Vergiler.az

Elektron ticarət platforması genişləndirilir

 

Azərbaycan və Çin birgə e-ticarət platformasının yaradılması barədə razılığa gəlib. Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının rəhbəri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyətinin «Azərpoçt» MMC-də keçirilən görüşündə bu barədə razılıq əldə olunub. Layihə çərçivəsində e-ticarət platforması üzərindən Azərbaycan vətəndaşlarına operativ xidmətlərin göstərilməsi təmin olunacaq. Çin hökuməti sifariş olunan e-ticarət mallarının bu ölkənin kuryer şirkətləri tərəfindən «Silk Way» aviaşirkəti vasitəsilə ölkəmizə gətirilməsini təklif edib.  

Azərbaycan digər dövlətlərlə və xarici şirkətlərlə e-ticarət platformasının yaradılmasını da planlaşdırır. İndiyədək İqtisadi  İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  ilə Rusiyanın «QazinformService» şirkəti, Polşanın «Asseco data Sistems» şirkəti və İsveçrənin «OrientSwiss» şirkəti arasında əməkdaşlıq sazişləri imzalanıb. Məqsəd  ölkələrarası biznes əlaqələrinin yaxşılaşdırılmasına, Azərbaycanın iqtisadi inkişafının, e-ticarət və e-kommersiyanın inkişafının asanlaşdırılmasıdır.

Bir müddət əvvəl Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ümumdünya Kiçik və Orta Sahibkarlıq Forumu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, ölkəmizə məxsus kiçik və orta sahibkarlıq subyektləri öz məhsullarını «SME.market» platforması vasitəsilə elektron ticarət vasitəsilə sata bilirlər. Hazırda pilot layihə əsasında həyata keçirilən «SME.market» e-ticarət platforması yaxın müddətdə geniş ticarət şəbəkəsinə çevriləcək. Birgə əməkdaşlığa əsasən, «SME.market» ilə Azərbaycanda fəaliyyət göstərən e-ticarət platforması - «Azexport» arasında da əlaqə yaradılacaq. Bununla da yerli məhsulların xarici bazarlara çıxış imkanları bir qədər də genişlənəcək. Sahibkarlar əlavə vaxt itirmədən daha böyük həcmdə sifarişlərin icrasını həyata keçirə biləcəklər. Kiçik və orta sahibkarların bu proqramdan rahatlıqla istifadə etmələri üçün tezliklə e-ticarətdən istifadə qaydalarına dair hər üç ölkədə təlimlərə start veriləcək.

Yaxın vaxtlara belə bir platformanın Azərbaycan, Rusiya və Türkiyə iş adamlarının iştirakı ilə yaradılması da nəzərdə tutulur. Regionda birgə geniş iqtisadi proqramlar, layihələr həyata keçirmək məqsədilə həmin ölkələrin iş adamları iqtisadi sahələrdə birgə fəaliyyət üçün TAR (Türkiyə, Azərbaycan, Rusiya) formulu yaratmaq təklifini irəli sürüblər. Üçtərəfli əlaqələrin inkişafına xidmət edəcək bu konsepsiya, həmçinin, Türkiyə və Rusiyadan informasiya texnologiyalarının transferi yolu ilə Azərbaycanda iqtisadi dəyəri olan böyük layihələrin həyata keçirilməsini nəzərdə tutur.