Vergiler.az

Güzəştli kreditlərin faiz dərəcələri endirilib

 

Oktyabrın 2-də sahibkarlar və müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə «Sahibkarlığın güzəştli kreditləşdirilməsində yeni qaydalar» mövzusunda keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib ki, bunun da 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Artıq sahibkarlıq subyektlərinə 113,1 milyon manat güzəştli kredit verilib.

Bildirilib ki, güzəştli kreditlərdən daha səmərəli istifadəsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50.001 manatdan 1.000.000 manatadək artırılıb.