Vergiler.az

Amerikalı sahibkar qadınlar iqtisadi vəziyyətə nikbin yanaşırlar

 

ABŞ-da bizneslə məşğul olan qadınların sayı getdikcə artır. İndi ölkədə 12 milyondan artıq müəssisəyə qadınlar rəhbərlik edir. Kiçik Biznes Assosiasiyasının məlumatına əsasən, bu müəssisələrin yaratdığı illik satış həcmi 2,4 trilyon dollara çatır. «Bank of America»nın apardığı sorğunun nəticələrinə görə, müəssisə rəhbəri olan qadınların 58 faizi gələn il də gəlirlərinin artacağını gözləyirlər.  Keçən il isə sorğuda nikbinlik nümayiş etdirənlərin nisbəti bundan az - 44 faiz olmuşdu.

Rəyi soruşulmuş qadın biznes rəhbərlərinin yarıdan çoxu qarşıdakı beş il ərzində öz bizneslərini genişləndirməyi planlaşdırır, 20 faizdən çoxu isə gələn il muzdla işə cəlb edilən işçilərin sayını artırmaq niyyətindədir. Sorğuda iştirak edənlərin yarısı regionlardakı iqtisadiyyatın da milli iqtisadiyyatla eyni səviyyədə inkişaf edəcəyinə inandığını qeyd etmişdir.

Qadınlar öz fəaliyyətlərində müasir texnologiyaların tətbiqinə də münasibət bildirmişlər. Onların 33 faizi müxtəlif mobil ödəniş sistemlərindən böyük həvəslə istifadə edirlər. Kişilər arasında isə bu göstərici 28 faiz təşkil edir. Bundan əlavə, sahibkar qadınlar 3D çapı, virtual gerçəklik kimi qabaqcıl texnologiyaları fəal şəkildə  mənimsəyirlər. Qadınlardan 70 faizinin rəyinə əsasən, texnologiyalar onlara biznes fəaliyyətində nailiyyət qazanmağa yardımçı olur.

Ümumilikdə  nikbin mövqe nümayiş etdirdiklərinə baxmayaraq, amerikalı qadınların, demək olar ki, hamısı bir fikirdə həmrəydirlər: ABŞ-da qadınların biznesə başlaması kişilərlə müqayisədə daha çətindir. Onların qarşılaşdıqları ən böyük çətinlik başlanğıc kapitalı əldə etmək üçün bankda  hesab açdırmaqdır. Qadınların təqdim etdikləri biznes planları daha dəqiqliklə yoxlanılır. Bundan əlavə, biznesə başlayan qadınları biznes təlimlərinə daha çox  göndərirlər. 

Başqa bir ümumi rəy isə bundan ibarətdir ki, ABŞ-da son 20 ildə ümumilikdə biznes dairələri və kişi sahibkarlar qadın həmkarlarına daha təmkinli və hörmətlə yanaşırlar.