Vergiler.az

Yeni biznes modeli layihəsi

 

Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) fəaliyyətinin stimullaşdırılması, maliyyə vəsaitləri ilə təmin olunmasının yaxşılaşdırılması hazırda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»ndə sahibkarlığın müasir modellərinin hazırlanması və səmərəli mexanizmlərin tətbiqi ilə bağlı müvafiq iqtisadi qurumlar, bank, maliyyə-kredit təşkilatları qarşısında vəzifələr müəyyən edilib. Eyni zamanda, sahibkarların iqtisadi təşkilatları və assosiasiyaları ilə birgə layihələrin hazırlanaraq həyata keçirilməsi qarşıya məqsəd qoyulub.

 

KOS-un maliyyə təminatının yaxşılaşdırılması məqsədilə...

«İqtisadi resursların öyrənilməsi» İctimai Birliyi tərəfindən hazırlanmış «Regionlarda sahibkarlığın biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili» layihəsi də KOS-un inkişafı ilə bağlı prioritetləri özündə əks etdirir. Birliyin sədri Ruslan Atakişiyevin sözlərinə görə, «Birgə biznes modeli» adlandırılan yeni layihədə sahibkarlığın, xüsusilə regional sahibkarlığın maliyyə təminatının təkmilləşdirilməsi, bu istiqamətdə məqsədli dövlət maliyyələşməsi ilə yanaşı, alternativ maliyyə mənbələrinin daha da aktivləşdirilməsi,  kiçik və orta sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması, kreditlərin sığortalanması mexanizminin hazırlanması, stimullaşdırma məqsədilə tarazlı vergi, gömrük, tarif siyasətinin həyata keçirilməsi, sahibkarların ixrac imkanlarının genişləndirilməsi üçün mütəmadi tədbirlərin davam etdirilməsi ilə bağlı mühüm istiqamətlər müəyyən edilib.

Strateji hədəf kiçik və orta sahibkarlığın ÜDM-də payının əhəmiyyətli dərəcədə artırılmasına nail olmaqdır.  Layihəyə əsasən, kiçik və orta təsərrüfat sahibləri arasında birgə istehsal-ixrac və satış əlaqələrinin genişləndirilməsi və bu məqsədlə dünya praktikasında müvəffəqiyyətlə tətbiq edilən təşkilati formalardan olan birgə biznes modelinin yaradılması nəzərdə tutulur. Yeni layihə müvafiq iqtisadi qurumlar, o cümlədən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi tərəfindən müsbət qarşılanıb.

 

Biznes modelinin üstünlükləri

«Birgə biznes modeli»nin formaları və üstünlükləri barədə fikirlərini bildirən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev hesab edir ki, hazırda kiçik və orta biznes sahiblərinin böyük əksəriyyətinin əsas problemlərindən biri maliyyə vəsaitləri ilə təminatının zəif olmasıdır. Kiçik sahibkar fərdi şəkildə bankdan və yaxud kredit təşkilatından kredit əldə etməkdə çətinlik çəkir. KOS subyektləri üzrə risk faktorunun yüksək olması onların maliyyə resurslarına çıxış imkanlarını məhdudlaşdırır. KOS-un maliyyə kanallarına diversifikasiyası üçün zəruri amillərdən biri sahibkarların mal və avadanlıqlarını daşınar əmlak qismində girova qoymasıdır. Bu məqsədlə bir neçə sahibkarın birləşərək böyük dəyərə malik girov qoyması irihəcmli maliyyənin əldə olunmasına imkan verə bilər. Bu isə onların birgə iri layihələr həyata keçirməsi və daha yüksək gəlir əldə etməsi deməkdir. Yəni birgə biznes sahibkarların həm istehsala və xidmət sahələrinə sərmayə qoyuluşunu asanlaşdırır, həm də gəlirliliyini yüksəldir.

R.Fətullayevin dediyinə görə, «Birgə biznes modeli»nin müxtəlif təşkilati-hüquqi forması vardır. Sahibkarlar həm hüquqi şəxs yaratmadan, həm də hüquqi şəxs yaradaraq birgə fəaliyyət göstərə bilərlər. Birgə fəaliyyətin əsas növləri isə Tam  Ümumi Ortaqlıq (TO), Məhdud Məsuliyyətli Ortaqlıq (MMO) və Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC). TO formasında birləşən sahibkarlar müəssisənin öhdəlik və kapitalı üzrə məsuliyyəti tam daşıdığı halda, MMO-da tərəflər müəssisənin fəaliyyəti ilə bağlı məsuliyyət daşımır və yalnız razılaşma əsasında ortaq olurlar. Ən geniş yayılmış MMC-də isə tərəflər şirkətin sahibləri kimi eyni məsuliyyət daşıyırlar.

«Birgə biznes modeli»ndə tərəflər ortaqlıq, təsisçi və birgə fəaliyyət haqqında müqavilə imzalamaqla kiçik biznesdən daha iri biznesə doğru addım atırlar. Bu  biznesin üstünlükləri isə bilik və bacarıqların, idarəçilik qabiliyyəti və imkanlarının birləşdirilərək daha yaxşı və çevik qərarların qəbul edilməsi, bununla da biznesin idarə olunmasında səmərəliliyin artmasıdır.

 

Vergi məsələləri...

Məlum olduğu kimi, kiçik və orta biznes təmçilçiləri əsasən sadələşdirilmiş vergi ödəyiciləridir. Onlar birgə biznesdə təmsil olunduqları zaman maliyyə əməliyyatlarının həcminin artması labüddür. Belə olan halda, «Birgə biznes modelində vergi məsələləri necə tənzimlənməlidir? Mühasibat və audit üzrə mütəxəssis Mehdi Babayevin sözlərinə görə, KOS subyektlərinin birləşərək yeni təşkilati formada təmsil olunması vergitutma və vergi öhdəlikləri ilə bağlı yeni münasibətlərin yaranmasına gətirib çıxarır. Vergi  Məcəlləsinin 103.2 maddəsinə görə, fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəslin məqsədləri üçün ona müəssisə kimi baxılır. Eyni zamanda, Vergi Məcəlləsinin 137-ci maddəsinə əsasən (birgə fəaliyyətdən gəlirin bölüşdürülməsi), hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər həmin fəaliyyətdən əldə etdikləri birgə gəliri (bu fəaliyyətlə bağlı birgə xərci çıxmaqla) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən gəliri bu fəaliyyətin iştirakçıları arasında bölürlər. Yəni, onlar ƏDV ödəyicisi hesab edilirlər: «Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyd olunub ki, vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Həmçinin, onlar əmlak vergisinin ödəyicisi də ola bilirlər. Vergi Məcəlləsinin 197.2-ci maddəsinə əsasən, vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri həmin vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə bu fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən edilmiş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir».

Mütəxəssis hesab edir ki, KOS subyektləri «Birgə biznes modeli» əsasında birləşdiyi halda, yaranan vergi öhdəliyi onlar üçün vergi yükünün bir qədər artmasına gətirib çıxara bilər. Ona görə də hökumətin KOS sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi çərçivəsində bu məsələyə də baxması zərurəti meydana çıxıb. Maliyyə və uçot sahəsində öhdəliklərə gəlincə, yeni modelin tətbiqi həmin sahədə yeni tələblər ortaya qoymur. Çünki milli mühasibat uçotu və mühasibat uçotunun beynəlxalq standartları uçot işinin təşkili üçün kifayət qədər hüquqi əsaslar yaradır.

 


Elbrus CƏFƏRLİ