Vergiler.az

Əmanətlərlə bağlı yeni qərar qüvvəyə mindi

 

Konstitusiya Məhkəməsinin əmanətlərin sığortalanması ilə bağlı bu günlərdə qəbul etdiyi qərarı şərh edən iqtisadçı Vüqar Bayramov bildirib ki, müflis olan banklarda bonuslu əmanətlərin qorunan olub-olmaması müəyyənləşdirilən zaman qorunan faizlərin hesablanmasında problemlər olduğu üçün bu sahəyə konkret aydınlıq gətirilməsinə ciddi ehtiyac vardı: «Əmanətçilərin bir qismi öz qorunan əmanətlərini ala bilmirdilər. Daha çox əmanət cəlb etmək üçün keçirilən bonus kampaniyaları qorunan əmanətlərə də aid edilirdi. Əmanətlərin Sığortalanması Fondu isə bankların ödədiyi bonusun faiz dərəcələrinə daxil edilib-edilməməsi barədə qərar verə bilmədiyi üçün bəzi əmanətlər qorunmayan hesab olunurdu və nəticədə vətəndaş öz pulunu geri ala bilmirdi. Tutaq ki, müflis olmuş bank 15 faizlə qorunan manat əmanəti qəbul edir və əlavə olaraq illik 2 faiz bonus ödəyir. Bu halda sual yaranırdı ki, həmin əmanətin faizi 15-dir, yoxsa 17? Belə çıxır ki, 15 faiz sığortalanandır, 17 faizli əmanət isə qorunmur. Konstitusiya Məhkəməsinin sonuncu qərarına əsasən, bundan sonra əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilməyəcək. Bu isə o deməkdir ki, 2 faiz bonus olan maksimum sığortalanan faizlə cəlb edilən əmanət müqavilələrində divident faizi 17 yox, 15-dir. Yəni həmin əmanətlər qorunur və geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsinin bu qərarı bütünlüklə əmanətçilərin xeyrinədir və  yeni sənəd indiyədək mövcud olan anlaşılmazlıqlara son qoyub».

İqtisadçı onu da qeyd edib ki, bonuslar səbəbindən əmanətlərini ala bilməyən əmanətçilər son qərardan sonra öz vəsaitlərini Əmanətlərin Sığortlanması Fondundan geri ala bilərlər. Söhbət milyonlarla manatla ifadə olunan əmanətlərin geri qaytarılmasından gedir.