Vergiler.az

Əmək müqavilələrinin rəsmiləşdirilməsi qanunun tələbidir

 

Əmək müqaviləsinin bağlanması və əmək  haqlarının leqallaşdırılması ilk növbədə iqtisadi sistemdəki şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. Mövzunu hüquqşünas Xəyal Məmmədxanlı şərh edir

 

Əmək münasibətlərinin tərəfləri

Əmək münasibətləri işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranır və əmək hüquq normaları ilə tənzimlənir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfində isə işəgötürən çıxış edir. İşçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir.

İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi (müvəkkil) müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

Əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Müqavilə necə bağlanılır...

Əmək müqaviləsinin bağlanması haqqında məlumatların elektron informasiya sisteminə daxil edilməsi sadə bir prosesdir. Əmək müqaviləsi bildirişləri «Elektron hökumət» portalının autentifikasiya vasitələrindən istifadə edilməklə işəgötürənlər və ya həmin portalda yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilir. Sonra həmin nazirlik tərəfindən təqdim olunan xidmətlər siyahısından «Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi» elektron xidməti seçilir. Bu zaman gücləndirilmiş elektron imzaya  əsasən, işəgötürən barəsində müəyyən məlumatlar - VÖEN, sığortaedənin uçot nömrəsi, hüquqi şəxs olduqda adı, hüquqi ünvanı, əlaqə telefonları, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verildiyi tarix, sənədi verən orqan, sosial sığorta şəhadətnaməsinin nömrəsi barədə məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur. Digər əlaqə məlumatları bölməsi isə işəgötürən tərəfindən doldurulur. «Düzəliş» və «Ləğv» düymələri vasitəsilə məlumatlara düzəliş edilə və ya silinə bilər.

Əməliyyatların sadələşdirilməsi və sürətləndirilməsi məqsədilə «Əmək müqaviləsi bildirişləri»nin bir çox göstəricilərində eyni məlumatlar olarsa, əmək müqaviləsi bildirişini daxil edərkən onu şablon kimi yadda saxlamaq mümkündür.  Növbəti bildiriş sistemə daxil edilərkən «Şablondan yüklə» bölməsində bazada saxlanılmış şablonlardan biri seçilərək, yalnız fərdi məlumatları şablonda dəyişməklə onu sistemə daxil etmək olar.

Əmək müqaviləsi bağlayan işçinin əldə etdiyi hüquqlar

İşçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq; səkkiz saatlıq iş; əmək məzuniyyətindən istifadə; peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta; xəstəlik və işdənçıxma müavinətini tam həcmdə almaq hüququna, eləcə də gələcəkdə layiqli əmək pensiyası ilə təmin olunmaq, ipoteka və digər kreditləri almaq və s. imkanına malik olur.

 


FƏXRİYYƏ