Vergiler.az

Hər bir sahibkar dövlətin iqtisadi maraqlarının qorunmasında fəal olmalıdır

 

İnşaat materiallarının satışı ilə məşğul olan vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilir

 

Vergilər Nazirliyinin həyata keçirdiyi vergi siyasətinin əsas istiqamətlərindən olan vergilərin məcburi yığılmasından könüllü əməletməyə keçidin sürətləndirilməsi ilə yanaşı, vergi yoxlamalarının səmərəliliyinin artırılması, sahibkarlar tərəfindən aparılan əməliyyatların tam həcmdə və düzgün bəyan olunması yolu ilə şəffaflığın təmin edilməsidir. Bunun üçün sahibkarlardan  öz uçot sistemlərini formalaşdırmaları tələb olunur. Bu istiqamətdə müəyyən müsbət nəticələr əldə olunsa da, hələ də bəzi şəxslər vergi orqanlarında uçota durmadan fəaliyyət göstərməyə davam edirlər. Qanunsuz sahibkarlığın bir forması olan belə hallar, qanun pozuntusu olmaqla bərabər, ədalətli rəqabət mühitinin pozulmasına, dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına səbəb olur.

 

Hazırda vergidən ən çox yayınma hallarına inşaat materialları və iri ticarət yarmarkalarında rast gəlinir. Araşdırmalar göstərir ki, iri dövriyyəyə malik satış yerlərində, inşaat materialları bazarında fəaliyyət göstərən sahibkarların böyük bir qisminin uçot-mühasibat işləri yerində deyil. Qeyd edilən sahə üzrə aparılan monitorinqlər də onu deməyə əsas verir ki, bir çox təsərrüfat subyektləri vergi yoxlamalarının sayının azaldılmasından və müvafiq qanunvericiliyin kifayət qədər yumşaq olmasından sui-istifadə edərək, vergi orqanlarında uçota durmadan vergiləri dövlət büdcəsinə ödəməkdən yayınırlar. Bu cür vəziyyət isə təbii ki, vergi orqanlarının öz vəzifə və səlahiyyətləri daxilində ciddi tədbirlərin görülməsini zəruri edir.

Bu məqsədlə Vergilər Nazirliyi inşaat-tikinti materiallarının daha çox satıldığı yerlərdə - Ziya Bünyadov prospekti, 2095-2096-cı məhəllə, «Dərnəgül» və «Baksol» adlanan ərazilərdə sahibkarlıq fəaliyyətinin vergi qanunvericiliyinə uyğun təşkilinin qaydaya salınması ilə bağlı müvafiq qərar qəbul edib. Nazirlik tərəfindən təsdiq edilmiş «İnşaat materialları bazarlarında vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma və vergidənyayınma hallarının qarşısının alınması ilə bağlı Tədbirlər Planı»na və «İnşaat materialları bazarında vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma və vergidənyayınma hallarının qarşısının alınması üzrə işlərin təşkilini əks etdirən Proseslər Xəritəsi»nə əsasən, qeyd olunan ərazilərdə uçot işinin təşkili işlərinə başlanılıb. Bu məqsədlə yaradılmış işçi qrupun rəhbəri Nadir Cəbrayılovun sözlərinə görə, Tədbirlər Planına əsasən, işlərin mərhələli şəkildə - hazırlıq, ünvanlı xidmət-məlumatlandırma, uçota alınma, vergi öhdəliklərinin müəyyən edilməsi və nəzarət proseslərini aparmaqla həyata keçirilməsi nəzərdə tutulub. İşçi qrupun üzvlərinə vergi uçotu ilə bağlı ərizələrin və digər sənədlərin yerində qəbulu, vergi öhdəliklərinin müəyyənləşdirilməsi və vergi borclarının alınması, vergi nəzarəti tədbirlərinin keçirilməsi, vergi ödəyicisinin baza məlumatlarına baxmaq, özünün və ya təsərrüfat subyektinin uçotda olub-olmamasını müəyyənləşdirməklə yanaşı, uçota alınmanı təmin etmək üçün onları lazımi texniki vasitələr və ləvazimatlarla (planşet, data kart, nəqliyyat, baza məlumatlarına giriş imkanı) təmin etmək səlahiyyətləri verilib

Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icrası məqsədilə departamentin əməkdaşları inşaat materiallarının satışı ilə məşğul olan vergi ödəyiciləri ilə maarifləndirici monitorinqlər keçirməyə başlayıblar. Maarifləndirici xarakter daşıyan görüşlərdə vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə riayət etmək, öz mühasibat işlərini və uçot məsələlərini qaydaya salmaq, vergi öhdəliklərini yerinə yetirmək barədə izahedici məlumatlar verilib. Bundan başqa, inşaat materiallarının satışı ilə məşğul olan sahibkarların elektron qutularına uçotun təmin edilməsi barədə məktub və bildirişlər göndərilib. Bu cür görüşlər və ödəyicilərə məlumatların elektron qaydada təqdim olunması ayın sonuna kimi davam etdiriləcək. Əsas məqsəd sahibkarlarda uçotun təşkilinin zəruriliyi barədə vərdişlərin formalaşdırılmasından ibarətdir. Maarifləndirmə və izahedici tədbirlər effekt vermədikdə isə digər vasitələrdən istifadə olunması qaçılmazdır, xəbərdarlıqlara məhəl qoymayan ödəyicilər haqqında qanunvericilik çərçivəsində müvafiq addımlar atılacaq.

Vergilər Nazirliyi sahibkarları vergi qanunvericiliyinin tələblərinə əməl etməyə, şəffaf fəaliyyətə dəvət edir. Hər bir vergi ödəyicisi dövlətin iqtisadi maraqlarının qorunmasında, büdcəyə vergi daxilolmalarının təmin edilməsində üzərinə düşən məsuliyyəti və vəzifələri dərk edərək, hər şeydən əvvəl, öz Konstitusiya borcunu yerinə yetirməlidir.


E.CƏFƏRLİ