Vergiler.az

Qanunvericiliyin tələblərinin pozulması sosial problemlərə yol açır

 

Vergi qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələrə əməl etmək hər bir vətəndaşın borcu olsa da, müşahi­də­lər göstərir ki, heç də bütün hallarda vergi ödəyiciləri Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə məsu­liy­yətlə yanaşmır və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmirlər. Qanunvericiliyin pozulması istiqamə­tin­də ən aktual mövzulardan biri işçilərin əmək müqa­vi­lə­si bağlanmadan işə cəlb olunmasıdır.

 

«Sosial hüquqların araşdırılması» İctimai Birliyinin sədri Mais Əliyev bildirib ki, işçilərin müqavilə olmadan işə cəlb edilməsi vergi qanunvericiliyinin tələblərinin pozulması halı ilə yanaşı, ciddi sosial problemlərdəndir. Əmək müqaviləsi olmayan işçilər dövlət tərəfindən ölkə vətəndaşlarına şamil edilmiş sosial müdafiə tədbirlərindən kənarda qalır, pensiya təminatından məhrum olurlar: «İşçilərlə əmək müqaviləsinin bağlanması istiqamətində dövlət strukturları, xüsusilə də Vergilər Nazirliyi tərəfindən mütəmadi məlumatlandırma tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, bu sahədə problemlər hələ də tam həllini tapmır. Vergi orqanlarının bütün sahibkarlıq obyektlərində qanunlara əməl edilməsi vəziyyətini yoxlamaq üçün geniş imkanları və hədsiz səlahiyyətləri yoxdur: nazirliyin əsas funksiyası vergilərin büdcəyə ödənilməsini təmin etməkdir. Ona görə də bu sahədə optimal yol və işlək mexanizm tapılmalıdır».

M.Əliyev hesab edir ki, işəgötürənlərin işçilərlə əmək müqaviləsi bağlamamasının əsas səbəblərindən biri ölkədə məcburi dövlət sığorta haqqının yüksək olmasıdır: «İctimai təşkilat olaraq, biz ölkədə fəaliyyət göstərən hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də xarici şirkətlərdə işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətini araşdırırıq. Bizə ünvanlanan müraciətlərin əksəriyyətində sosial sığorta haqqının yüksək olması diqqətə çatdırılır. Sahibkarlar bu səbəbdən işçilərlə əmək müqaviləsi bağlamır və ya xidməti müqavilə bağlamaqla kifayətlənirlər. Belə hallar isə təbii ki, qeyri-leqal məşğulluğun yaranmasına və nəticədə vergidən yayınmaya səbəb olur. Hazırda ölkəmizdə 5 milyon əmək qabiliyyətli insan müvafiq orqanlarda qeydə alınıb, onların cəmi 1 milyon 500 min nəfəri Sosial Müdafiə Fondunun ödəyicisidir, 3,5 milyon şəxs əmək rəsmiləşdirilməsindən kənardadır. Sosial verginin həddinin yüksək olması «kölgə iqtisadiyyatı»nın genişlənməsinin əsas səbəblərindəndir. Hesab edirəm ki, sadaladığım problemlərin həlli məqsədilə sahibkarların fiskal yükü azaldılmalı, sosial yığım sistemində ciddi islahatlar aparılmalıdır».

Mütəxəssisin fikrincə, dünya təcrübəsində tətbiq olunan vahid sosial vergi sisteminin Azərbaycanda da həyata keçirilməsinin vaxtı çatıb: «Belə olan halda, işəgötürənlərin xərcləri azalar və nəticədə qeyri-rəsmi məşğulluğun və əməkhaqqının leqallaşdırılması mümkün olar, əmək müqavilələri ilə çalışan muzdlu işçilərin sayı artar. Bu addım iqtisadiyyatda uçotun və hesabatlılığın səviyyəsinə də müsbət təsir göstərər».

«Azad İstehlakçılar» İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, bir çox təsərrüfat subyektlərində işçilərlə əmək müqaviləsi bağlanmasına baxmayaraq, bəzi sahibkarlar vergidən yayınmaq üçün başqa neqativ vasitələrdən istifadəyə cəhd edirlər. Bu, daha çox ictimai-iaşə, ticarət və xidmət sahələrində kassa çeklərinin, ödəniş qəbzlərinin, ciddi hesabat blanklarının verilməməsi ilə müşayiət olunur: «Əlimizdə şadlıq evləri, restoranlar, özəl səhiyyə müəssisələri, kreditlə telefon satışı həyata keçirən mağazaların fəaliyyətindəki qanunsuzluqlar barədə kifayət qədər faktlar mövcuddur. Bu sahələrdə həm əmək müqaviləsi, həm də ödəniş sənədlərinin  verilməsi və mühasibat-uçot işinin təşkilində ciddi pozuntular mövcuddur».

E.Hüseynovun fikrincə, Vergilər Nazirliyi tərəfindən nəzarət-kassa aparatlarının istifadəsi vəziyyətini öyrənmək məqsədilə ictimai təşkilatlarla birgə maarifləndirici monitorinqlər keçirilməsi ciddi fayda verə bilər.

 


E. CƏFƏRLİ