Vergiler.az

Qarşılıqlı şəkildə tətbiq edilən əlavə vergilər münasibətləri gərginləşdirir

 

ABŞ  ilə Avropa İttifaqı ölkələri, eləcə də Türkiyə və Çin arasında bəzi mallara əlavə idxal rüsumlarının tətbiqi artıq dünyanın iqtisadi tarazlığına öz təsirini göstərməkdədir. Bunun təzahürlərindən biri də tətbiq olunan əlavə vergilərin avtomobil sənayesinə öz təsirini göstərməyə başlamasıdır. ABŞ dövlətinin sanksiyalarına cavab olaraq Türkiyənin ABŞ-da istehsal edilən modellər üçün əvvəlcə 60, sonra isə 120 faiz əlavə vergi tətbiq etməsi ən çox BMW-nin bahalı modellərinin və «Tesla» avtomobillərinin idxalına təsir göstərmişdir.  

Vergilər yüksək olduğuna görə «Borusan Oto» şirkətinin idxal etdiyi BMW-nin X modellərinin qiymətləri 2,5 milyon lirəyə qalxmış, sifarişlər ləğv edilmiş və idxal əməliyyatları dayandırılmışdır. Elektriklə işləyən və Türkiyədə rəğbət görməyə başlayan ABŞ mənşəli «Tesla» avtomobili üçün sifarişlər də eyni şəkildə dayandırılmış, avtomobillər sərhəd gömrük məntəqələrindən istehsalçıya qaytarılmışdır. 

Türkiyədə istehsal edilən «Toyota», «Ford» və «Fiat» markalı avtomobillərin ABŞ-a ixracı isə hələlik problemsiz şəkildə davam edir. Keçən il Amerikaya Türkiyədən 1,4 milyard dollar dəyərində avtomobil ixrac edilmişdir. Bu sektorun təmsilçiləri Türkiyədən gətirilən avtomobillərə ABŞ-da əlavə vergi qoyulacağını gözləmədiklərini və buna görə də ixracatda ciddi geriləmə olmayacağını proqnozlaşdırdıqlarını bildirmişlər.

Çinlə ABŞ arasındakı gərginlik də getdikcə artmaqdadır. Donald Tramp avqustun 23-dən 16 milyard dollar dəyərində Çin məhsullarına əlavə gömrük vergisi tətbiq etmişdir: artıq Çindən idxal edilən yarımfabrikat məhsullar, motosikletlər və elektriklə işləyən motorollerlər kimi ümumilikdə 279 adda məhsul üçün əlavə 25 faizlik gömrük vergisi tutulur. ABŞ-ın bu qərarına cavab olaraq Çin Dövlət Şurası da eyni addımı atacağını bildirmişdir. ABŞ-dan Çinə gətirilən 16 milyard dollar dəyərində neft və polad məhsulları, avtomobillər və təbabət məhsulları üçün eyni vergi tətbiq ediləcək. 

Çinin ticarət naziri Zonq Şan isə hökumət adından açıqlama verərək ABŞ-ın yeni gömrük vergilərinə «tərəddüdsüz şəkildə qarşı olduğunu», öz ölkəsinin bu məsələ ilə bağlı Dünya Ticarət Təşkilatına şikayət edəcəyini, eləcə də ABŞ-ın hərəkətlərinə eyni şəkildə cavab veriləcəyini bildirmişdir.