Vergiler.az

AİB-dən maliyyə dəstəyi

 

Asiya İnkişaf Bankı (AİB) 2019-cu ilin ortalarınadək Azərbaycan üzrə yeni strategiyanın hazırlanmasını başa çatdıracaq. 2019-2023-cü illəri əhatə edən strategiyanın əsas istiqamətləri müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsini nəzərdə tutur. Bankın açıqladığı məlumata əsasən, 2019-2021-ci illərdə Azərbaycandakı müxtəlif infrastruktur və qeyri-neft sahələrinə 815 milyon dollar kreditin ayrılması nəzərdə tutulur.

AİB-in iqtisadçısı Albert Lov bildirib ki, Azərbaycan hökumətinin son illərdə həyata keçirdiyi islahatlar qeyri-neft sektorunun artımına təkan verib və bank qarşıdakı illərdə əsas diqqəti həmin sahəyə investisiya qoyuluşuna yönəldəcək. Eyni zamanda, respublikamızda aparılan institusional islahatlar, o cümlədən büdcə-fiskal-vergi sahəsində həyata keçirilən tədbirlər əməkdaşlığın əsas prioritetlərini təşkil edəcək.

 Azərbaycanın Strateji yol xəritələri çərçivəsində icra olunan layihələrin maliyyələşdirilməsi də strategiya sənədində öz əksini tapacaq. Bundan başqa, AİB ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına da maliyyə dəstəyi göstərmək niyyətindədir. Xüsusilə də kiçik biznesin kreditlərə əlçatanlığının təmin olunmasında institusional islahatlara dəstək veriləcək.