Vergiler.az

Azərbaycan iqtisadi baxımdan regionda ən stabil dövlətdir

 

Dünyada baş verən iqtisadi və siyasi proseslər bəzi ölkələrdə milli valyutaların dəyərinin itməsinə və qiymət artımına səbəb olub. Bu proses Cənubi Qafqaz və region ölkələrində də müşahidə olunub. Cari ilin avqust ayında qeyd olunan ölkələrdə, Azərbaycan istisna olunmaqla, milli valyutalar ABŞ dolları ilə müqayisədə öz dəyərini itirib.

Gürcüstan mətbuatı iqtisadçı ekspert və analitiklərin fikirlərinə istinadla yazır ki, ötən ay Türkiyə lirəsi dollar qarşısında 39,4 faiz, Rusiya rublu 9,8 faiz, Gürcüstan larisi 3,5 faiz, Ermənistan dramı isə 0,8 faiz ucuzlaşıb. Region ölkələri arasında yalnız Azərbaycan manatı öz mövqeyini qoruyub saxlayıb və 0,3 faiz möhkəmlənib. Ekspertlərin fikrincə, türk lirəsi və rublun dəyərini itirməsi əsasən ABŞ-ın bu ölkələrə tətbiq etdiyi sanksiyalarla əlaqədardır.

Gürcü analitiklərin hesablamalarına görə, avqust ayında Türkiyədə illik inflyasiya 17,9 faiz, Rusiyada 3,1 faiz, Ermənistanda 3,3 faiz olub. Bu sahədə də ən aşağı göstərici Azərbaycanda qeydə alınıb. İyul ayına olan vəziyyətə görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə qiymət artımı cəmi 1,6 faiz təşkil edib. Ekspertlərin fikrincə, bu, respublikamızda milli istehsalın artımı və iqtisadiyyatın inkişafı ilə əlaqədardır. Bununla da Azərbaycan region ölkələri arasında ən stabil dövlət statusunu qoruyub saxlayır.