə əkilmiş və becərilməkdə olan ayrı-ayrı kənd təsərrüfatı məhsullarının uçotu dəqiq aparılmadığına görə, bölgələr üzrə düzgün informasiya əldə etmək imkanları da məhduddur. Uçotun olmaması kənd təsərrüfatı sektoruna investisiya qoymaq istəyən şəxslərin marağının azalmasına gətirib çıxarır.

Mühasibat sənədləri barədə məlumatsızlıq problemlərə yol açır

Ölkəmizdə kənd təsərrüfatı sektorunda mühasibat məsələləri «Mühasibat uçotu haqqında» Qanun, «Maliyyə hesabatlarının beynəlxalq standartlara və kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları» və digər normativ-hüquqi aktlar vasitəsilə tənzimlənir. Həmin hüquqi sənədlərə əsasən, «kənd təsərrüfatı üzrə» ayrıca mühasibat uçotunun standartı hazırlanıb və əsas məqsəd aqrar sahə ilə bağlı uçotun tətbiqi, maliyyə hesabatlarının təqdimatı və açıqlamalarının təsvirini verməkdir. Standartlara əsasən, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər bioloji aktivləri, məhsulları, digər əməliyyatlar haqqında məlumatları uçot sənədlərində əks etməlidirlər. R.Fətullayevin sözlərinə görə, təsərrüfat rəhbərlərinin böyük əksəriyyəti dəyişən və sabit xərclər, ümumi gəlir və xalis gəlir haqqında elementar təsəvvürə belə malik deyil: «İlkin uçotun aparılmadığına və təsərrüfat-maliyyə fəaliyyəti təhlil edilmədiyinə görə, özəl təsərrüfat sahibləri və ya rəhbərləri hansı məhsulların istehsalının gəlirlə, hansının zərərlə başa gəldiyini ayırd edə bilmirlər. Bütün bunlar təsdiq edir ki, özəl təsərrüfatların səmərəli təsərrüfat-maliyyə fəaliyyətini təmin etmək üçün sahibkarların maliyyə savadlılığı artırılmalı, onlar üçün sadə uçot formaları yaradılmalı və maliyyələşmə mənbələrinə uyğun şəffaf hesabat sistemi və müvafiq təhlil mexanizmi hazırlanmalıdır».

Strateji yol xəritəsi tələb edir ki...

«Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi»ndə aqraq sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi üçün düzgün mühasibat-uçot məsələsinin təşkili mühüm tapşırıqlardan biri kimi müəyyən edilib. Sənəddə göstərilir ki, uçot sisteminin qurulması kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə, sahə üzrə siyasətin işlənib hazırlanmasına, ərzaq və kənd təsərrüfatı bölməsinə və kənd rayonlarına aid inkişaf planlarının və layihələrin yoxlanılıb qiymətləndirilməsinə, müvafiq informasiya bazasının yaradılmasına imkan verir. Bu sahədə şəffaflığın təmin edilməsi üçün «Elektron kənd təsərrüfatı» informasiya sisteminin yaradılmaqla fəaliyyəti təkmilləşdirilməli və Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi ilə elektron məlumat mübadiləsi aparılmalıdır.


Elbrus CƏFƏRLİ