Vergiler.az

Birgə nəzarət mexanizmitətbiq olunacaq

 

Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi arasında xarici iqtisadi fəaliyyət məsələlərinə dair informasiya mübadiləsi qurulub. Komitənin sədr müavini İqbal Babayev bildirib ki, hər iki qurum dövlət başçısının imzaladığı «İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» sərəncamına əsasən, birgə nəzarət mexanizminin tətbiqi üzrə işləri davam etdirir. Həmin istiqamətlərdən biri olan ixrac-idxal əməliyyatları məsələlərinə dair tam informasiya mübadiləsinin təmin olunması sahəsində mühüm işlər görülüb. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, Vahid Risk Platforması (VRP) -  məlumatların ötürülməsi sistemi qurulub. Sistem gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcıları və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsini təmin edir.

Hazırda malların gömrükdən keçirilməsi zamanı bütün məlumatlar Vergilər Nazirliyinə ötürülür. Gələcəkdə gömrük orqanları ilə Maliyyə Nazirliyi arasında da informasiya mübadiləsinin qurulması planlaşdırılır.