Vergiler.az

Elektron ticarətin vergiyə cəlb olunması

 

İstər beynəlxalq təcrübədə, istərsə də Azərbaycanda yeni bir məfhum olan elektron ticarətin vergiyə cəlb olunması anlayışı bu gün də aktual məsələlərdəndir. Mövzunu «Baker Tilly» şirkətinin vergi və hüquq məsələləri üzrə partnyoru Nərmin Hacıyeva şərh edir.

 

Mövcud hüquqi şərtlər

Xarici dövlətlərin təcrübəsində ticarət məcəlləsi, ticarət normaları deyilən bir akt mövcuddur. Azərbaycanda qəbul edilmiş «Elektron ticarət haqqında» Qanunda qeyd olunub ki, e-ticarət satıcıları vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar. Lakin buna nə dərəcədə əməl olunduğunu müəyyənləşdirmək, e-ticarət satıcıları virtual olaraq elektron portallar vasitəsilə əməliyyat apardıqları üçün onların əməliyyatlarını, dövriyyəsini, qeydiyyata alınıb-alınmadıqlarını izləmək inzibatçılıq baxımından çətinlik yaradırdı.

2016-cı ilin avqust ayında Azərbaycan Prezidentinin sərəncamı ilə vergi sahəsində bir sıra islahatların istiqamətləri müəyyənləşdirildi və onlardan biri də beynəlxalq təcrübədə rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması məsələlərinin öyrənilməsi və bu mexanizmlərin qanunvericiliyə daxil edilməsi idi. Vergi Məcəlləsinə edilən müəyyən dəyişikliklər arasında rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunmasında əsas iki məsələ - ödəmə mənbəyində verginin tutulması (10%) və ƏDV-nin (18%) tətbiq edilməsi mexanizmidir.

 

Təcrübədə rast gəlinən çətinliklər

Vergi Məcəlləsində ödəmə mənbəyində verginin tutulması üzrə müddəaya diqqət yetirsək, bu tətbiqin xarici e-pul kisəsinə pulların qoyulması, transfer edilməsi ilə bağlı olduğunu görərik. Xarici e-pul kisəsinə transfer edilən istənilən maliyyə vəsaitinin sonrakı taleyi və təyinatı barədə məlumat əldə etmədən köçmə anında 10% dərəcə ilə ödəmə mənbəyindən vergi tutulur. Burada əsas məsələ hər iki verginin tutulması öhdəliklərinin bankların üzərinə qoyulmasıdır. Bu, satıcı-sahibkarın alıcı-istehlakçıya olan münasibətdə əməliyyatlarını tənzimləyir. Alıcı-istehlakçı isə qeydiyyata alınmayan şəxsdir. Vergi Məcəlləsində vergi ödəyicisi kimi qeydiyyata alınan şəxslərin, qeyri-rezidentin ƏDV ilə bağlı ödəmə mənbəyindən tutulan vergi ilə bağlı öhdəlikləri var və normal qaydada işlək mexanizmləri mövcuddur.

Vergi Məcəlləsinə görə, qeyri-rezident e-ticarət satıcıları Azərbaycan Respublikası alıcılarına iş və xidmət təklif edərkən 18% dərəcə ilə ƏDV-yə cəlb olunurlar. «Elektron ticarət haqqında» Qanuna edilən dəyişikliklərdə qeyd olunub ki, buraya informasiya portallarının, informasiya sistemlərinin internetdən istifadə etməklə təqdim etdiyi iş və xidmətlər daxildir. Xüsusən e-kitabların, musiqinin, video-audio materialların, qrafik təsvirlərin və virtual oyunların yüklənməsi kimi əməliyyatlar və xidmətlər də 2017-ci ilin əvvəlindən e-ticarət qaydasında təqdim edilən iş və xidmətlər sayılır.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikası ərazisində bu məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət güstərirsə və ya iş görürsə (elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlə­ri­nin və aviabiletlərin sifarişi üzrə xid­mətlər istisna olmaqla, işlərin görülmə­si və xidmətlərin güs­tərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və xidmətlərin gös­tərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

E-ticarət üzrə qeyri-rezidentin əməliyyatlarının ƏDV-yə cəlb olunması ilə bağlı diqqət yetirməli olduğumuz digər iki məqam isə bundan ibarətdir ki, alıcı vergi ödəyicisi olmadıqda ödənilən məbləğ Azərbaycan Respublikası tərəfindən alıcının vəsaiti hesabına tutulur. Son nəticədə qeyri-rezident satıcı göstərdiyi xidmətə görə hər hansı bir dəyər formalaşdırırsa, həmin dəyəri - xidməti təklif edirsə, bu, son nəticədə qeyri-rezidentə çatır. Dəyərin üzərindəki məbləğ, 18%-lik ƏDV isə Azərbaycan Respublikasının alıcısının, istehlakçısının vəsaiti hesabına tutulur. Bu isə o deməkdir ki, istənilən vətəndaş bu gün plastik kart vasitəsilə 10 ABŞ dolları dəyərində hər hansı elektron kitab yükləmək istəyərsə, onun hesabından tutulacaq məbləğin üzərinə ƏDV də əlavə ediləcək.

Qeyd olunan məbləğlər bank tərəfindən hesablansa da, bu məbləğlər hər hansı formada əvəzləşdirilə bilməz. Məlumdur ki, ƏDV əvəzləşdirilə bilən vergi növüdür və bununla bağlı qanunvericilikdə konkret müddəalar var. Bu məbləğlər isə bankların öz fəaliyyəti ilə bağlı olan məbləğlər deyil. Bunlar sırf bankların vasitəçi olduğu, hesabladığı və tutduğu məbləğlərdir ki, bu və ya digər şəkildə bank fəaliyyəti ilə əlaqəli olmadığı üçün onların əvəzləşməsinə imkan yoxdur.

 

Onlayn sifarişlə gətirilən telefonlara verginin tətbiq olunması

Vergi Məcəlləsinə görə, malların elektron ticarət qaydasında alışı zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tutulmur.

«Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları» fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbay­can Respublikası gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

 

Fəxriyyə İKRAMQIZI