Vergiler.az

Elektron ticarətin inkişafı istiqamətində yeni layihələr həyata keçirilir


Sentyabrın 24-25-də Bakıda keçirilən Beynəlxalq Elektron Ticarət Forumunda Azərbaycanın müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatların, kiçik və orta sahibkarlıq subyektlərinin, ictimai təşkilatların, e-ticarət və onlayn ödəniş platformalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Fondunun icraçı direktorunun müavini, BMT-nin elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupunun rəhbəri Azər Bayramov bildirib ki, forum ölkəmizdə elektron ticarət, elektron ödəniş və logistika xidmətləri, gömrük-vergi xidmətlərinin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın e-ticarət sahəsində rolunun artırılması və digər məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, bu tədbir dövlət-özəl sektor ödəniş platformalarının birgə açıq dialoqunun yaradılmasına imkan yaradacaqdır.

Yeni nəsil şəxsiyyət vəsiqələri e-ticarətin aparılmasına imkan verəcək

Rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, ölkədə internetin imkanlarının artması e-ticarətin inkişafı baxımından əlverişli şərait yaradır. Beynəlxalq elektron ödəniş strukturlarına inteqrasiya olunan Azərbaycanda elektron ticarətin həcmi ildən-ilə artır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, eləcə də bank sektorunda elektron xidmətlərin genişləndirilməsi hesabına baş verir. Nəqliyyat və telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi hesabına AzərbaycanTranzit Poçt Mərkəzinə (HUB) çevrilib. Qeyd edilib ki, yeni nəsil şəxsiyyət vəsiqələrində «elektron imza» çiplərinin yerləşdirilməsi də elektron ticarətin aparılmasına imkan verəcək.

Ölkəmizin beynəlxalq ticarət sisteminin mühüm qovşaqlarından biri kimi mühüm geocoğrafi mövqeyinə diqqət çəkən natiq, Azərbaycanın Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu qeyd edib. O, ölkəmizdə etibarlı, sürətli və təhlükəsiz nəqliyyat sisteminin yaradılması və respublika ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə infrastrukturun yenilənməsi, multi-modal logistika sistemlərinin təkmilləşdirilməsinə böyük önəm verildiyini xatırladıb.

Aİ Azərbaycanda e-ticarətlə bağlı layihələrə dəstək verir

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib ki, e-ticarət dünya iqtisadiyyatında mühüm yer tutmaqla cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilib. Avropa regionunda hər il e-ticarətin dövriyyəsi 15% artır, 2017-ci ildə bu sahə üzrə bazar əməliyyatlarının həcmi 600 milyard avro təşkil edib. Ancaq Avropa Birliyi hələ də bu göstərici ilə razılaşmır və e-kommersiyanın dövriyyəsini bir neçə dəfə artırmaq məqsədilə hər il müxtəlif direktivlər hazırlayır, bank, ödəniş strukturları və proseslə bağlı olan bütün tərəflərin birgə iştirakı ilə yeni stimullar üzərində işləyir.

Aİ ilə Azərbaycan arasında bir çox sahələrdə davam etdirilən əməkdaşlığın mühüm faydalar verdiyini diqqətə çatdıran K.Jankauskas bildirib ki, təşkilatın dəstək verdiyi layihələrdən biri rəqəmsal iqtisadiyyat quruculuğunda mühüm yer tutan elektron ticarət platformasının yaradılması və bu sahədə Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasıdır. Aİ  «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində Azərbaycanda elektron xidmətlərin və e-ticarətin inkişafı məqsədilə «Rəqəmli bazarların harmonizasiyası» layihəsi həyata keçirir. Layihəyə uyğun olaraq, qurum tərəfindən Azərbaycanda elektron gömrük (e-customs), elektron ticarət (e-commerce ) platformalarının yaradılmasına dəstək göstərilib. Aİ-nin ekspertlərinin iştirakı ilə 2017-ci ildən həyata keçirilən «Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi» layihəsi «e-imza» və «e-ödəniş» xidmətlərinin beynəlxalq standartlar əsasında texniki cəhətdən daha da inkişaf etdirilməsi, hüquqi-tənzimləyici çərçivənin təkmilləşdirilməsi və Azərbaycanın Etimad Nişanı Sisteminin yaradılmasını nəzərdə tutur.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibinin müavini İsabella Durant son illər ərzində e-ticarət bazarının sürətli dəyişikliklərlə üzləşdiyinə diqqət çəkərək dərin rəqabət mühitində müxtəlif meyillərin yarandığını, onlayn satışlar və bazar araşdırmaları sahəsində iri şirkətlərin yeni mübarizə strategiyaları yaratdıqlarını vurğulayıb.

Beynəlxalq elektron satış portalları ilə əməkdaşlıq edilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, Azərbaycan hökuməti beynəlxalq elektron ticarət sisteminə inteqrasiya olunmaq üçün məqsədyönlü iş aparır. Biznes sektorunun ixtiyarına verilmiş «Azexport.az» portalı e-ticarət üçün yaxşı fürsət yaradır. Portal «Made in Azerbaijan» brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlıq edir. İndiyədək həmin portal vasitəsilə azərbaycanlı sahibkarlar 800 milyon manatdan artıq sifarişlər alıblar.

Vüsal Qasımlı bildirib ki, dövlət başçısının imzaladığı müvafiq fərmana əsasən, yerli və xarici biznesin qlobal elektron ticarət bazarlarına çıxışının təmin edilməsi məqsədilə Azərbaycan Rəqəmsal Ticarət Qovşağı yaradılıb. Qovşaq ölkəmizdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin və e-ticarətin həyata keçirilməsinə imkan verir. Hazırda Azərbaycan e-ticarətin inkişafı məqsədilə xarici dövlətlər və beynəlxalq təşkilatlarla «e-imza»nın qarşılıqlı tanıdılması istiqamətində fəal iş aparır.

Elektron ödəniş sisteminin inkişafı vacib amildir

Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev qeyd edib ki, Azərbaycanda elektron ticarət dinamik inkişaf edir. 2016-cı ildə ölkədə elektron kommersiya dövriyyəsi 25 milyon 613 min manat, 2017-ci ildə isə 46 milyon 227 min manat təşkil edib. Amma dünya ticarəti ilə nisbətdə Azərbaycanın ticarət dövriyyəsi geridə qalır. Elektron ticarət - elektron platforma, elektron ödəniş sistemləri və logistika kimi 3 əsas meyar üzərindən inkişaf edir ki, yaranan problemlər də əsasən elektron ödəniş sistemləri ilə bağlıdır. Bu baxımdan, bazarın qloballaşması, ticarət zəncirinin, eyni zamanda bununla bağlı prosedurların mürəkkəbləşməsi gömrük sahəsində də dəyişiklikləri tələb edir.

 

Forum öz işini «Elektron ticarət üzrə strategiyanın formalaşdırılması», «Hüquqi və tənzimləyici əsaslar», «İnnovativ ödəniş həlləri», «Elektron ticarətin inkişafında ticarət logistikası» mövzularında sessiyalarda davam etdirib. Müvafiq dövlət orqanlarının, beynəlxalq təşkilatların təmsilçiləri, yerli və xarici şirkətlərin nümayəndələri sessiyalarda çıxış edərək, e-ticarətin inkişafına mane olan amillər, bu istiqamətdə motivasiyaların artırılması üçün yeni modulların tətbiqi və digər məsələlər haqqında rəy və təkliflərini bildiriblər.


Elbrus CƏFƏRLİ